Vətən doğulduğun yerdən başlayır...

 

Müzəffər Ordumuz 27 illik yurd həsrətinə son qoyur

 

Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarının bir hissəsi rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olunub. Sentyabrın 27-dən başlayan Vətən müharibəsində Ordumuz tərəfindən düşməndən təmizlənən şəhər, qəsəbə və kəndlər tezliklə öz sahiblərinə qovuşacaq. 27 illik yurd həsrəti bitir...

 

Cəbrayıl rayonunun Nüzgar kəndinin işğaldan azad edilməsi xəbərinə sevinən Abbasovlar ailəsi də müvəqqəti məskunlaşdığı Şəmkir rayonundan öz doğma yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyir.

 

Ailənin başçısı Tərxan Abbasov Şəmkirdə məskunlaşdığı gündən öz əlləri ilə burada bağ salıb. Bununla özünə sanki bir təsəlli verib. İndi isə doğma Nüzgar kəndindəki həyətində bağ-bağça salmağı arzulayır: “Vətən doğulduğun yerdən başlayır. Hər gün gözləmişik ki, doğma Cəbrayıla qayıdacağıq. Sevinirəm ki, ata-babalarımızın qəbrini ziyarət edə biləcəyik. Torpağımızı dirçəltməyə qayıdırıq”.

 

84 yaşlı Seyran nənə də Nüzgarın işğaldan azad olunması xəbərinə hamıdan çox sevinənlərdəndir. O, uzun illərdir gözünün yolda olduğunu, bu günü səbirsizliklə gözlədiyini söyləyib. “Allah Ordumuza qüvvət versin, dövlətimiz sağ olsun. Evimizə qayıdaq, yurdumuzu görək”, - deyə o bildirib. 

 

Böyüklər kimi ailənin kiçikyaşlı üzvləri də doğma kəndlərinə qayıdacaqları günə kökləniblər.

 

***

 

Cəbrayılın düşmən tapdağından azad edilən Papı kəndi sakinlərinin də uzunillik nisgilinə son qoyulur. İndi böyükdən-kiçiyə hər bir sakin öz doğma kəndinin yağıdan qurtulmağına sevinir. Uzun illərdir Biləsuvardakı köçkün qəsəbəsində məskunlaşan Papı sakinləri bir an öncə doğma kəndlərinə qayıtmağı gözləyirlər. Sakinlərdən İmarət Şərifova bildirib ki, yurdlarından didərgin düşsələr də, dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar: “Lakin 27 ildir ki, Vətən həsrəti ilə yaşayırdıq. Kəndimizin azad olunması sevinci bu illər ərzində çəkdiyimiz iztirabı bir anda sildi. Bizim cavanlığımız, gəncliyimiz Papıda keçib. Balaca kənd olmasına baxmayaraq, çox gözəl təbiətə malikdir. Müzəffər Ali Baş Komandanımıza və şanlı Ordumuza təşəkkür edirik ki, bizə bu sevinci yaşatdılar”.

 

İmarət nənənin nəvələri də tezliklə Papıya yola düşməyi arzulayır, öz kəndlərində yaşamaq, oxumaq istəyirlər.

 

***

 

Füzuli şəhəri və rayonun 30-a yaxın kəndinin azad edilməsi uzun illərdir doğma yurd nisgili çəkənlərin böyük sevincinə səbəb olub. 27 ildir Masallı şəhərinin Seybətin yaşayış massivində məskunlaşan Əliyevlər ailəsi də qələbə sevincini yaşayır. Rəşadətli Ordumuzun gücü sayəsində onların da doğma kəndi – Qərvənd işğaldan azad edilib. 46 yaşlı Oruc Əliyev ötən günləri xatırlayaraq deyib: “Bura da bizim üçün Vətəndir. Masallılılar, seybətinlilər də bizə doğmadır. Az müddət deyil. Neçə illərdir ki, bu səmimi, qayğıkeş insanlara qaynayıb-qarışmışıq. Onlardan ayrılmaq bizim üçün çətin olacaq. İki qardaşım və mən burada ailə həyatı qurmuşuq. Hər birimiz üç övlad atasıyıq. Atam 2009-cu ildə dünyasını dəyişdi, elə burada da dəfn elədik. Füzlinin ab-havası ilə yaşayırdı və inanırdı ki, ora qayıdacağıq. Prezidentimiz elan eləyəndə ki, torpaqlarımızın bəzi hissələri azad olunub, atamın qəbrini ziyarət etdim, dedim, ata, ruhun şad olsun, o gün yetişdi”.

 

İndi ailənin ən böyük arzusu doğma Füzuliyə – Qərvəndə qayıtmaqdır: “Məcburi köçkün statusundan qurtulduq, gələcək nəslə deməyə sözümüz var: biz qələbə çaldıq. Azərbaycanın hər yeri torpağımızdır. Lakin uşaqlıqdan hər cığırına bələd olduğum o ərazilərə getmək üçün səbirsizlənirəm. Hər kəsə doğulub boya-başa çatdığı yurdu əzizdir, əvəzedilməzdir”.

 

***

 

28 ildən sonra doğma yurdlarının işğaldan azad olunmasının sevincini Xocavənd rayonunun Günəşli kəndinin sakinləri də yaşayırlar. Günəşli sakinləri indi uzun illərdir həsrətində olduqları kəndlərinə qayıdacaqları günü gözləyirlər.

 

Kənd sakini Şakir Balakişiyev Xocavənd rayonunda keçən gənclik illərinin ən gözəl xatirələr kimi yaddaşına həkk olunduğunu deyib: “Kəndimiz işğal olunanda 28 yaşım var idi. Gəncliyim o gözəl yerlərdə keçib. Həmin illər yaddaşımda ən gözəl xatirələrlə qalıb. Uzun illərdir doğma yurdumuzun həsrəti ilə yaşayırıq. Artıq bu həsrətə son qoyulur. Bizim kəndimiz də düşmən tapdağından azad edilib. Səbirsizliklə gözlədiyimiz bu xəbəri eşidəndə bayram elədik. Sevinirəm ki, övladlarımla ata yurduma qayıdacağıq, nəvələrim o torpaqlarda böyüyəcək. Bu sevinci bizə bəxş edən Prezidentimizə minnətdaram”.

 

Ailənin xanımı Nuriyə Balakişiyeva dövlətimizin məcburi köçkünlər üçün yaratdığı şəraitdən razılıqla danışsa da, hər zaman ən böyük istəklərinin doğma yurdlarına qayıtmaq olduğunu bildirib: “Dövlətimiz bizim üçün gözəl şərait yaradıb. Lakin biz hər zaman öz yurdumuza qayıtmaq istəmişik. Bu gün çox sevinirik. Müzəffər Ali Baş Komandanımız, şanlı Ordumuz sayəsində arzumuz gerçəkləşir. Oğlum da hazırda cəbhədə torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdədir. Ən böyük arzum odur ki, oğluma doğma kəndimizdə toy edək. Bundan sonrakı həyatımızı kəndimizdə keçirək”.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2020.- 4 noyabr.- S.4.