Zəngin tarixə malik
Füzuli abidələri: Qarğabazar
məscidi və Azıx mağarası
Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik bölgələrindən biri də Füzulidir. Bölgənin tarixinin qədimliyini qalalar, qədim insan məskənləri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi mədəniyyət abidələri və nümunələri, qədim sikkələr, məişət əşyaları, həmçinin Orta əsrlərə aid memarlıq tikililəri və s. sübut edir. Rayonun ərazisi Antik və sonrakı dövrlərə aid çoxlu sayda maddi mədəniyyət qalıqları, tarixi abidələrilə zəngindir. Qarğabazar kəndi də belə tarixə malik yurd yerlərimizdən biridir.
Oktyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş Qarğabazar kəndinin adı Orta əsrlərlə bağlı qaynaqlarda “Qarğabazarı” yazılıb. Bu kəndin adına Osmanlı qaynaqlarında da rast gəlinir. Qarğabazar kəndi İbrahimxəlil xanın böyük oğlu Məmmədhəsən ağa Cavanşirin idarəçiliyində olub, sonra isə onun oğlu Cəfərqulu xan idarə edib. Kəndin adının mənşəyi ilə bağlı bir çox rəvayətlər və fikirlər söylənilir. Deyilənə görə, burada böyük bir bazar olub və həddən artıq səs-küylü olub. Elə bu səbəbdən də həmin yerə gəlmiş tacirlər kəndin adını “Qarğalıbazar” adlandırıblar. Əlbəttə, bu, rəvayətdir. Əslində isə kəndin adının Qarqar tayfaları ilə əlaqələndirilməsi daha düzgün variantdır.
Bu fikirləri Bakı
Dövlət Universitetinin
professoru, tarixçi alim İbrahim Zeynalov söyləyib. O bildirib
ki, Qarabağ bölgəsində, o cümlədən
Füzuli rayonunun ərazisində çoxlu
sayda məscidlər
var. Qarğabazar kəndində
yerləşən eyniadlı
məscidin tarixi qədimdir. El arasında
bu, Şah Abbas məscidi kimi tanınıb, elmi ədəbiyyatlarda isə Hacı Qiyasəddin məscidi kimi öz əksini
tapıb. Məscidin
qapı çatı üzərindəki kitabədə
yazılıb: “Bu məscidi
böyük Allahın
mərhəmətli bəndəsi
Hacı Qiyasəddin tikdirib. Hicri 1095”. Bu da miladi tarixi ilə
1683-1684-cü illərə uyğundur. Tikilinin quruluşuna və
xarici görünüşünə
gəldikdə onu deyə bilərik ki, Hacı Qiyasəddin
məscidi eyvansızdır.
Tamamilə yerli daş
materialları ilə bir zaldan ibarət
tikilib. Dam örtüyü tağ-tavan
şəklindədir. Giriş qapısı nəzərə
alınmasa, burada ağac materialdan istifadə olunmayıb.
Məscid kəndin mərkəzindəki
sal qayalı təpənin üstündə
inşa edilib. Onunla eyni dövrdə (XVII əsrdə) tikilmiş karvansara isə həmin təpənin cənubunda yerləşir.
Karvansara
və məscid konstruksiyasının memarlıq
təhlili hər iki abidənin eyni memar tərəfindən
tikildiyini söyləməyə
imkan verir. Füzuli şəhərində, eləcə
də bu rayonun digər kəndlərində qədim
məscidlər çoxdur.
“Ümumiyyətlə, Füzuli bölgəsi Qarabağın qədim tarixi abidələrinin qeydə alındığı
məkandır. Dünyanın ən unikal
tapıntılarından biri
olan Azıx mağarası da bu bölgədə yerləşir. Mağara Quruçay
çayının sol sahilində
yerləşir. Azıx mağarası
Daş dövrü insanlarının yaşadığı
məskən kimi bütün dünyada məşhurdur. Mağara 1960-cı ildə professor Məmmədəli
Hüseynovun rəhbərliyi
ilə AMEA-nın Paleolit arxeoloji ekspedisiyası tərəfindən
aşkar olunub. Vaxtilə dünyanın ən qədim insanının yaşadığı bu mağaranın yerləşdiyi
Azərbaycan torpağı,
Qarabağımızın bir
hissəsi, təəssüf
ki, 1993-cü ildən
erməni faşistlərinin
işğalı altındadır.
Əminik ki, Azərbaycanın
ərazi bütövlüyünü
təmin etmək məqsədilə zəfər
yürüşünü davam
etdirən şanlı
Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə bu qədim yaşayış
məskənini də
işğaldan azad edəcək”, - deyə tarixçi alim bildirib.
Mədəniyyət.- 2020.- 4
noyabr.- S.6.