Mədəniyyət Nazirliyinin islahat strategiyasının təqdimatı keçirildi

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində islahat strategiyasına başlanılıb.

 

Oktyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin islahat strategiyasının təqdimatı keçirildi.

 

Əvvəlcə Vətən müharibəsində şəhid olan igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra Dövlət himni səsləndirildi.

 

Tədbirdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov islahatların forma və məzmun üzrə aparılacağını, mədəniyyətin müxtəlif dəyər sistemlərini özündə ehtiva etdiyini vurğuladı: “Mədəniyyət dövlətin strateji sahələrindən biridir. Mədəniyyət, həmçinin, xalqın mənəvi-ideoloji gücüdür. Bu ilin 27 sentyabr tarixinə qədərki Azərbaycan cəmiyyəti ilə bugünkü cəmiyyət çox fərqlidir. Bu da ona işarədir ki, xalq dəyərlərə nə qədər bağlı olursa, milli ruh da bir o qədər güclü olur. Hazırda Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tariximizin şanlı səhifələrini yazır, işğal altındakı torpaqlarımızı düşməndən azad edir. Ordumuzun bu uğurlarında xalqımızın ruh yüksəkliyi də mühüm rol oynayır”.

 

Bildirildi ki, islahat strategiyası Mədəniyyət Nazirliyinin tarixin yeni şanlı səhifəsinə qədəm qoymuş Azərbaycanın müasir tələb və şərtlərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Həmçinin qeyd edildi ki, yeni strategiyanın məqsədi mədəni irsimizi qoruyaraq onun müasir formalarının yaradılmasını dəstəkləmək, mədəniyyəti müstəqilliyimizin bir təzahürü kimi inkişaf etdirmək və nəticə etibarilə mədəniyyətin iqtisadi inkişafa töhfəsini gücləndirməkdir.

 

Anar Kərimov islahat qrupunun yaradılması prosesi, Mədəniyyət Nazirliyinin yeni baxışı, missiya və məqsədləri, eləcə də strateji istiqamət və prioritetlər haqqında ətraflı məlumat verdi.   

 

İslahat strategiyası müasir idarəetmə üsullarının və iqtisadi modellərinin tətbiqi, şəffaflıq və səmərəliliyin artırılması və ən əsası insan kapitalının müasir tələblərə uyğunlaşdırılması və inkişaf etdirilməsini ehtiva edir.

 

Bununla yanaşı, tədbirdə iştirak edən nazirliyin əməkdaşlarına islahat strategiyasının təfərrüatları təqdim edildi və islahatın həyata keçirilməsi üçün nazirlik daxili islahat mədəniyyətinin və islahatın idarə edilməsinin zəruriliyi diqqətə çatdırıldı. İslahatların uğuru hər bir əməkdaşın bu prosesdə fəal iştirakından asılı olduğu tədbir zamanı xüsusilə vurğulandı.

 

Qeyd edək ki, nazirlik çərçivəsində islahat prosesinin idarə edilməsi məqsədilə Rəhbər Komitə və İslahat Komissiyası yaradılıb. İslahatın ilkin mərhələsinin bir il ərzində həyata keçirilməsi nəzərdə tutulur.

 

Tədbir daha sonra çağdaş reallıqlara uyğunlaşmaq üçün islahatların vacibliyi, strateji istiqamətlər və prioritetlər, yeni yanaşmalar ətrafında fikir mübadiləsi ilə davam etdi.

 

LALƏ

 

Mədəniyyət.- 2020.- 4 noyabr.- S.3.