Nəcib, xeyirxah təşəbbüs
Siyakü kəndi füsunkar təbiəti, mehriban insanları ilə Astara rayonunda yaxşı tanınır. Kənd sakini – ixtisası rəssamlıq olan, 40 ilə yaxın rayon Mədəniyyət şöbəsində çalışan Babaş Hacıyev el-obaya daha çox xeyir verməklə insanlar tərəfindən həmişə məhəbbət və hörmətlə qarşılanır.
Üç ildir Babaş müəllim doğma kəndində şəxsi vəsaiti hesabına rəssamlıq evi təşkil edib. Burada 30-a yaxın uşaq həftədə iki gün olmaqla rəssamlıq, heykəltəraşlıq, dərzilik sənətinin sirlərinə yiyələnir. Bunların arasında fiziki qüsurlu uşaqlar da var. Hazırkı günlərdə uşaqların çəkdiyi rəsmlərin əsas mövzusu üçrəngli bayrağımız, şəhidlər və şanlı Ordumuzun əldə etdiyi zəfərlərdir. Dərzilik sənətini öyrənən qızlar isə dövlətimizin rəmzi üçrəngli bayraq tikirlər.
Babaş müəllim özü 2016-cı ilin Aprel döyüşlərinin əfsanəvi qəhrəmanı, Silahlı Qüvvələrin xüsusi təyinatlı giziri olmuş, şəhid Pəncəli Teymurovun büstünü və barelyefini hazırlayır.
O, bizimlə söhbət zamanı dedi: “Aprel döyüşlərində Ordumuzun göstərdiyi şücaət hamımıza yaxşı məlumdur. Həmin döyüşlərdə qəhrəmanlıq göstərən oğullardan biri də Pəncəli Teymurov olub. Pəncəlinin silahdaşları indi döyüşdə yeni tarix yazır. Biz dövlətimizə, Ordumuza, Ali Baş Komandanımıza dəstəyik. Vətən müharibəsində şəhid olan igidlərimiz əbədi yaşasın deyə onların şəkillərini və portretlərini hazırlayırıq, dövlətimizin rəmzi bayrağımıza olan hörmətini təqdim edirik”.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Mədəniyyət.- 2020.- 4
noyabr.- S.6.