“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir

 

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir. Layihə üzrə görkəmli ədəbiyyatşünas, maarifpərvər alim Firidun bəy Köçərli və pedaqoji elmlər doktoru, akademik, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü Mehdi Mehdizadə haqqında təqdimatlar edilib.

 

1863-cü ildə Şuşada doğulan Firidun bəy Köçərli 1885-1890 və 1893-1894-cü illərdə İrəvan gimnaziyasında ana dili, hüsnxət fənlərini tədris edib. 1895-ci ildə Qori Müəllimlər Seminariyasının tatar şöbəsinin Azərbaycan dili və şəriət müəllimi təyin edilib. 1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax Müəllimlər Seminariyasının müdiri işləyib. 1920-ci ilin mayında Gəncədə bolşeviklər tərəfindən güllələnib.

 

Firidun bəy müəllimlik peşəsini bütün sənətlərdən daha yüksəkdə tuturdu. O, müəllimi gələcəyə işıq salan mayak, nur adlandırırdı. Onun təbirincə desək, “Pis şagird yoxdur, şagirdi düzgün anlamayan müəllim vardır. Müəllimin borcudur ki, hətta ən çətin tərbiyə olunan uşağı belə tərbiyələndirsin”. Maarifçi ədib hər çıxışında qızların təhsilə cəlb edilməsini ön plana çəkirdi və təhsilli qadının gələcəkdə övladlarını da təhsilli böyüdəcəyini nəzərə çatdırırdı.

 

Akademik Mehdi Mehdizadə 1903-cü ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) və bir müddət Qaryagin (Füzuli) şəhərində fizikariyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olub.

 

Mehdi Mehdizadənin təhsilimizin, elmimizin inkişafında mühüm rolu var. 1960-1980-ci illərdə respublikanın Xalq Maarifi naziri vəzifəsində işləyən görkəmli pedaqoq təhsil idarəçiliyi sahəsində əsl məktəb yaradıb.

 

Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan maarifpərvər şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.

 

Mədəniyyət.- 2020.- 4 noyabr.- S.7.