Türk tarixi və mədəniyyəti

 

 

Beynəlxalq onlayn simpozium keçirilib

 

Ankaranın Etiməsqut Bələdiyyəsinin təşkilatçılığı ilə 29-30 oktyabr tarixində “Türk tarixi və mədəniyyəti” adlı beynəlxalq onlayn simpozium keçirilib.

 

Simpoziumun açılışı və birinci hissəsi Ankaradakı universitet rektorları və tanınmış ziyalılar, tarix institutları əməkdaşlarının iştirakı ilə məhdud çərçivədə təşkil edilibdaha sonra onlayn formatda davam edib.

 

Çıxışlar zamanı Azərbaycan mövzusunda fikirlərdə həssaslıq ifadə edilib, Vətən torpaqlarını azad edən  Azərbaycan Ordusuna zəfər və uğurlar arzulanıb. Türküstan ellərinin birliyi, ortaq mədəniyyətin daha da sıx olaraq inkişaf etdirilməsi, ortaq  tarixi terminlərdən istifadə edilməsinin vacibliyi vurğulanıb.

 

Karabük Universitetinin professoru, Beynəlxalq əlaqələr bölümünün rəhbəri Əli Qafqaz çıxışı zamanı simpozium iştirakçılarını Azərbaycanda hazırkı vəziyyətlə bağlı məlumatlandırıb, cəbhədə qazanılan uğurlardan söz açıb, Azərbaycan-Türkiyə əlaqələrinin nə dərəcədə önəm kəsb etdiyini diqqətə çatdırıb. Eyni zamanda əslən azərbaycanlı olaraq xalqımız və tariximiz üçün önəmli olan bu günlərdə qardaş Türkiyənin verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. İki gün davam edən simpoziuma Azərbaycandan alimlər də onlayn formatda qatılıblar.

 

Qeyd edək ki, Etiməsqut Bələdiyyəsinin təşkilatçılığı ilə Ankarada Türk Tarixi Muzeyi yaradılır. Layihə çərçivəsində qədim dövrlərdən bu günə kimi türk tarixində yer alan şəxsiyyətlərin açıq havada heykəlləri yaradılıb, muzeyin daxili hissəsində isə divarlara  tarixi məqamları əks etdirən rəsm əsərləri çəkilib. Divar rəsmləri səs effektləri ilə təqdim edilir. Bu əsərlərin və heykəllərin müəllifi  isə İstanbulda yaşayan azərbaycanlı sənətkar, Əməkdar  rəssam Yaşar Zeynalovdur.

 

Qeyd edək ki, bələdiyyə Azərbaycanla bağlı mövzulara daima geniş yer ayırır, Xocalı soyqırımı ilə əlaqədar dəfələrlə tədbir və sərgilər keçirib.

 

LALƏ

 

Mədəniyyət.- 2020.- 4 noyabr.- S.8.