Uşaq dünyasına xitab
edən bəstəkar
Yaradıcı insanlar fərqli tale yaşayırlar. Onlar cismən bu
dünyanı tərk
etsələr də, yaratdıqları əsərlərlə
sənət salnaməsində,
xeyirxahlıqları ilə
könüllərdə heykəlləşirlər.
Tanınmış bəstəkar və
musiqi təşkilatçısı,
Əməkdar incəsənət
xadimi Əfsər Cavanşirov da belə sənətkarlarımızdandır.
Bu il mərhum
musiqi xadiminin anadan olmasının 90 illiyi tamam olur.
Əfsər Bayram oğlu Cavanşirov 8 noyabr 1930-cu ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub. Erkən çağlardan musiqiyə maraq göstərir. 1948-ci ildə orta məktəbi, eyni zamanda 2 saylı Uşaq musiqi məktəbini tar ixtisası
üzrə bitirir.
İncəsənət yolunu seçən
gənc Əfsər Bakı Musiqi Texnikumunda təhsilini davam etdirir. Bu təhsil ocağında
tar ixtisası üzrə
Əmirulla Məmmədbəyovdan,
muğam ixtisası üzrə isə Əhməd Bakıxanovdan
dərs alır. Həmçinin nəzəriyyədən
professor Boris Zeydmanın sinfində
oxuyur.
Əfsər Cavanşirov 1952-ci ildə
Azərbaycan Dövlət
Konservatoriyasına (indiki
Bakı Musiqi Akademiyası) daxil olur. Xalq artisti, professor Cövdət Hacıyevin sinfində bəstəkarlığın sirlərini
öyrənir və musiqi əsərləri yazmağa başlayır.
O, tələbə ikən
iki simfonik poema, sonatina, simli kvartet, romanslar yazır. 1958-ci ildə ali
təhsilini uğurla başa vurur və sərbəst yaradıcılıq yoluna
qədəm qoyur. İrihəcmli, həm də
miniatür janrlarda yaradıcılığını davam etdirir. Qısa vaxt ərzində “Ən əziz ad” vokal-simfonik poemasını,
“Gəncliyin səsi” kantatasını ərsəyə
gətirir. Əsərlər ifa olunduğu ilk vaxtdan musiqi ictimaiyyəti tərəfindən
maraqla qarşılanır
və musiqi fonduna daxil edilir.
Tanınmış sənətkar sonrakı
illərdə xalq çalğı alətləri
orkestri üçün
də bir sıra əsərlər yazır. Onun maraqlı əsərlərindən
“Azərbaycan – Vətənim
mənim” uvertürası
da musiqi ictimaiyyətinin diqqətini
cəlb edib.
Onu da qeyd edək ki, Əfsər Cavanşirovun yaradıcılığında
simfonik əsərlər
xüsusi yer tutur. Bəstəkar böyük simfonik
orkestr üçün
7 simfoniya, pîåmalar, a kapålla xoru və uşaq
xoru üçün əsərlər yaradıb.
Sənətkarın dillər
əzbəri olan “Ağacdələn”, “Oyun-oyuncaqlarım”,
“Quşlar” kimi uşaq mahnıları indi də öz
təravətini saxlayır.
Müəllifin həmçinin “Buratino” uşaq operası, a kapella xor kollektivi üçün mahnıları
və çoxlu uşaq mahnıları da balaca dinləyicilərin
estetik dünyagörüşünü
musiqi duyumunu zənginləşdirən nümunələrdəndir.
Əfsər Cavanşirov 1958-ci ildən
taleyini Azərbaycan Televiziya və Radiosunun nəzdində fəaliyyət göstərən
“Bənövşə” uşaq
xoru ilə bağlayıb. Bu kollektivin
(hazırda Uşaq mahnı və rəqs ansamblı) bədii rəhbəri kimi Azərbaycan klassik və xalq musiqisinin təbliğində mühüm
xidmətlər göstərib.
Sənətkar həmçinin respublikamızda
keçirilən dörd
mahnı bayramının
təşkilatçılarından biri olub. Üçüncü və dördüncü
mahnı bayramlarında
baş xormeyster, həm də baş dirijor kimi iştirak edib.
Görkəmli sənətkar nəcib və xeyirxah ziyalı kimi tanınıb, xüsusilə
gənclərə qayğı
ilə yanaşıb. Məhz buna
görə də Əfsər müəllimi
hələ gəncliyindən
“uşaqların maestrosu”
adlandırılıb. Onun yetirmələri arasında
respublikamızın bir
sıra tanınmış
mədəniyyət və
incəsənət xadimləri,
o cümlədən Xalq
artistləri Flora Kərimova,
Xuraman Qasımova, Amaliya Pənahova və başqaları olub.
Gənc nəslin musiqi-estetik tərbiyəsinə və pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyinin “Qabaqcıl maarif xadimi”, 1982-ci ildə isə respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülən sənətkar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. 20 may 2006-cı ildə, 76 yaşında Bakı şəhərində vəfat edib.
Təəssüf ki, görkəmli bəstəkar doğma yurdunun müzəffər Azərbaycan Ordusu tərəfindən yağı tapdağından qurtarılmasını görə bilmədi. Artıq Əfsər Cavanşirov və onun kimi yurd nisgili ilə dünyadan köçənlərin nigaran ruhu rahatlıq tapır...
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2020.- 6
noyabr.- S.5.