Doyulmaz OBRAZ
Təkrarsız taktları, rəsmi-işgüzar
faktları, həyati-insani “surət”ləri ilə birgə…
Ərz edim ki, bu real – yəni qeyri-bədii, ədəbi (amma əbədi!) OBRAZ haqda bundan irəliki yazılarımın sərlövhələri də bir az məcaz-frazemli olub. Onlardan “Melodiya-Adam”ı “qədimdən-qədim musiqi mədəniyyətimizdə yenidən-Yeni – Tofiq Quliyev”, “Bənzərsiz bəndə”ni (bir dostumun poetik heyrətinə istinadən) “Tanrı sənsən, bəndə mən, Nə görmüşəm səndə mən!”, “Tofiq Quliyev notları”nı – “ən qaraqabaqların belə xoş ovqatları” qoşularıyla vermişəm...
Ancaq, amma, lakin... bunların heç biri (bir zərb-məsəlimizə “müdaxilə”ylə demiş olsam) ürəyimdəki fanatlıq tikanını çıxarammayıb.
Bəs...
“hər ləhzə yoxdan var” olan sözün gözünə nə qatıb ərz edəsən ki, nəğmələri səslənirkən qəlblərə bir ləhzə sa...kit...lik-sa...mit...lik... verməyən bu fenomenin muzobrazına adekvat olsun?...
Bəli...
Sənətə gəlişi Ü.Hacıbəyli klassikalı, A.Zeynallı ultralı dövrə təsadüf etmiş bu bəstəkar Azərbaycan musiqisinin o çox məhsuldar (və bolşevizm çağrılarına rəğmən çoxaxınlı) çağlarında “hamı kimi”liyə uğramayıb. Əksinə, öz duyğu-uyğu tonallığı, diatonik major-minor orijinallığı ilə seçilib, tezliklə adı azman isimlər sırasında çəkilib, musiqiləri ölkənin bütün fonoteka-filmoteka-“teatroteka”larında (və xalq “könülo-qəlboteka”larında) yer alıb.
Bu ifadə-ibarələr ardınca bu “hərcür-hərtür” (“hərdürr”) ritmli bəstəkarın “Qaytağı”-“Sevgi valsı”-“Gənclik rəqsi” tezliklərində qısa (və ənənəvi) bir –
“Məqalə”çilik...
1917-ci il noyabrın 7-də Bakıda (mühəndis-iqtisadçı Ələkbər Quliyevlə H.Z.Tağıyevin Qızlar gimnaziyasını bitirmiş Yaxşıxanım Mahmudovanın ailəsində) doğulub.
Deyək ki, onun gənclik aləmi də sonralar dəstləyib-bəstələdiyi bir sıra ecazkar musiqilərini xatırladır. Belə ki, bəstəkarlığa 14 yaşında - 1929-da Konservatoriya nəzdindəki fortepiano sinfində təhsil alırkən yazdığı (A.Zeynallının tövsiyəsi ilə) “Dərsə gedən bir uşaq” mahnısı ilə başlayıb. Konservatoriyada eyni zamanda iki fakültədə - fortepiano və dirijorluq sahələri üzrə təhsil zamanı polifoniya, harmoniya, xalq musiqisi və muğam özəlliklərini öyrənib. Elmi-Tədqiqat Musiqi Kabinəsində xalq musiqisi nümunələrinin toplanıb-notlaşdırılması işlərində (Bülbülün rəhbərliyilə) fəal iştirak edib. Ü.Hacıbəylinin təşəbbüsü ilə P.Çaykovski adına Moskva Konservatoriyasına təhsilə göndərilən gənc istedadlar içərisində seçilərək Ümumittifaq caz orkestrində piano ifaçısı kimi fəaliyyət göstərib. 1939-da Bakıya qayıdaraq, Niyazi ilə birgə Azərbaycan Dövlət Estrada Orkestrini yaradıb. Dövri mətbuatda klassik və xalq musiqi sənətilə bahəm, bu yeni janr haqda analitik-populyar məqalələrlə çıxış edib. 1941-də yaratdığı (402-ci diviziya tərkibində fəaliyyət göstərən) “Qırmızı ordu” ansamblı üçün mahnılar, marşlar yazıb. Qələbədən dərhal sonra hərb-zərb mundirindən “təğyiri-libas” olaraq, rübabını həmişəyaşar nəğmələr, kantatalar üstə kökləyib.
1951-də aspirantura bitirib, məşhur akademik A.Qaukun rəhbərliyilə dissertasiya müdafiə edib elmi ad alsa da, sənət onu var səsilə səsləyirmiş...
Elə həmin vaxtlardan paytaxt teatrlarının tamaşalarına (30-dan çox) bəstələrə başlayıb. Musiqi sənətinin əksər janrlarında yaratdığı şedevrlərin fövqündə isə, əlbəttə, dillər əzbəri, könüllər cövhəri olan mahnıları! Onlardan: “Sənə də qalmaz”, “Gecələr uzun”, “Neftçilər mahnısı”, “Azərbaycan”, “Bakı”, “Sevgilim”, “Sən mənimsən, mən sənin”, “Axşam görüşlərində”, “Bəxtəvər oldum”... Burdaca qeyd edək ki, onun operetta və filmlərə yazdığı nəğmələr də ayrıca mahnı kimi dillərə düşüb.
Ancaq bu... (belə demək mümkünsə) “muzkinematoqraf”ın ekran musiqiləri haqda sözü bu ötərilikdə xitamlamaq heç insafdan deyil. Həm də –
Bunlar –
bitib-tükənməyən bir serial!
Əfəndilər, səksən üç il yaşamış bu sənətkarın adı yetmiş üç filmə düşüb! Onların hamısı haqda nəinki danışmaq, heç adlarını sadalamaq belə bir yazı üçün mümkünsüz. Amma hələ qeyri-məşhur yaşında (23-ündə) ovaxtlarçün məşhur “Səbuhi”nin musiqisini yazmış bu bəstəkarın, heç olmasa, yetmişdən yeddisini sadalayım: “Bəxtiyar”, “Qızmar günəş altında”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Telefonçu qız”, “Nəsimi”, “Qayınana”. Və bu filmlərdəki vizual fraqmentlərin emosional təsirini birə-beş artıran musiqi parçalarından birini - “Bəxtiyar”da ecazkar R.Behbudov vokallığı ilə paralelləşən möhtəşəm muzvariasiyaları, “xalalar”ın “əndirəbadi” duetlərindəki arxeo-neo taktları, tutma balerin-balerinanın “korafəhim” pianoçunun partitura yanılmasına “tabe” məqamındakı ironik musiqi bəzək-düzəyini, dəniz neftçilərinin “la-la, la-la-la!” nidalarını xatırlayaq...
Bəs, ekranlara çıxdığı vaxtdan əsas obrazı “ikinci ana” qismində sevilən “Ögey ana”?! Bu sual-nidalı təəccübümün “açması”na həmin filarmonik filmin musiqi müəllifinin “dil” hikmətindən başlamaq istəyirəm. Musiqisini yazdığı filmlərdən birindəki məşhur xitab olmasın, - “Ögey ana”nı həmin musiqi fraqmentlərsiz (xüsusən, mahnılarsız) təsəvvür edənləri bağışlamaq olarmı?!
Hə, o musiqi
parçaları İsmayılın ürəkparçalayıcı
“ana, anacan!” fəryadlarından
da yanıqlı, təsirli
çıxmırmı? Bu musiqi dili ssenari dilinin
səs adekvatı, səda paraleli deyilmi? Əvvəlki ömür
fəsillərini qış
qaş-qabağıyla yaşamış
İsmayıl və bir yaz günü
üzü bahar İsmayıl... O yetimin dərdini ssenaristdən, rejissordan, operatordan, doğma atadan, onun məhəbbətini qazanmaqçün özünü
oda-közə vuran ögey anadan daha çox aça bilən ən məharətli vasitə orada sədalanan Musiqi deyilmi? Bəli… o meşədə üzü bizə tərəf irəliləyərkən
əlindəki dirijor çubuğuvari ağac budağının sehrilə
səslənən ilahi
taktlar, o təbiət-filarmoniyada
“Quuş-lar, quş-lar,
nə qəşəng
o-xu-yur!” sözlərinə qüvvət
kimi gurlayan not-“bəh-bəh!”lər!...
Bir az da, bütün melodiyaları
xalqa qəlb kimi yaxın olan bu sənətkarın
həyati-insani notlarından
soraq verən –
Xatirələrdən...
Qızı Lalə Quliyeva:
“Atamın ad gününü
ildə üç kərə qeyd edərdik. Pasportunda doğum günü
noyabrın 7-si yazılmışdı,
nənəmsə deyirdi,
mən onu noyabrın 5-də gətirmişəm
dünyaya. Pasport tarixçəsinə
əsaslananlar təbrikə
noyabrın 7-də, qohumlarımız
5-də, “çaş-baş” qalanlar isə (“bir gün gec-bir
gün tez” zarafatlarıyla) 6-da yığışardılar
bizə. Hərdən anam deyərdi, “ay başuva dolanım, noolub, nə xəbərdi, insan bu dünyaya bir kərə gələr, dəə”.
Evimizdəki telefonların hər ikisi susmazdı. Yaponiyadan hədiyyə
vazamız məktub-teleqramlarla
qalaqlanardı.
Atam ata-anasının
ilki olub və dünyaya gələndə çox
çətin bir qərar verməli olublar; bu yeganələrini
(əlbəttə, hələlik)
illərlə övlad
həsrəti çəkən
böyük əmimizə
veriblər”.
14 yaşına çatanda
(artıq, üç
qardaş-iki bacılı)
Tofiqin “bir sözü iki edilməyən” əmisigildə
məktəbə həvəs
göstərmədiyini eşidən
atası onu öz evinə aparmaq məcburiyyətində
qalır.
“Və Tofiq birdən-birə dəyişilir,
sinifdə öz fitri istedadı, gözəl ifası, improvizə və bəstələrilə ətrafını
heyran qoyur. Həyatında
çox ciddi rolu olmuş böyük Üzeyir bəy onun “ümumsimasında gələcəyin
təkrarsız sənətkarı”nı görür.
Niyazi ilə birlikdə yaratdığı orkestrə
musiqiçilər yığanda Bülbülün
ən yaxşı tələbəsi, sonralar
caz ansamblının birinci solisti (lakin çoxlarının
uzaq qaçdığı
“xalq düşməni”nin
qızı) Dilarə
Bağırbəyova ilə
də o vaxt tanış olur. Sənət yolunda başlanan tanışlıq sevgiyə
çevrilir, evlənirlər
və atam o ailəyə də arxa-dayaq olur.
Düz
on il Bəstəkarlar
İttifaqının sədri
vəzifəsində çalışdı,
amma evdə də “iş saatları” yaşadı. Problemi olan hər kəsi
səbirlə dinləyər,
bacardığı köməyi
əsirgəməzdi. Yaxın dostu Qara Qarayev yazırdı:
“Tofiq adamlara qayğı-rəğbətilə də musiqiləri qədər xeyirxahlıq edir”.
Yaradıcılıqla tam məşğul
olmağa vaxtı qalmırdı; iclaslar, toplantılar, daimi müraciətlər... Amma heç
vaxt gileylənməzdi,
fəal həyatı çox sevirdi.
Müharibədə itkin düşmüş qardaşı Adilin dərdini ömrü boyu yaşadı. Əmoğlularımdan
birinin adını Adil, gənc yaşında vəfat etmiş (yeganə qızı, atamın musiqisini yazdığı
“Ögey ana”da çəkilən Cəmiləni
8 yaşında yetim qoyan) rəhmətlik bacımın adını
Adilə qoydu...”
Oğlu
Eldar Quliyevin söhbəti çalışdığı
sahənin bir titri qədər:
“Mənə sual veriləndə ki, gözəl kino-musiqi nümunələri yaratmış
atanızın “səsi”
sizin filmlərinizdən
nə üçün
gəlmir, onun öz sözlərini xatırladıram: “Özünə
yaxşı bir bəstəkar tap, işlə”.
Vasif Adıgözəlov:
“Çoxsahəli sənət
dünyamızda sayğı-mövqeyinə
görə mədəniyyət
ağsaqqalı sayılanlar
oqədər də çox deyil. Tofiq Quliyev
məhz belə sənətkarlardandır. Mənim xəyalımca, mədəniyyətimizdə
T.Quliyev qədər “hərtərəfli” sənətkar
yoxdur. Misalçün, o, bəstəkarlarımız içində ən gözəl pianoçu idi. Yaxud, bir söhbətimizdə “Siz niyə dirijorluq
da etmirsiz” sualıma cavabında: “Edərdim, özü də yaxşı məktəb keçmişəm.
Amma Niyazinin qarşısında
dirijorluq etmək günahdır!” - dedi...”.
Bu xatirələri iki
dahinin deyimlərilə
yekunlaşdırım. Rus bəstəkar Solovyov-Sedoy:
“Yoldaş jurnalist, məndən soruşursuz ki, “Tofiq Quliyev
mənimçün kimdir”,
hə? Tofiq – mənim “Moskva axşamları”mı öz
“Bakı - əziz şəhər” şedevrinin
kölgəsində qoymuş
bir gəncdir, dahi bakılıdır!”. Rəşid Behbudov: “Neçə illərdir Azərbaycanın,
xüsusən Bakının
mədəniyyət-musiqi nəbzi
Tofiq Quliyev ritmi ilə döyünür!”
Bir sənət-səbətlik də
–
Öz xatirə-xatırlamalarımdan...
Sağ ikən əyani-real bir xoş ovqat
ünvanı idi – Tofiq Quliyev. Böyük tədbirlərdə,
irili-xırdalı məclislərdə
ayrıca bir canlı “guşə”, alayıca bir “şöbə”, əndazəli
ciddiliyilə qadağa-yasaq,
xoş təbəssümü
ilə “yaşıl işıq” saçan nüfuzi bir ovqat, ayna bir
dünya idi.
Notlarının çoxdan çoxu
major hiss-duyğular saçan,
hər sayaq minor-nostaljidən uzaq olan bu Melodiya-Adamın
oturuş-duruşundan, sir(r)-sifət, söz-söhbət,
təhər-tövründən də musiqi dalğalanırdı...
Deməzsizmi, onun bircə notunu eşitcək, hər kəs deyəcək; Tofiq Quliyev!
Elə ki gördün ən usta pianist-fortepianist də taktları yığıb-yığışdıra
bilmir, - deməli, Tofiq Quliyev!
Əsərlərinin çalımında
piano-fortepianoların şirmayı
dilləri sürməyi
ağızlarına sığmaz
ki! İnstrumental-sentimental
rəqsləri zamanı
klarnetlərin, saksofonların
klapanları “şalako”
vurmaqdan bir hovur dincəlməzlər,
ha!
Budu haa; gah leysan,
gah tufan, gah lirik meh,
gah şıdırğı
yağış, sentimental yağmur!...
Heyf ki, bunları yazıda səsləndirmək,
bunlara qələm-dirijorluq
etmək olmur...
Tək elə zümzümələmək
yox, bu çox
aydın sənətkarın
apaydın musiqiləri
içərisində bəzi
şıdırğı nümunələri
layiqincə qavrayıb
mənimsəmək də
müşkül! Bəlkə...
dahiyanə düşünülmüş mətləb-mənalarçün elə o sayaq-səviyyəli
də qavrayış gərək...
Zövqləri cənnətə, qəlbləri
riqqətə, sümükləri
oynağa səsləyən
bu bəstəkar rübabında melo-“atəş”lərdən hürküşmədən
düzümlənən uçar-qaçar
səfləri - bülbüllər
solist, ceyranlar marafonist...
Taktlarında melo-“qamçı”lardan
cıdırlanan ilxılar,
forte nişan-namçılardan yurtalanıb-çadırlanan, tərəkəməliyi
tərk edib xalqlaşan, mədəniyyətlənib-millətləşən
tayfalar - Qıratlı
türkzatlar öndə!...
Nəysə...
... adamın könlünə çox incə mətləblər pıçıldayan bu zər, bu zərif nəğmələr haqda nə desən, nə yazsan da, ünvanın yarı-parasını belə ifadə edəsi deyil.
Elə lap cavanlığından formaca Qədimə, ömrün son an-akkordunda isə məzmunca ən Müasirə, ən Yeniyə oxşayan Kişi...
Daha nə?
Qurtaran deyil. Bu canlı partitura-məmləkətdə belə olay-mənzərələrin sayı hesabsız, sanbalı çox, sonu yox...
Sadəcə, düz iyirmi il bundan öncə susub getmiş cismi əbədi olaraq dahi sələfləri dünyasında, ismi daimi olaraq zirvəsinə çatmaq istəyən xələfləri aləmində...
Və... yeri behiştlik bir şairimizin “Əbədiyə qəh-qəh çəkər əbədi dünya” deyiminə çox da bənd olmayaq; bu əbədi dünyanın əbədi “bəh-bəh” möhürlüləri də olub, olacaq...
Öz mahnılarının birində “Gedər bir gün bu gözəllik, sənə də qalmaz” deyilsə də...
Tahir ABBASLI
Mədəniyyət.- 2020.- 6
noyabr.- S.6.