Mədəniyyət Nazirliyində Tacikistan səfiri ilə görüş
keçirilib
Mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb.
Qonağı səmimi salamlayan Anar Kərimov Azərbaycan və Tacikistanın ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etməsi və genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən bu kimi görüşlərin mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Görüşdə ölkələr arasında mədəni əməkdaşlığa nəzər salınıb, mədəniyyətin müxtəlif sahələri üzrə mübadilənin daha da genişləndirilməsi, bu istiqamətdə birgə fəaliyyət planlarının hazırlanması müzakirə olunub. Qarşılıqlı mədəniyyət günlərinin təşkili, müvafiq sahədə təhsil müəssisələri ilə tələbə mübadiləsinin reallaşdırılması, habelə gələcəkdə bu sahədə əlaqələrin inkişafına töhfə verə biləcək, hər iki xalqın mədəni irsinin təbliğində rol oynayacaq layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Rustam Soliyev ikitərəfli münasibətlərə toxunaraq Tacikistanın Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini, münasibətlərin yüksək səviyyədə olduğunu və müvəffəqiyyətlə inkişaf etdiyini ifadə edib.
Anar Kərimov həmçinin 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində genişmiqyaslı hərbi təxribat törətdiyini, Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya və ballistik raketlərdən atəşə tutduğunu diqqətə çatdırıb. Bildirib ki, bu müharibə cinayətləri nəticəsində çox sayda dinc sakin həlak olub və yaralanıb. Həmçinin mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən maddi mədəni irs nümunələrinə ziyan dəyib. Ermənistan əzəli yurd yerlərimizi işğal altında saxladığı müddətdə xalqımızın zəngin mədəni irsini talan edib, tarixini saxtalaşdıraraq mənimsəyib. İşğaldan azad olunan ərazilərdə bu kimi faktlar öz təsdiqini tapıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Azərbaycanın ərazi bütövlüyünün Tacikistan dövləti tərəfindən tanındığını və Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqlədiklərini bildirərək, münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində nəzərdə tutulmuş qaydada və baza prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin vacibliyini qeyd edib. Diplomat həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin raket atəşinə tutulmasının ölkəsi tərəfindən qətiyyətlə pisləndiyini və bunun rəsmi bəyanatlarda əks olunduğunu vurğulayıb.
Sonda
qarşılıqlı maraq doğuran digər məsələlər
haqqında fikir mübadiləsi
aparılıb.
Mədəniyyət.- 2020.- 6
noyabr.- S.3.