Orfoqrafiya normalarında dəyişikliklər
edilib
UNESCO, nəhayət, orijinalda
olduğu kimi
yazılacaq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişikliklər edilib. Bununla bağlı Nazirlər Kabineti 3 noyabr 2020-ci il tarixində 438 nömrəli Qərar qəbul edib.
Qərara dair izahda bildirilir ki, Azərbaycan dilinin orfoqrafiya normaları “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli Fərmanının 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
Qeyd olunur ki, Nazirlər Kabineti tərəfindən 2019-cu il 16 aprel tarixində təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişikliklər barədə qərar, Azərbaycan Respublikası Konstitusiyasının və “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, dövlət dili ilə bağlı normaların müəyyənləşdirilməsini, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün şərait yaradılması, həmçinin Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda tətbiq edilməli yazı mədəniyyətinin formalaşmasını təmin edir.
Dəyişikliklərə görə, Avropa mənşəli alınma sözlərdən indiyədək bir “l” hərfi ilə yazılan “apelyasiya” sözü bundan sonra iki “l” ilə (apellyasiya) yazılacaq və attestasiya və akkreditasiya sözləri ilə bir sırada (istisna olaraq) yerini alacaq.
Ali dövlət vəzifələri – Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi yazılacaq. İndiyədək “Baş Nazir”də hər iki söz, eləcə də “Milli Məclisin Sədri” böyük hərflə yazılırdı.
Həmçinin indiyədək nazir vəzifələrində sahə böyük, vəzifə kiçik hərflə yazılırdı: Səhiyyə naziri, Kənd Təsərrüfatı naziri. Bundan sonra sahə də, vəzifə də kiçik hərflə yazılacaq: Azərbaycan Respublikasının səhiyyə naziri, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri və s.
Daha bir dəyişikliyə əsasən, dövlət rəmzlərinin adları tərkibində “gün” sözü olan və təqvimə düşən əlamətdar günlərin adları bir qrupa daxil edilərək bütün sözlər böyük hərflə yazılacaq: Azərbaycan Respublikasının Dövlət Himni.
İndiyədək orden adlarında bütün sözlər böyük yazılırdı: “Azərbaycan Bayrağı” ordeni. Bundan sonra yalnız birinci söz böyük yazılacaq: “Azərbaycan bayrağı” ordeni, “Vətənə xidmətə görə” ordeni.
Nəhayət, ən diqqətçəkən dəyişiklik UNESCO, İCESCO kimi xarici mənşəli ixtisarların indiyədək tətbiq olunan orijinaldan fərqli yazılışına (UNESKO, İCESKO) son verilməsidir. Beləliklə, bundan sonra UNESCO Azərbaycan dilində elə UNESCO kimi yazılacaq. İCESCO da həmçinin. Xatırladaq ki, bir müddət öncəyədək UNESCO-nun hətta rus dilindən (ÞÍÅÑÊÎ) “tərcümə” olunmuş YUNESKO kimi daha bir qəribə yazılışı vardı…
Nazirlər Kabinetinin 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Qərarı ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda müvafiq sahə üzrə edilən dəyişikliklər aşağıdakı müqayisəli cədvəldə öz əksini tapıb.
Mədəniyyət.- 2020.- 6 noyabr.- S.7.