İşğaldan azad edilən torpaqlardakı tarix-mədəniyyət
abidələri bərpa olunacaq
Noyabrın 6-da Milli İncəsənət Muzeyində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən mədəni irsə həsr olunmuş brifinq keçirilib.
Brifinqdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli, Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə, Əməkdar memar, professor Fəxrəddin Miralayev iştirak ediblər.
Brifinqi Azad Cəfərli açaraq Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz və işğalçılıq siyasətinin eyni zamanda Azərbaycanın mədəni irsini hədəf aldığını bildirib. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ və ona bitişik 7 rayonun ərazisində 2600-dən çox tarix və mədəniyyət abidəsinin əksəriyyətinin dağıdıldığı, mənimsənildiyi, təyinatına uyğun olmayan şəkildə istifadə olunduğu qeyd olunub.
Dövlət Xidmətinin rəsmisi diqqətə çatdırıb ki, işğal olunmuş rayonlarda yerləşən, öz zəngin koloriti və memarlıq quruluşu ilə seçilən məscidlər, Qafqaz Albaniyası dövrünə aid memarlıq abidələri məhv edilib, vandalizmə məruz qalıb, mənimsənilib.
Qeyd olunub ki, Ermənistan Respublikası hazırda ölkəmizə qarşı beynəlxalq miqyasda da çirkin kampaniya aparmaqdadır. Belə əməllərdən biri guya Azərbaycan Silahlı Qüvvələrinin raket zərbəsi nəticəsində Şuşa şəhərində yerləşən “Qazançılar” kilsəsinin zərər görməsi ilə bağlıdır.
Vurğulanıb ki, ölkəmizin ərazisində yerləşən bütün mədəni irs nümunələri Azərbaycan xalqına məxsusdur və hər bir abidə Azərbaycanın mədəni irsinin tərkib hissəsidir. 1868-ci ildə Şuşa şəhərində “Qazançılar” adlanan kilsə inşa edilib. Erməni müəllifi Markar Barxudaryantsa istinadən abidənin sovetlər dövründən qalan sənədlərində də bu kilsə “Qazançılar” kimi qeyd edilir. Abidənin 1987-ci ildə hazırlanmış pasportunda “Qazançılar” kilsəsinin qədim Zərdüştlük məbədinin üzərində inşa olunduğu qeyd olunub.
Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunana qədər “Qazançılar” kilsəsinin dövlətimiz tərəfindən qorunduğu diqqətə çatdırılıb. İlk dəfə Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 27 aprel tarixli 145 nömrəli qərarı ilə abidələr siyahısına daxil edilmiş kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına (inventar ¹ 358) alınıb. Azərbaycan SSR Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bərpa emalatxanasının mütəxəssisləri tərəfindən 1981-ci ildə hazırlanan layihə əsasında 1984-1985-ci illərdə abidədə bərpa işləri aparılıb. Memar Fəxrəddin Miralayevin layihəsi əsasında aparılan bərpa işləri zamanı abidə ilə bağlı bir sıra faktlar aşkarlanıb. Şuşa şəhəri işğal edildikdən sonra qeyri-qanuni olaraq bu kilsə 3 dəfə “təmir-bərpa” prosesindən keçib.
Azad Cəfərli vurğulayıb ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli fərmanında tarix və mədəniyyət obyektlərinin (abidə və müəssisələrin) ilkin inventarlaşdırılması və mühafizəsi nəzərdə tutulub. Bütün torpaqlarımız işğaldan azad edildikdən sonra, digər infrastruktur layihələri ilə yanaşı, tarix-mədəniyyət abidələrinin inventarlaşdırılması və mühafizəsi, o cümlədən bərpası istiqamətində də dövlətimiz tərəfindən mühüm işlər həyata keçiriləcək.
Əməkdar memar, professor Fəxrəddin Miralayev “Qazançılar” kilsəsinin tarixindən, orada aparılan təmir-bərpa işlərindən, eləcə də Ermənistan tərəfindən abidəyə edilmiş qanunsuz müdaxilələrdən danışıb. Bildirib ki, “Qazançılar” kilsəsinin bərpası zamanı onun altında Zərdüştlüyə aid abidə qalıqları aşkarlanıb. Kilsənin memarlıq üslubu da erməni kilsələrinə xas bədii üslubda deyil.
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi dağıdılıb. Bununla yanaşı, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı erməni vandalizminin qurbanı olub.
Brifinqdə mətbuat nümayəndələrinin
mövzu ilə bağlı sualları
cavablandırılıb.
Mədəniyyət.- 2020.- 11 noyabr.- S.4.