Qarabağı qaytardıq – Qarabağa qayıdırıq... Bax belə!
Qırx dörd gün sürən Vətən müharibəsi
qalibiyyətlə başa çatdı
“Bu məsələ ilə məşğul olan siyasətçilərin hamısı deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Mən deyirdim var! Bax, bu gün mən deyən oldu”
“Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır” – Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-dən davam edən Vətən müharibəsinin son müjdəsini – qalibiyyət xəbərini noyabrın 10-da gecəyarısı televiziya ilə xalqa müraciətində bu sözlərlə çatdırdı. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında 43 gün tab gətirə bildi. 44-cü gün işğalçı ölkənin rəhbərliyi Azərbaycanın diktə etdiyi tələbləri qəbul etdi.
Dövlət başçısı diqqətə çatdırdı ki, müharibənin dayandırılması barədə bəyanat Rusiya və Azərbaycan prezidentləri və Ermənistanın baş nazirini tərəfindən videokonfrans formatında canlı yayımda imzalanmalı idi: “Ancaq son anda Ermənistan baş naziri bundan imtina edib. Bu, müəyyən dərəcədə başadüşüləndir. Çünki faktiki olaraq bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunu – dəmir yumruğun hesabına imzalayır!”.
Qırx dörd gün ərzində Azərbaycan Ordusu işğalçı qüvvələri darmadağın etdi, işğal altında olan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Xocalı və Laçın rayonlarının bir sıra kəndlərini, Qarabağın baş tacı Şuşanı – ümumilikdə 300-dən çox yaşayış məntəqəsini azad etdi. Noyabrın 8-də Ali Baş Komandan, Prezident İlham Əliyevin Şəhidlər xiyabanından Şuşa şəhərinin azad olunmasını xalqa bəyan etməsi həm də böyük qalibiyyətin müjdəsi idi: “Bu bəyanat bizim şanlı qələbəmizdir. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur”.
Prezident onu da qeyd etdi ki, bu bəyanatın imzalanmasının bir səbəbi də noyabrın 9-da – Dövlət Bayrağı Günündə cəbhədə qazanılan növbəti zəfər olub, həmin gün Azərbaycan Ordusu ümumilikdə 72 yaşayış məntəqəsini işğalçılardan azad edib: “Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı – Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Mən fürsətdən istifadə edərək, Ağdam, Laçın, Kəlbəcər rayonlarının sakinlərini, bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm”.
Prezident qeyd etdi ki, hər dəfə məcburi köçkünlərlə görüşəndə həm onlarda güclü iradə, yenilməzlik, dövlətə sədaqət, eyni zamanda, onların gözlərində nisgil, həsrət görürdüm: “Buna son qoyulub, əziz soydaşlarım, gözünüz aydın olsun, siz qayıdırsınız, biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Bundan da böyük xoşbəxtlik ola bilərmi!”.
Dövlət başçısı vurğuladı ki, Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Biz bu Qələbəyə görə onlara borcluyuq. Onlar torpağımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik”.
“Mən bu müharibə başlayandan sonra demişdim ki, bir çoxları, demək olar, bu məsələ ilə məşğul olan siyasətçilərin hamısı deyirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən nə deyirdim? Deyirdim ki, var!... Bax, bu gün mən deyən oldu. Hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı”, – deyə Prezident bildirdi.
Bu müharibədə qazanılan qalibiyyət göstərdi ki, heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Heç kim bizi təhqir edə bilməz: “Edərsən, dərsini alarsan. Necə ki, dərsini vermişik. Ermənistanın bu gün rəzil duruma düşmüş baş naziri bu günün gələcəyini bilməli idi. Gərək Cıdır düzündə rəqs edəndə bu günü fikirləşərdi ki, gün gələcək hesabını verəcəksən, verirsən. Bax belə…”.
Prezident tarixi müraciətini bu sözlərlə bitirdi: “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz! “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.
Mədəniyyət.- 2020.- 11 noyabr.- S.1;2.