Döyüş və dözüm qəhrəmanlığı
Hər millət eşitsin, hər bəndə bilsin,
Qan içib məst olan düşmən də bilsin,
Düşmənə dost olan düşmən də bilsin,
Qəzəb dolur qəlbimizdə çatlara,
Bir gün dönəcəyik biz o yurdlara!
Şair Hüseyn Bağıroğlu bu misraları qələmə alanda 2016-cı il idi. Aprelin lap əvvəlləri. Azərbaycan Ordusu 1993-cü ildən bəri zimistandan çıxa bilməyən nigaran yurdlara bahar təravəti gətirirdi. O zaman qəhrəman əsgərlərimiz zəfər ruhumuzu Lələtəpə yüksəkliyinə qaldırdı. Bu, relyef baxımından təpə olsa da, mənəvi cəhətdən Şahdağ, Qapıcıq timsallı idi. Aprel döyüşlərində Cəbrayılın Cocuq Mərcanlı kəndi vasitəsilə böyük Qarabağ üçün, şanlı qələbələr üçün bir qapı açılmış oldu. Sözün geniş mənasında, bugünkü Şuşa zəfərinin etibarlı təməli atıldı...
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyev çıxış və müsahibələrində Aprel döyüşlərini işğalçı Ermənistan üçün birinci dərs kimi səciyyələndirir. Ancaq mənfur düşmən öz havadarlarının davamlı tumarından dörd il də xumarlandı. Ata-baba yurdlarımızda qeyri-qanuni məskunlaşma apardı, özünü bu yerlərin sahibi hesab etdi. Hətta Ermənistanın baş naziri işğal etdikləri ərazilərin bir qarışını belə Azərbaycana qaytarmayacaqları kimi sərsəm açıqlamalar verdi.
Düşmən ölkənin baş naziri, əslində, həqiqəti söyləmişdi. Dağlıq Qarabağ və ətrafdakı yeddi rayonunun bir qarışını da öz xoşları ilə həqiqi sahibinə qaytarmayacaqdılar. Münaqişənin həllini üzərinə götürən ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi – Rusiya, Fransa, ABŞ Qarabağı Ermənistana qazandırmaq üçün mümkün olan hər şeyi etməyə çalışdı. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin öndərliyində 30 ilə yaxındır erməni işğalını faktiki qoruyub saxlayan bu mürtəce axının qarşısını qətiyyətlə kəsdikdən sonra əsl həqiqət aşkara çıxdı. Məlum oldu ki, Ermənistanın başını oxşayan bu At (ət) şefləri və digər erməni sevdalısı ölkələr “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” deyərkən işğal altındakı torpaqlarımız xaricindəki varlığımızı qəbul edirmişlər. Əks halda ərazi bütövlüyümüz uğrunda apardığımız haqlı mübarizədə qarşımızı kəsməz, öz doğma yurdumuzda terrorçularla atəşkəs imzalamağımız, güzəştlərə getməyimiz üçün dəridən-qabıqdan çıxmazdılar. Bunun adı isə, yumşaq desək, riyakarlıqdır.
Onlar bizi təəccübləndirmədilər. Çünki biz onları lap çoxdan tanıyırdıq. Ən son isə ötən əsrin 90-cı illərinin əvvəllərində erməni işğalına göz yummaları, xalqımıza qarşı törədilən soyqırımı, etnik təmizləmə faktlarına biganəlikləri bunun üçün yetərli idi. Haradasa 100 il bundan öncə böyük şair-dramaturq Hüseyn Cavid “Azər” poemasında “Soyuqqanlı Qərb alışmış göz süzə, ya dodaq büzə” deyərək onları çox dəqiq qiymətləndirmişdi...
Tanımadığımız düşmən
Bu bir həqiqətdir ki, Azərbaycanın erməni problemi var və bunun bir bəla olduğunu qəbul etməliyik. Onlarla münasibətdə “...çomağı yerə qoyma” prinsipini rəhbər tutmalı, bədnam qonşularımızı dərindən tanımalıyıq. Bəs iki əsrdir yan-yörəmizə sarmaşıq kimi daraşıb dolaşan erməniləri tanıya bilmişikmi? Təəssüf ki, bu suala ürəkaçan cavabımız yoxdur.
Uzun müddətdir öz-özümə deyirəm, bu “yazıq” ermənilər bizlərə daha nələr etməlidirlər ki, onları olduğu kimi tanıyaq! Bəziləri ermənilərin Azərbaycan və Türkiyə türklərinə (onlar bizi ayırmır, sadəcə, türk adlandırır) hədsiz nifrətini 1915-ci ildə onların Osmanlı dövləti tərəfindən guya soyqırımına məruz qalması ilə əlaqələndirirlər. Bu iddianın həqiqət payı çox deyil. Tarixi faktlar bu barədə başqa şey deyir. “Böyük Ermənistan” yaratmaq xəyallarına qapılan ermənilər hələ 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə və genişmiqyaslı qanlı aksiyalar həyata keçirməyə başlamışdılar. Onların Azərbaycanda törətdiyi qətliamlara etiraz səsini qaldıran böyük mütəfəkkir ədib Əli bəy Hüseynzadə erməni naşirlərinin fitnə-fəsadlarının üstünü açır, haqq-ədaləti təhrif edənləri lənətləyirdi. Əli bəy “Həyat” qəzetinin 1905-ci il 21-ci nömrəsində çap etdirdiyi “Erməni vətəndaşlarımıza tövsiyə və ixtaratımız (xəbərdarlıq)” adlı məqalədə Azərbaycanın çörəyini yeyib ona qənim kəsilən bu nankor məxluqatı yola gətirməyə çalışırdı. Müəllif məqalənin əvvəlində fars dilində bir beyt vermiş və onları “əhle-nar”, yəni “cəhənnəm əhli” kimi qiymətləndirmişdi. 1905-ci ildə Bakıda yaradılan “Bakı sülh və nifaq komitəsi”, əslində, erməni quldurlarının türk-müsəlman əhaliyə qarşı soyqırımı siyasətini önləmək məqsədilə təşkil olunmuşdu. Ancaq ermənilər dincliyə, hər hansı sülh çağırışına qətiyyən məhəl qoymurdu. Ə.Hüseynzadə “erməni üdəbasından (ədiblərindən) bəzisi ittihadi-islam qorxusu saiqəsilə (səbəbilə) rast gələn qəzetlərə kizb (yalan) və böhtandan ibarət məqalələr yazdıqları”nı qeyd edirdi.
Göründüyü kimi, ermənilərdə türklərə qarşı kin və nifrət daha əvvəllərə gedib çıxır. Bunun da əsasında “dənizdən-dənizə böyük Ermənistan” kimi çürük ideologiya dayanır. Çağımızda total erməni uğursuzluğunun müəllifləri xam xəyalları milli ideologiyaya çevirənlər və türk düşməniliyini layla kimi körpəsinin mənəvi dünyasına yamayan analardır.
Bu xəstə təfəkkürün hər məqamda təzahürü ilə bağlı Zəngəzur mahalında oraya köçürülmüş erməni ailələri ilə eyni qəsəbədə yaşamış yaxın qohumumun danışdığı bir hadisə bədnam qonşularımızın xislətini açmaq baxımından çox əhəmiyyətlidir. Qəsəbənin ətrafında azərbaycanlı uşaqlarla oynayan 8-9 yaşlı erməni qız uşağı əlindəki çubuqla qarışqaları torpağın altına basaraq “bu bir türk, bu iki türk...” deyir. Beləliklə, erməni uşağı çoxlu qarışqanı öldürməklə bir o qədər də türkü torpağa gömdüyünü zənn edir. Bu artıq erməni xalqının genetik kodunun zəhərlənməsi və türklərə qarşı hər cür rəzil ssenariyə hazır olmasından xəbər verir.
Bəzən cəmiyyətimizdə “erməninin də yaxşısı, pisi var” deyənlər tapılır. Onlara deyiləsi qəliz fəlsəfəyə bürünməmiş sözüm var. Ermənilər 1992-ci ilin 26 fevralında Xocalı sakinlərinə qarşı soyqırımı həyata keçirərkən əsir götürdükləri dinc və günahsız insanlar arasında Rəna adlı bir gənc xanım da vardı. O, əlinə silah almamış, ermənilərin toyuğuna belə daş atmamışdı. Nə əcəb əsirlikdə olduğu 8 gün (əzablara görə illərə bərabər) ərzində ağlasığmaz təhqir və işgəncələrə məruz qalıb mülki sakinlər arasında boğazında kəndir heyvan kimi (şəxsiyyətindən iraq) gəzdiriləndə birçəyi, saqqalı ağ ermənilər zərrəcə narahat olmadılar. Niyə “bu gənc qız hərbçi deyil, bizə güllə atmayıb, insanlıq xatirinə bu qədər alçaltmayın” demədilər. Çünki onlar bu vəhşilikləri erməni olduqlarına görə, zəhərli ruhlarına görə edə bilirdilər...
Bu gün də mənfur düşmən müzəffər Ordumuzun qarşısında ağır məğlubiyyətinin qisasını dinc sakinlərimizdən alır. Gəncə, Bərdə, Tərtər və başqa yaşayış məntəqələrimizdə günahsız insanlara qarşı reallaşdırdıqları müharibə cinayətləri ermənilərin öz amplualarında olduğunu göstərir. Nə yazıq ki, onlara havadarlıq edən ölkələr də günahsız insan ölümlərinə, sadəcə, göz süzürlər.
Dağılan stereotiplər
Şanlı Azərbaycan Ordusu sentyabrın 27-dən əks-hücum əməliyyatı ilə əzəli yurd yerlərimizin yağı düşməndən qurtarılması kimi şərəfli bir missiyanı uğurla həyata keçirir. Xalq-Ordu-Ali Baş Komandan birliyi sayəsində qəhrəmanlıq salnaməmizin ən parlaq səhifələri yazılır.
Bu kutsal zəfər yürüşü bir çox cəhətdən qürur qaynağıdır və gələcək nəsillərimiz üçün varolma yolunda mayak rolunu oynayacaq. Birincisi, Ordumuz bizim olanı özümüzə qaytarmaqla haqq-ədalətin zəfər çalması üçün böyük əzm və fədakarlıq göstərir. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bizi haqq yolumuzdan heç kim döndərə bilməz. Mübarizəmiz işğal altında olan bütün torpaqlarımızın azad edilməsi ilə başa çatacaq!
İkincisi, bu gün cəbhədə düşmənin kabusuna çevrilən, ona qan udduran qəhrəman əsgərlərimizin əksəriyyəti erməni vandallarının dinc sakinlərimizə qarşı keçmişdə və indi həyata keçirdiyi insanlıqdan kənar vəhşiliklərdən ya xəbərdardır, ya da bilavasitə şahidi olub. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini və 300-dən artıq qəsəbə və kəndi işğaldan azad edən Ordumuz düşmənin silahsız kəsimlərinə qarşı böyük həssaslıq göstərir. Baxmayaraq ki, ermənilər tərəfindən ağlasığmaz işgəncələrə məruz qalmış, həyatını itirmiş, əlil olmuş, itkin hesab edilən insanların doğmaları olan döyüşçülərimiz var. Onların qəhrəmanlığı təkcə torpaqlarımızı yağıdan təmizləməsi deyil. Bəlkə də onların ən böyük şücaəti əzizlərinin qanına əli batan, heysiyyətini tapdalayan millətin bu gün döyüşlərdə iştirak etməyən nümayəndələrinə qarşı insanlıq örnəyi göstərmələridir.
Haqq mübarizəmizin çox önəmli bir cəhəti də var. Ötən illərdən haqqımızda yanlış olaraq formalaşan fikir – ərazi itkiləri ilə sanki barışmış ölkə və xalq olmağımız barədə stereotip də 2020-ci ilin 27 sentyabrından sonra darmadağın oldu. İstənilən vaxt sərhədlərimizi pozub özbaşınalıq edə biləcəklərini düşünənlər də yanıldıqlarını anladılar. Və bunları müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu yaratdı. İşğal altındakı əzəli yurd yerlərimizin hər qarışını qanı-canı bahasına azad edən Azərbaycan Əsgəri onların iddia və xəyallarının üstündən birdəfəlik qara xətt çəkdi...
Yazımın sonunda Hüseyn Bağıroğlunun Ordumuzun bizə tez-tez zəfər soraqları verdiyi bu qürurlu tarixi günlərdə qələmə aldığı şeirini təqdim edirəm.
Azərbaycan əsgəri!
Haçan qanın qaynadı
Yer yerindən oynadı.
Sən bu Vətən uğrunda
Savaşdan heç doymadın.
Ey tarixin ilk əri,
Azərbaycan əsgəri!
Dünya
türkün dünyası,
Vətən ömrün mənası,
Başda
Turan sevdası,
Bağrına bas Xəzəri.
Sənsən uca Allahın
Ən sevimli əsəri,
Azərbaycan əsgəri!
Səni
görən olmadı
Söyüş meydanlarında.
At oynatdın hər zaman
Döyüş meydanlarında.
Vətənə bahar oldun
Ömrünün baharında.
Ey tarixin ilk əri,
Azərbaycan əsgəri!
İman
dolu köksünə
Nə ox, nə
güllə dəysin.
Uca Tanrı düşməni
Sənin əlinlə döysün.
Hünərinə sevinib
Coşsun
Araz, Həkəri...
Ey tarixin ilk əri,
Azərbaycan əsgəri!
Sən vüqarlı Haçadağ,
Sən yenilməz
Əlincə.
Meydanlardan çıxmadın,
Yağı düşmən ölüncə.
Sənsən ana yurdumun
Açılan hər səhəri.
Ey tarixin ilk əri,
Azərbaycan əsgəri!
Fariz YUNİSLİ
Mədəniyyət.- 2020.- 11
noyabr.- S.6.