Britaniya, Niderland və
Moldovada soydaşlarımızın sevinc göstərisi
Şuşa şəhərinin erməni işğalından azad edilməsi, dünyanın hər yerində olduğu kimi, Böyük Britaniyada yaşayan azərbaycanlıların da böyük sevincinə səbəb olub.
Prezident İlham Əliyev bu barədə xəbəri xalqa çatdırdıqdan bir qədər sonra Böyük Britaniyada yaşayan azərbaycanlı icmasının üzvləri bayraqlarımızla bəzədilmiş avtomobillərlə London küçələrində yürüş edib, sonra Azərbaycanın Britaniyadakı səfirliyi ətrafına toplaşaraq “Qarabağ Azərbaycandır!”, “Şuşa Azərbaycandır!” şüarları səsləndiriblər.
Azərbaycan səfirliyinin qarşısına toplaşan icma üzvləri səfirliyə dəvət olunub.
Səfir Tahir Tağızadə çıxış edərək müzəffər Ali Baş Komandanın və şanlı Azərbaycan Ordusunun xalqımıza bəxş etdiyi bu qələbə münasibətilə icma nümayəndələrini təbrik edib. Qeyd edib ki, son aylar ərzində Azərbaycanın haqq səsinin Britaniya ictimai-siyasi dairələrinə çatdırılmasında bu ölkədə yaşayan azərbaycanlı icmanın üzvlərinin əvəzolunmaz rolu olub. Səfir göstərdikləri vətənpərvərlik və təəssübkeşliyə görə icma nümayəndələrinə təşəkkür edib.
Londonda səfərdə olan Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlament dostluq qrupunun sədri Cavanşir Feyziyev də icma nümayəndələrini Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edib.
Şəhidlərimizin xatirəsi yad edildikdən sonra icma nümayəndələri Azərbaycan himnini oxuyub və milli vətənpərvərlik ruhunda olan mahnıların fonunda bir-birini təbrik edib.
***
Niderlandda fəaliyyət göstərən “Qarabağ” klubu mərkəzində bu ölkədə yaşayan azərbaycanlılar qədim mədəniyyət mərkəzimiz, fəxarət mənbəyimiz olan Şuşa şəhərinin azad edilməsi münasibətilə Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə tədbir keçiriblər.
Benilüks Azərbaycanlıları Konqresinin, Niderland və Belçika Koordinasiya Şurası, Azərbaycan Türk Kültür Dərnəyi, bu ölkədə fəaliyyət göstərən assosiasiyalarımız və burada yaşayan diaspor fəallarımız belə əzəmətli və tarixi günü – Şuşanın azad olduğu 8 noyabr tarixini böyük sevinclə qeyd ediblər.
İştirakçılar bu günün bütün azərbaycanlıların həyatında ən xoşbəxt gün olduğunu vurğulayıb, belə xoşbəxt anları xalqımıza yaşadan Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini bildiriblər.
“Şuşa hər bir azərbaycanlının qürur mənbəyidir. Şuşanın azad edilməsi qürurumuzu bizə qaytardı. Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşanın azad olması ilə fəxr edirik”, – deyə çıxış edənlər şüarlar səsləndiriblər.
***
Azərbaycanın Moldovadakı səfirliyində Şuşanın erməni işğalından azad edilməsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən səfir Qüdsü Osmanov Şuşanın Azərbaycanın tarixində mühüm yerə malik olduğundan söhbət açaraq mədəniyyət, incəsənət və tarixin beşiyi sayılan qədim şəhərin işğaldan azad edilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu qələbənin əldə edilməsində Ali Baş Komandan başda olmaqla, müzəffər Azərbaycan Ordusuna təşəkkürünü bildirib, Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.
İş adamı Firuz İsayev çıxışında Şuşanın xalqımızın mədəniyyət ocağı olduğunu bildirərək, hər bir azərbaycanlı gənci Şuşa şəhərinə gedərək tarixi keçmişimizi və mədəni irsimizi öyrənməyə səsləyib.
Azərbaycan diasporunun üzvləri çıxış edərək xalqımızı, bütün həmvətənlərimizi qələbə münasibətilə təbrik ediblər.
Tədbirdə milli mətbəximizə
məxsus şirniyyatlar təqdim edilib, həmvətənlərimiz
xalqımızın birlik və vətənpərvərlik
rəmzi olan qədim “Yallı”nın sədaları
altında rəqs ediblər.
Mədəniyyət.- 2020.- 11
noyabr.- S.8.