Əlişir Nəvai və Azərbaycan

 

 

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin təşəbbüsü ilə “Əlişir Nəvai və Azərbaycan” adlı onlayn seminar keçirilib.

 

Seminarı filologiya elmləri doktoru Kəramət Mollaxocayev açıb. Universitetin nəzdində fəaliyyət göstərən Məhəmməd Füzuli adına Tədqiqatlar Mərkəzinin rəhbəri, dosent Gülbahar Aşurova, filologiya elmləri doktorları Azadə Tacibayeva və Dilnəvaz Yusupova Əlişir Nəvainin həyatı və yaradıcılığı haqqında məlumat veriblər.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova onlayn seminarda “Əlişir Nəvai və Azərbaycan” mövzusunda məruzə edib. Məruzəçi Əlişir Nəvainin Azərbaycanda çap olunan əsərləri barədə danışıb, şairin irsinin tədqiq olunmasından söz açıb.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov onlayn seminarda qurumun gördüyü işlər haqqında məlumat verib.

 

Mədəniyyət.- 2020.- 11 noyabr.- S.7.