Tarixi xəbər müxtəlif ölkələrin
informasiya kanallarında
Prezident İlham Əliyevin Azərbaycanın qədim
şəhəri Şuşanın
erməni işğalından
azad olunması xəbərini elan etməsi müxtəlif ölkələrin informasiya
kanallarında da geniş yer alıb.
İspaniyanın EFE xəbər agentliyi, “La Vanguardia” qəzeti, “Eldiario” onlayn nəşri Dağlıq Qarabağın əsas şəhəri olan Şuşanın erməni işğalından azad olunması barədə Azərbaycanın dövlət başçısı İlham Əliyevin bəyanatını dərc ediblər. İspan nəşrləri yazır ki, Prezident İlham Əliyev Şuşa uğrunda döyüşləri tarixi qələbə adlandırıb.
Gürcüstanın report.ge, 24news.ge, interpressnews.ge, aktual.ge kimi informasiya portalları, eləcə də bir sıra televiziya və radio kanalları və digər kütləvi informasiya vasitələri 8 noyabrın istirahət günü olmasına baxmayaraq, dost və qardaş Azərbaycanın uğurlarına laqeyd qalmayıb, Prezident, Ali Baş Komandanın xalqa bugünkü müraciətini işıqlandırıblar. “İlham Əliyev: 8 noyabr Azərbaycan tarixində əbədi qalacaq”, “İlham Əliyev Şuşanın azad olunduğunu elan etdi” kimi materiallarda Azərbaycan Prezidentinin Fəxri xiyabanda ulu öndərin abidəsi və Şəhidlər xiyabanını ziyarət etməsi, xalqa müraciəti və Şuşanın azad olunması barədə müjdə verməsi xüsusi qeyd olunur.
Misirin “Aldiplomasy” informasiya portalı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz xalqına Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini verdiyini yazıb. Portalın “Prezident İlham Əliyev: Əziz Şuşa, sən azadsan!” sərlövhəli xəbərində Azərbaycanın dövlət başçısının Şəhidlər xiyabanından xalqa etdiyi müraciəti yer alıb.
Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə Azərbaycan Prezidentinin xalqa müraciəti ərəb telekanallarında flaş xəbər kimi verilib. “Al-Hadath”, “Aljazeera” və “Əl-Ərəbiyyə” televiziya kanallarının canlı yayımında Ali Baş Komandan İlham Əliyevin müraciəti yayımlanıb. “Arabnews”, “Saudigazette”, “Gulf Times” və digər qəzetlər də Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərlərini yayıblar.
Mədəniyyət.- 2020.- 11
noyabr.- S.8.