Türkiyədə Şuşanın azad olunması münasibətilə zəfər aksiyaları

 

Noyabrın 8-də İstanbulda Bəyazid meydanında “Birlikdən güc doğar” adlı aksiya keçirilib.

 

Şuşanın işğaldan azad edilməsinin qeyd olunması, Azərbaycana dəstək və erməni terroruna etiraz məqsədilə keçirilən tədbir azərbaycanlıların İstanbuldakı diaspor təşkilatları tərəfindən təşkil edilib.

 

Tədbirdə səsləndirilən bəyanatda bildirilib ki, güclü və intizamlı Azərbaycan ordusu bu gün heç bir hüquq tanımayan Ermənistanın işğalçı siyasətini genişləndirmək arzusunu gözündə qoyub, işğalçı dövlət “İki dövlət, bir millət” siyasəti qarşısında müqavimətini itirib: “Çünki bir yumruq kimi birləşən millətimiz qarşısında nə Ermənistan, nə də başqa bir güc davam gətirə bilməz!”.

 

Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi müjdəsi minə yaxın aksiya iştirakçıları tərəfindən sevinclə, alqışlarla qeyd edilib. Aksiyada Ermənistan terroruna son qoyulması tələbinə dair şüarlar, Azərbaycana dəstək məqsədli şeirlər, musiqilər səsləndirlib.

 

***

 

Müzəffər Azərbaycan Ordusu tərəfindən qədim Şuşa şəhərinin erməni faşistlərinin işğalından azad olunması Türkiyənin paytaxtı Ankarada da coşqu ilə qarşılanıb.

 

Bu zəfər xəbəri ilə bağlı sevincini bölüşmək istəyən insanlar ölkəmizin Türkiyədəki səfirliyinin qarşısına toplaşıblar. Azərbaycan və Türkiyənin dövlət bayrağını dalğalandıran aksiya iştirakçıları birlik, həmrəylik, qələbə və zəfər şüarları səsləndiriblər.

 

Sonra Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilən maşın karvanı Ankaradakı Heydər Əliyev parkına yola düşüb.

 

Aksiya “Azaflı” Sosial Yardım və Kültür Dərnəyi tərəfindən təşkil olunub.

 

***

 

Azərbaycanın qədim Şuşa şəhərinin 28 illik işğaldan sonra azad olunması münasibətilə Türkiyənin İğdır şəhərində də zəfər aksiyası keçirilib.

 

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının İğdır Azərbaycan Evi Dərnəyinin təşkilatçılığı ilə iki qardaş ölkənin bayraqları ilə bəzədilmiş maşın karvanı şəhərin mərkəzi küçələrindən keçib.

 

Aksiya iştirakçıları İğdırın Bələdiyyə meydanında “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”, “Şuşa zəfəri mənəvi birliyimizin təntənəsidir” və s. kimi şüarlar səsləndiriblər.

 

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal bildirib ki, müzəffər Ordumuzun hər bir zəfər xəbəri Türkiyədə də çoşqu doğurur.

 

Mehparə SULTANOVA

Ankara

 

Mədəniyyət.- 2020.- 11 noyabr.- S.1;8.