Azərbaycanın əbədi mədəniyyət məbədi

 

Şuşaya həsr olunmuş musiqili kompozisiya hazırlanıb

 

Azərbaycanın dilbər guşələrindən olan, Qarabağımızın döyünən qəlbi Şuşa hər birimizin qürur mənbəyidir. Xan Şuşinskinin səsini qoynunda saxlayan başıqarlı, vüqarlı dağları ilə əzəmətli görünən Şuşa hər bir azərbaycanlı üçün xüsusi önəm daşıyır. Cənubi Qafqazın dəyərli mədəniyyət mərkəzlərindən biri olan Şuşa, milli memarlıq üslubu ilə seçilən, Orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə məşhur olub. Muğamımızın beşiyi sayılan, Qarabağın dilbər guşəsi Şuşa şəhəri əbədi olaraq Azərbaycanın mədəniyyət məbədidir.

 

Şuşanı “Şərqin konservatoriyası” və “Azərbaycanın musiqi beşiyi” adlandırırlar. Bu şəhər Azərbaycanın bir sıra görkəmli şair, müğənni, musiqiçiböyük bəstəkarların Vətənidir. Xurşudbanu Natəvan, Cabbar Qaryağdıoğlu, Bülbül, Xan Şuşinski, Üzeyir Hacıbəyli və digər dəyərli sənət adamları bu şəhərdə yaşayıb, bu şəhərdə yaradıblar.

 

Azərbaycanın döyünən qəlbi, Qarabağın mirvarisi Şuşa haqqında musiqi kompozisiyası hazırlanıb. Layihə Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşıb. Musiqi müəllifi Almaniyada yaşayan həmyerlimiz, skripkaçı Anar Bramo olan kompozisiyanın sözləri Çexiyada yaşayan azərbaycanlı tanınmış şairə Leyla Beqimə məxsusdur.

 

Musiqi kompozisiyasının çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirib. Azərbaycan, rusingilis dillərində hazırlanan musiqi parçasını müvafiq olaraq Əməkdar artist Sevda Ələkbərzadə, Orxan Cəlilov və hazırda ABŞ-da yaşayan istedadlı müğənnimiz Ülviyyə Salayeva ifa ediblər. Musiqi kompozisiyasının çəkilişlərində dirijor Fuad İbrahimov və sənətçilər Kənan Bəşirli, Sahib Paşazadə, Anastasiya Avdeyeva, Nicat Məsimov, Naala Baratelia, “Lumineuxvokal-xor ansamblı və Bakı Kamera Orkestrindən ibarət yaradıcı kollektiv iştirak edib.

 

Üç dildə olan musiqi kompozisiyasını Bakı Media Mərkəzinin rəsmi “YouTube” və digər sosial şəbəkə səhifələrində izləmək mümkündür.

 

***

 

Bakı Media Mərkəzi tərəfindən müzəffər Azərbaycan Ordusuna həsr olunmuş videoçarx da hazırlanıb.

 

Bakı Media Mərkəzi Azərbaycanın dilbər guşəsi, Qarabağın mirvarisi Şuşanın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib: “Biz canlarını fəda edən atalarımızı, gözü yaşlı analarımızı, düşmən təcavüzü ilə işğal olunan torpaqlarımızı heç vaxt unutmadıq. Qarabağdan qucaqda gələn körpələr, tank belində əsgər kimi geri döndülər. Eşq olsun Müzəffər Ali Baş Komandanımıza, Ordumuza! Yaşasın Azərbaycan!”.

 

Videoçarx Bakı Media Mərkəzinin sosial şəbəkə səhifələrində təqdim edilib.

 

Mədəniyyət.- 2020.- 11 noyabr.- S.5.