Azərbaycanın Qarabağda zəfəri
dünya mediasında
Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması uğrunda 27 sentyabrda başlanan Vətən müharibəsinin qırx dörd gün sonra qalibiyyətlə başa çatması və işğalçı Ermənistanın faktiki kapitulyasiya bəyanatına imza atması dünya mediasında böyük rezonans doğurub. Müharibənin ilk günündən bu mövzuya geniş meydan verən qardaş Türkiyənin mediası 10 noyabr gecəsi Azərbaycan Prezidentinin elan etdiyi zəfəri də flaş xəbər olaraq, qəzetlər ön səhifələrində, aparıcı telekanallar isə canlı yayımla çatdırdılar.
Amerikadan Çinədək müxtəlif ölkələrin informasiya vasitələri də Azərbaycanın Qarabağda qazandığı zəfəri geniş işıqlandırır.
“The New
York Times”: Ermənistan məğlubiyyətini etiraf etdi
ABŞ-da çıxan “The New York Times” qəzetində
Azərbaycanın Ermənistan üzərində qələbəyə
və atəşkəsə həsr olunmuş məqalə dərc
edilib. Məqalədə
Rusiyanın vasitəçiliyi ilə bağlanan sazişdə
Azərbaycanın Ermənistan ilə onilliklər boyu
danışıqlarda əldə etməyə çalışdığı
xeyli güzəştlərə nail olduğu bildirilir.
Döyüş meydanında faktiki məğlubiyyətini
etiraf edən Nikol Paşinyan işğal edilmiş ərazilərin
qaytarılmasını və digər tələblərini qəbul
edərək Dağlıq Qarabağda müharibənin
dayandırılması barədə saziş imzalayıb. Azərbaycan
Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın
baş naziri Nikol Paşinyan tərəfindən imzalanan
saziş Azərbaycanın Dağlıq Qarabağ regionundan erməni
işğalçı qüvvələrinin
çıxarılmasını nəzərdə tutur.
Müəllif yazır ki, azərbaycanlılar
üçün münaqişənin nizamlanması 1994-cü
ildə başa çatan Birinci Qarabağ müharibəsi
zamanı öz evlərini itirən yüz minlərlə məcburi
köçkünün doğma ocaqlarına qayıtmasına
şərait yaradır. Məqalədə qeyd olunur ki, Ermənistan təqribən
30 il ərzində BMT Təhlükəsizlik
Şurasının Ermənistan silahlı qüvvələrinin
işğal edilmiş Azərbaycan ərazilərindən dərhal
çıxarılmasını tələb edən və məcburi
köçkünlərin doğma ev-eşiklərinə
qayıtmalarını nəzərdə tutan qətnamələrinə
məhəl qoymayıb.
Şuşanın
azad olunması Qələbəyə əhəmiyyətli
töhfə oldu
İspaniyanın “El Confidencial” elektron portalında Azərbaycanın
Qarabağda çaldığı zəfər barədə məqalə
yerləşdirilib. Yazıda Azərbaycanın işğal olunmuş
Dağlıq Qarabağ və ətraf rayonlarında 40 gündən
çox davam edən hərbi əməliyyatın Ordumuzun qələbəsi
ilə yekunlaşdığı, məğlub olmuş Ermənistanın
baş naziri Nikol Paşinyanın İrəvanda “satqın”
kimi qarşılandığı qeyd edilir.
Azərbaycanın
tarixi Şuşa şəhərinin
işğaldan azad olunmasının Azərbaycan Silahlı
Qüvvələrinin qələbəsinə əhəmiyyətli
töhfə verdiyi vurğulanaraq, diqqətə
çatdırılır ki, Ermənistan silahlı qüvvələri
dekabrın 1-dək Kəlbəcər, Ağdam və
Laçın rayonlarından çıxmalıdır.
Geniş
oxucu kütləsinə malik “El Mundo” qəzetində Azərbaycan
Respublikasının Prezidenti, Ermənistan Respublikasının
baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən
noyabrın 10-da imzalanan birgə bəyanatın müddəaları,
habelə sənədin Azərbaycan və Ermənistan
xalqları tərəfindən necə qarşılanması
barədə məqalə dərc edilib. Məqalədə Azərbaycan
üçün böyük tarixi və strateji əhəmiyyətə
malik Şuşa şəhərinin
noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən
azad olunması xüsusi vurğulanır.
Fransa qəzeti
müharibənin hərbi dərsləri haqqında
Azərbaycan Ordusunun üstünlüyü ilk günlərdən
bəlli idi.
Bu fikir Fransanın “L’Opinion” qəzetində dərc olunmuş
“Dağlıq Qarabağ: müharibənin hərbi dərsləri”
adlı məqalədə qeyd edilib.
Məqalədə Azərbaycan Ordusunun hərbi əməliyyatları
müvəffəqiyyətlə həyata keçirdiyi
vurğulanır. Azərbaycan əhalisinin sayının Ermənistan
əhalisinin sayından qat-qat çox olmasının da əhəmiyyəti
özünü göstərdi. Vurğulanır
ki, erməni tərəfi 44 günlük müharibədə
heç bir əməliyyat təşəbbüsü göstərə
bilmədi.
Şuşadan
sonra erməni ordusunun müqaviməti mənasız idi
Macarıstanın “Magyar Nemzet” nəşrində də
şanlı Azərbaycan Ordusunun Qarabağda döyüş əməliyyatları
zonasında son uğurları barədə material dərc
edilib.
Müəlliflər
Qarabağın tarixi paytaxtı Şuşa
şəhərinin – Şuşa qalasının qəhrəmancasına
azad edilməsindən bəhs edərək bu hadisəni
“Dağlıq Qarabağ münaqişəsində
dönüş anı” adlandırıblar. Müəlliflərin
fikrincə, mahiyyət etibarilə bütün bunlar onu deməyə
əsas verir ki, həmin gün Azərbaycan Qarabağ cəbhəsində
strateji əhəmiyyətli bütün mövqeləri tutub və
erməni ordusunun bundan sonrakı müqaviməti mənasız
olub.
Xorvatiya
saytı: “Bütün dünya üçün Qarabağ Azərbaycandır”
Xorvatiyanın “Vjeçerni list” onlayn xəbər
portalında beynəlxalq məsələlər üzrə
ekspert Branimir Vidmaroviçin “Bütün dünya
üçün Qarabağ Azərbaycandır. Bəs niyə
müharibə?” sərlövhəli məqaləsi dərc
olunub.
B.Vidmaroviç Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinə bir neçə aspektdən
yanaşıb.
Müəllif qeyd edir ki, sentyabrın 27-də
Ermənistan silahlı qüvvələrinin təmas xəttində
törətdikləri təxribatlardan sonra Azərbaycan tərəfinin
genişmiqyaslı əks-əməliyyat aparması
bütün Dağlıq Qarabağ və zəbt olunmuş ətraf
7 rayonu azad etmək niyyətində olduğunu göstərirdi.
Məqalədə eyni zamanda Ermənistan baş naziri
N.Paşinyanın hakimiyyətə gəlməsindən sonra əl
atdığı təxribatlar sadalanır. Bildirilir ki,
öz hərəkətləri ilə danışıqlar
prosesini mənasız edən Ermənistan hakimiyyəti Azərbaycana
seçim yeri qoymayıb.
Müəllif Ermənistan tərəfinin
döyüşdə uduzaraq müharibə cinayətləri
törətməsinin, Azərbaycanın Gəncə və Bərdə
şəhərlərinə ballistik raketlər və kasetli
bombalar atmasının beynəlxalq təşkilatlar tərəfindən
sübut olunduğunu diqqətə çatdırır.
Azərbaycan
birinci müharibədə itirdiklərini qaytarır
Azərbaycan Dağlıq Qarabağa nəzarət
uğrunda döyüşlərdə bir sıra əsas
uğurlar əldə etdikdən sonra sülh
razılaşması imzalanıb.
Çin Mərkəzi Televiziyasının ingilis dilində
yayımlanan CGTN (China Global Television Network) kanalının
internet səhifəsindəki məqalədə bu barədə
qeyd olunur. Bildirilir ki, 6 həftə davam edən
döyüşlərdən sonra Azərbaycan, Rusiya və Ermənistan
rəhbərləri döyüşlərin
dayandırılması haqqında sənəd imzalayıblar.
Sənədə əsasən, ərazilər Azərbaycana
təhvil veriləcək, məcburi köçkünlər
öz yurdlarına qayıda biləcəklər.
Məqalədə qeyd olunur ki, döyüşlərin
dayandırılması barədə sənədin
imzalanması Azərbaycanda sevinclə qarşılansa da, Ermənistanda
tam əksi yaşanıb, yüzlərlə etirazçı
Ermənistan parlamentinə soxulub, qanunverici orqanın sədrinə
hücum ediblər.
CGTN-in saytında Qarabağ müharibəsinə aid digər
məqalədə isə Azərbaycan Ordusunun nailiyyətlərinin
yekunu kimi sülh bəyanatının imzalandığı
qeyd olunub. Bu
nailiyyətlərə 1991-1994-cü illərdəki müharibədə
itirilmiş onlarla yaşayış məntəqəsinin, o
cümlədən bölgədə strateji mövqeyi olan Şuşa şəhərinin azad edilməsi
daxildir.
“Nə oldu, Paşinyan?”
Gürcüstanın “interpressnews.ge” informasiya agentliyi Azərbaycan
Prezidenti İlham Əliyevin xalqa müraciəti zamanı
söylədiyi fikirlərə geniş yer ayırıb. Xəbərlərdə
Ağdamın, Kəlbəcərin və Laçın
rayonlarının dekabrın 1-dək qaytarılması,
bölgəyə Rusiya və Türkiyə sülhməramlılarının
yerləşdirilməsi məsələsi əksini tapıb.
Ən
çox oxunan isə “Prezident İlham Əliyev: Nə oldu,
Paşinyan? Qarabağla bağlı statusun nə
oldu? Cəhənnəmə getdi status, gora
getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq” sərlövhəli
məqalə olub.
İran mətbuatı:
Ermənistan sülhə məcbur edildi
İran mətbuatı Azərbaycan, Rusiya və Ermənistan
rəhbərlərinin imzaladıqları birgə bəyanat
barədə xəbərlərə geniş yer ayırıb. İSNA,
İRNA, Mehr, İLNA, “Tehran Times”, “Tasnim” saytları Azərbaycanın
Dağlıq Qarabağ uğrunda apardığı mübarizədə
qalib gələrək Ermənistanı sülhə məcbur
etdiyini bildiriblər.
Diqqətə çatdırılıb ki, Azərbaycan
Prezidenti İlham Əliyev siyasi iradə nümayiş etdirərək
işğal altındakı torpaqları azad etdi. Materiallarda Prezident İlham
Əliyevin xalqa müraciətindən sitat da gətirilib:
“Paşinyan bəyanatı öz istəyi ilə deyil, Azərbaycanın
dəmir yumruğu sayəsində imzaladı”.
İran mediası Ermənistanda baş verən hadisələrə
də toxunub.
Qeyd olunub ki, Ermənistanda xaos hökm sürür,
baş nazir N.Paşinyanın istefası tələb olunur.
Xalqımızın
Qələbə sevinci ərəb KİV-lərində
Azərbaycan xalqının Qələbə sevinci ərəb
mediasının da diqqət mərkəzindədir. Səudiyyə Ərəbistanının
“Əl-Ərəbiyə”, Qətərin “Əl Cəzirə”,
İordaniyanın “Almamlaka”, Misirin “MBC Masr”, “Extranews” və
“Nilenews”, “Skynews Arabic”, “İ24 Arabic” televiziya
kanallarının efirində, “Əl-Əhram”, “Jordantimes” və
s. nəşrlərdə Azərbaycan Prezidentinin xalqa
müraciəti haqqında geniş reportajlar yayımlanıb. Ərəb televiziya kanalları, həmçinin Ermənistanın
məğlubiyyəti, ermənilərin İrəvanda
Paşinyanın kabinetinə hücum etməsi barədə
süjetlər veriblər.
Səudiyyə
Ərəbistanının ingilis dilində nəşr edilən
“Arabnews” qəzetinin birinci səhifəsində dərc
olunmuş “Azərbaycan öz Qələbəsini elan etdi” sərlövhəli
məqalədə xalqımızın şanlı Qələbəmizi
bayram etməsindən yazılıb.
“Əl-Cəzirə” qəzetindəki məqalədə
qeyd edilib ki, Moskvanın vasitəçiliyi ilə müharibənin
dayandırılması Ermənistanın tam məğlubiyyətindən
sonra baş verib. Müəllif yazır ki, iqtisadi və hərbi
gücü olmayan, eyni zamanda işğal etdiyi əraziləri
azad etməkdən boyun qaçıran Ermənistan qüdrətli
Azərbaycan Ordusunun qarşısında davam gətirə bilmədi.
Misirin “Aldiplomasy” informasiya portalında baş redaktor Əşrəf Əbu Urafənin “Azərbaycan xalqı Qələbəni bayram edir” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə diqqətə çatdırılır ki, ərazilərini işğaldan azad etmiş Azərbaycan bundan sonra həmin torpaqlarda quruculuq işləri aparacaq, həmçinin bütün müsəlmanlar üçün əhəmiyyətli olan məscidləri və İslam abidələrini bərpa edərək minarələrdə yenidən azan səsinin ucalmasını təmin edəcək.
***
Özbəkistanın “kun.uz”, “human.uz”, “qalampir.uz” və “tnews.uz” xəbər portallarında cəbhə xəttində müharibənin başa çatması haqqında özbək və rus dillərində məqalələr yerləşdirilib.
Yazılarda Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin birgə bəyanatından bəhs olunaraq vurğulanır ki, Ermənistan noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək isə Laçın rayonunu Azərbaycana qaytaracaq.
Mədəniyyət.- 2020.- 13
noyabr.- S.8.