Bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir
“Biz bir
daha gücümüzü
göstərdik, xalqımızın birliyini
göstərdik. Göstərdik ki, heç bir qüvvə bizi haqq yolumuzdan
döndərə bilməz”
Vətən müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq Qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları torpaqlarımızdan qovmuşuq. Mən gəlmişəm ki, bu parlaq Qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü bildirim, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, siz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmisiniz, yaralanmısınız, öz həyatınızı risk altına atmısınız, böyük şücaət göstərmisiniz.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu sözləri noyabrın 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə bildirib.
Dövlət başçısı vurğulayıb ki, İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı Qələbəsi kimi qalacaq: “Bu Qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan bütün addımlar bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq”.
Prezident deyib: “Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi və siz – bu döyüşlərdə iştirak edən insanlar yaxşı bilirsiniz ki, 30 il ərzində hansı istehkamlar qurmuşdular. O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi. Bir də ki, o bölgənin coğrafiyası özlüyündə bir istehkamdır. Şuşa alınmaz qala sayılan bir şəhərdir. Pənahəli xan o şəhəri elə salmışdır ki, Şuşa sakinlərini düşməndən maksimum dərəcədə mühafizə edə bilsin. Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir. Düşmən 30 il bu torpaqlarda hazırlıq işləri görüb. Bu hazırlıq işləri onu göstərir ki, öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Əgər istəsəydi, bu məsələlərə nə üçün bu qədər vəsait ayırırdı? Bu, onu göstərir ki, bütün bu dövr ərzində - 30 ilə yaxın dövr ərzində düşmən, sadəcə olaraq, bizi aldadırdı, vasitəçiləri aldadırdı ki, onlar bizim torpaqlarımızdan çıxacaqlar. Bu, yalan idi və döyüş meydanında mövcud olan mənzərə bunu təsdiqləyir”.
Dövlət başçısı qeyd edib ki, işğaldan azad edilmiş torpaqların mənzərəsi düşmənin bu illər ərzində Azərbaycan xalqına nifrət hissi ilə yaşadığını göstərir: “İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar dağıdılıbdır – yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz. İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz – həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər”.
Prezident diqqətə çatdırıb ki, Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həll olunması üçün səy göstərdi və məsələnin uzanmasının əsas səbəbi budur: “Ancaq son bir il ərzində gördük ki, bizi, sadəcə olaraq, aldadırlar, sülh prosesi demək olar, iflic vəziyyətə düşmüşdü. Ermənistanın yeni rəhbərliyi qəbuledilməz, zərərli addımlar və ifadələrlə faktiki olaraq danışıqlar prosesini məhv etmişdi və son aylar ərzində bunu heç də gizlətmirdi. Nümayişkaranə elə addımlar atılırdı ki, həm bizə, həm bütün dünyaya göstərsinlər ki, işğal edilmiş torpaqlar əbədi işğal altında qalacaq. Onlar müxtəlif xəritələr dərc etmişdilər. Bu xəritələrdə “Dağlıq Qarabağ respublikası”nın sərhədlərini müəyyən etmişdilər, o sərhədlərin içərisinə bütün işğal edilmiş torpaqlar da daxil idi. Onlar bizim tarixi şəhərlərimizin, kəndlərimizin adlarını dəyişdirmişdilər. Tarixi-mədəni irsimizi silmək istəyirdilər. Xaricdən erməniləri Şuşaya gətirib məskunlaşdırmaq istəyirdilər. Yeni kommunikasiyaların, yolların çəkilişi nəticəsində o məskunlaşmanı, xüsusilə Arazboyu yerləşən rayonlarda o məskunlaşmanı sürətləndirmək istəyirdilər. Xaricdə yaşayan ermənilərin maliyyə və siyasi dəstəyi hesabına bir neçə ölkədə bəzi bələdiyyələr artıq “Dağlıq Qarabağ respublikası”nın tanınması haqqında qərarlar qəbul etmişdilər. Bütün bunlar onu göstərir ki, onlar hesab edirdilər, bax, bu yollarla həm işğalı qanuniləşdirəcəklər, həm də qondarma kriminal qurumun tanıdılması istiqamətində uğurlar qazanacaqlar. Görəndə ki, bizi, sadəcə olaraq, aldadırlar, bizi, müqəddəs yerlərimizi təhqir etməyə çalışırlar, biz sözümüzü dedik və mən bunu gizlətmirdim. Bütün bu dövr ərzində - 17 il ərzində demişdim ki, əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik”.
Müharibənin dayandırılması haqqında noyabrın 10-da imzalanmış birgə bəyanatın faktiki olaraq Ermənistan üçün kapitulyasiya aktı olduğunu diqqətə çatdıran İlham Əliyev deyib: “Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü Ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Onu da deyə bilərəm ki, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.
Prezident qeyd edib ki, bu zəfərdən sonra ölkəmizdə mövcud olan həmrəylik daha da yüksək səviyyəyə qalxıb: “Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Mən onlara bizim bu qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək deyirəm: siz köçkün deyilsiniz, siz qayıdırsınız. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar. Biz Azərbaycan dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq”.
Prezident deyib ki, bu istiqamətdə ilk növbədə, təhlükəsizlik tədbirləri görülməlidir: “Mənfur düşmən o bölgələrdə demək olar ki, hər yerə minalar döşəyib. İndi minalardan təmizləmə prosesi getməlidir. Biz indi beynəlxalq təşkilatları da cəlb edəcəyik. Çünki qısa müddət ərzində bunu etmək üçün bizdə daxili imkanlar məhduddur. İlk növbədə, təhlükəsizlik, ondan sonra infrastruktur, ondan sonra bütün başqa bərpa məsələləri öz həllini tapacaq. Eyni zamanda, bildiyiniz kimi, bu 44 gün ərzində düşmən öz məğlubiyyətinin acısını mülki vətəndaşlardan çıxarmaq istəyirdi. Bunun nəticəsində 93 mülki şəxs həlak oldu, 400-dən çox mülki şəxs yaralandı, 3 mindən çox bina ya dağıldı, yandı, ya da ki, ziyan gördü. Mən artıq göstəriş vermişəm, bölgələrə qruplar göndərilir, vurulmuş ziyan hesablanır. Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək. Yəni, bizim vətəndaşlarımız tam əmin ola bilərlər ki, onların itirilmiş bütün mülkiyyəti bərpa ediləcək. Mən söz verirəm ki, onlar üçün tikiləcək evlər, əvvəlki evlərdən daha yaxşı olacaq, daha keyfiyyətli olacaq, daha geniş olacaq. Biz bunu edəcəyik. Bizim üçün xalqımızın rifahı, təhlükəsizliyi birinci məsələdir. Ancaq bu dövr ərzində mənim üçün ondan da vacib məsələ torpaqlarımızın qaytarılması idi, ərazi bütövlüyümüzün bərpası idi, bayrağımızın Şuşada ucaldılması idi, işğal altında olan bütün başqa torpaqlarda bayrağımızın qaldırılması idi. Buna nail olduq!”.
Qazanılan qalibiyyətin Azərbaycan cəmiyyətində böyük sevinc və ruh yüksəkliyi doğurduğunu bildirən dövlət başçısı deyib: “Xalqımızın duyğularını təsəvvür etmək çətin deyil. Mən bu dönəmdə hər gün minlərlə məktub alıram. Sevinclə dolu, minnətdarlıqla dolu, qürur hissi ilə dolu məktublar məni doğrudan da çox duyğulandırır... Biz tarixi anlar yaşayırıq. Bu bayramı bütün Azərbaycan qeyd edir, bütün dünya azərbaycanlıları qeyd edirlər. Bu bayram qardaş Türkiyədə bizdəki kimi qeyd olunur. Bu, təbiidir. Çünki biz bir millət, iki dövlətik. Bu günlər ərzində əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəfələrlə öz təşəkkürümü bildirmişəm. Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Çünki Prezidentin, Qardaşımın ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi”.
Prezident daha sonra Vətən müharibəsinin qazilərinə, yaralı hərbçilərə müraciət edərək deyib: “Sizin həyatınızda yeni dövr başlayır. Siz yaralanmısınız. Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımi tədbirlər görüləcək... Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır.
Şəhid ailələrinin problemləri
öz həllini tapacaq. Biz növbədə dayanan əksər şəhid ailələrimizin
məişət problemlərini
demək olar ki, həll etdik.
Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən
evlərlə, mənzillərlə
təmin ediləcək.
Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza
göstəriş verirəm
ki, İkinci Qarabağ müharibəsində,
Vətən müharibəsi
adlandırdığımız müharibədə şəhid
olmuş insanların yaxınlarına qısa müddət ərzində
həm maddi dəstək göstərilməlidir,
eyni zamanda, indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin,
evlərin verilməsi
təmin ediləcəkdir.
Mən bütün
bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş
meydanında, arxa cəbhədə qəhrəmanlıq
göstərmiş hərbçilərimizi
təltif edəcəyəm. Artıq müvafiq
göstəriş verilibdir.
Mən artıq göstəriş
vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək.
Məhz Vətən müharibəsində
fərqlənmiş hərbçilərə
və mülki şəxslərə bu orden və medallar
veriləcək. Bu orden və medalların
adlarını da mən təklif etmişəm. Hesab edirəm
ki, bu adlar
da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək”.
“Planlarım çoxdur. İnşallah, hamısını icra edəcəyik. Bu tarixi Qələbəmizi hüquqi müstəvidə, siyasi müstəvidə daha da möhkəmləndirəcəyik. Bundan sonra vətəndaşlarımız rahat yaşayacaqlar, öz doğma torpağına qayıdacaqlar. Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq.
Ona görə bu gün, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Mədəniyyət.- 2020.- 13
noyabr.- S.1;2.