Gözündə uşaq
qalan...
“Kuklaya səhnədə
can verməlisən, elə oynamalısan ki, onlar “dirilsin”
Onu illərdi tanıyıram. Sadə, mehriban, mülayim, həssas və hədsiz kövrək. Konfeti əlindən alınan uşaq məsumluğu ilə tez-tez ağladığını, için-için hıçqırdığını görürəm. Yox, düşünməyin ki, kimsə onun qəlbini qırır və ya haqqına girir.
Əksinə, ətrafdakılar yaşından asılı olmayaraq, uşaqla uşaq, böyüklə də elə saf uşaq olmağı bacaran bu ağbirçək qadının nazı ilə oynamağa, könlünü xoş etməyə çalışır. Amma o, gəncliyindən qəlbinə hopan izahsız (bizə görə) kədərinə havadan, sudan səbəblər taparaq kövrələ, ağlaya və tez bir zamanda ovunub, gülümsəyə də bilər. Yəqin elə buna görədir ki, illərini, daha doğrusu, ömrünü bir səhnədə keçirib. Özü də uşaqlar üçün oynayıb, kuklalar üçün cilddən-cildə girib, səhnə üçün qocalmayan uşaq kimi qala bilib.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının az qala ahıllaşan tamaşaçıları da onu belə tanıyır, belə sevir. Hər dəyişən nəsil, hər yenilənən repertuar onun aktyor, səhnə, sənət sevgisini ildən-ilə artırır. 68 illik ömrün hər anına teatr adlı bir sehrli rəng qatan xanım yenə kövrək, yenə sevgi dolu, yenə təpədən-dırnağa uşaq məsumluğu ilə doludur. Deməli, hələ yaşamaq da, yaratmaq da olar...
Elmira Əmbər qızı Hüseynova 8 noyabr 1952-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan teatra maraq göstərib, 1970-ci ildən ömrünü Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına bağlayıb. Müsabiqə yolu ilə burada işə qəbul olunan gənc Elmira onlarla səhnə əsərində bir-birindən fərqli, maraqlı və yaddaqalan yüzlərlə kukla obrazını sevə-sevə yarada bilib. Bu dəfə rollarını sadalamadan, ara-sıra etdiyimiz söhbətlərdən məqamlarla onu sizə bir də bu ampluadan – optimist qadın prizmasından göstərmək istəyirəm. Heç bir fəxri ad umu-küsüsü etməyən, həyatın hər ağrısına mərdliklə sinə gərən, çox gənc yaşında sənət dostu və həyat yoldaşını itirən və iki körpəsi ilə həyata meydan oxuyar kimi yaşayıb-yaradıb.
Bir dəfə təxminən 50 ildir ömrünü bu sənət ocağına bağlayan aktrisadan niyə nə vaxtsa başqa teatra getmədiyini soruşmuşdum. Gözləri dolmuş və cavabı elə təxmin etdiyim kimi olmuşdu: “Bura mənim evimdir, adam hər gün bir evdə qalarmı? Həm də burada mən səhnə, sənət, həyat sevgimi həm tapmışam, həm də itirmişəm. Həyat yoldaşım, həm istedadlı yazıçı, həm də gözəl aktyor və insan Şahmar Hüseynovla da burada tanış olmuşam. Ömrümün sonunadək bu teatr mənim evim, sevinc, sevgi ocağım olacaq. 17 yaşımdan bəri sayını itirdiyim tamaşalarda təxmini 200-ü keçən obrazı canlandırmışam. Deməli, bura mənim yuvam, taleyimin mərkəz nöqtəsidir”.
Elmira xanım obrazlar arasında fərq qoymayan aktrisalardandır. O, adi epizodda da həvəslə oynayır, köməkçi aktyor kimi bəzən səhnə maşinistinin də edə biləcəyi işləri gənc aktyorlara kömək üçün icra edir. Təkəbbür və qocaman aktrisa eyforiyası ona yaddır. Xüsusən teatra yeni gələn, kukla texnikasını mənimsəməyə çətinlik çəkən gənc həmkarlarının sevimlisi, kukla idarəetmə müəllimidir. Öyrədir, özü də həvəslə, bezmədən, maraqla. Bu vərdişin də ona Şahmardan qaldığını xatırladır. Səhnə müəllimi olan sevimli həyat yoldaşından qalan və illərin səhnə təcrübəsi sayəsində qazanılan nə varsa hamısını gənclərə böyük şövq ilə öyrədir. Deyir təki gənclər daha tez püxtələşsinlər: “Aktrisa tamaşa, obraz arasında fərq qoymamalı, onu bacardığı qədər yaxşı, uşaq üçün maraqlı təqdim eləməlidir. Bu mənada bizim işimiz daha çətindir. Uşağın diqqətini cəlb etmək, onu səhnədəki nağıl, uydurma əhvalata, rəngarənglik fonundakı oyuna inandırmalısan. Elə özünü də.
Ona görə də çalışıram mənə tapşırılan obrazı birinci özüm sevim, inanım, sonra da mənimsəyim. Bu mənada bütün obrazlarımı sevərək oynamışam və oynayıram. Doğmalaşıb bütün rollarım mənə, doğma olmasaydı, oynaya bilməzdim ki. Elə gənc sənət dostlarıma da bunu təlqin etməyə çalışıram”.
Kukla sənəti, onun idarə edilməsi, texniki və ifadə imkanları mürəkkəb və çətin olduğundan hər aktyor uzun müddət buna tab gətirmir. Digər tərəfdən, bir sıra aktyorlar yaradıcılıqlarında bu səhnədən tramplin kimi istifadə edir və ilk fürsətdə başqa səhnələrə köçürlər. Elmira xanım isə, əksinə, hər aktyorun kuklaçı ola bilmədiyi, kukla ilə oyunun heç də hər kəsdə baxımlı alınmadığını deyir: “Əsas texniki tərəflərdir və mən ilk mərhələdən, belə deyim də, kuklanın təməl qoymasından onunla yol gəlirəm. Bir az da səbirsiz adamam. Eskizlər sexə düşən kimi mexaniklərin, dərzilərin yanında bənd alıram və başlayıram yaranan kuklanı uşaq kimi sevməyə, əzizləməyə. Həyəcanla işin bitməsini gözləyirəm. Axı, əvvəlcə ona, onunla ifadə edəcəyim obraza özüm öyrəşməliyəm. Çoxu deyir ki, neyləyirsiz, bir parça taxtadır da, alırsınız əlinizə, oynadırsınız. Amma, inanın, canlı səhnəyə çıxmaq daha asandır, nəinki kuklaları oynatmaq. Səhnədə canlı planda da oynamışam, amma kuklalarla daha çətin və məsuliyyətlidir. Kuklaya səhnədə can verməlisən, elə oynamalısan ki, onlar “dirilsin”. Çünki canlı tamaşalarda tamaşaçı aktyordan impuls alır, onu görür. Bizdə isə fərqlidir. İşimiz həm çətindir, həm də maraqlı. Elə gənc aktyor dostlarımıza da həmişə bunu deyirəm: siz gərək həm tamaşaçını, həm özünüzü, həm də kuklanızı görməlisiniz. İşimizin görünməyən tərəfləri çoxdur, elə kuklalarımız var ki, 2-4 kilo, bəzən daha ağır olur. Amma bunların hamısı o qədər gözəldir ki”.
Həmsöhbətim aylardır davam edən pandemiya dövründə uşaqlar üçün, səhnə üçün, kuklalar üçün çox darıxıb: “Arada mənə elə gəlir ki, pandemiyanın yaratdığı bu fasilə bizim kimi ömrünü səhnədə keçirənlərin sürgünüdür. Vallah, mənə elə gəlir ki, bu vaxt ərzində xeyli qocaldım, süstləşdim, korşaldım. Aktyor üçün səhnəsizlik böyük faciədir”.
Elmira xanımla hər söhbətimizdə o, mövzunu sevimli Şahmarı ilə bağlayır. Mən isə hər dəfə yayınmağa çalışıram. Ağlamasını istəmirəm, bəlkə də. Bu dəfə də elə oldu: “Şahmarı itirdiyim bu 30 ildən artıq müddətdə heç bu qədər təklik çəkməmişdim. Səbəbini düşündükcə belə qənaətə gəldim ki, səhnə, hər gün iş, yeni obrazlar, səfərlər, məşqlər məni ovudurmuş. Düzdür, ondan sonra ağlamadığım günüm olmayıb. O illər hədsiz dərəcədə ağır illər idi. Çətinliklərim yadıma düşür, itkisi məni çox yandırır. Fikirləşirəm ki, o olsaydı belə edərdi, hər şey başqa cür olardı. Oğullarım indi yanımda olardı. Lap xaricə köçüb getsələr də, mən tək yaşamazdım, Şahmar mənimlə olardı. Düzdür, hər iki oğlum ailə qurub, işləyirlər, güzəranları yaxşıdır. Amma mən burda təkəm və təklik pandemiyanın bizi evlərimizə məhkum etdiyi bu ağır aylarda daha çox hiss olundu”.
Söhbəti, onun haqqında ondan xəbərsiz hazırladığım bu yazını nikbin nota kökləmək üçün oynamaq istədiyi, arzuladığı rollardan danışdım. Dedim görüm, bu yaşı 70-i haqlamış böyüməyən məsum uşağın arzuları necə, böyüyübmü? Maraqlıdır, elə əsərləri, elə obrazları sadaladı ki, qəlbim çəhrayı şar topasına çevrilib ənginliyə uçdu...
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2020.- 13
noyabr.- S.6.