Kinomuzun Gündüzü

 

 

Bir neçə sənət sahəsini fəaliyyətində birləşdirəsən və hər birində də uğur qazanasan. Bu, hər kəsə nəsib olmur. Ancaq kinoaktyor Gündüz Abbasovun çoxcəhətli yaradıcılıq yoluna nəzər salanda bu baxımdan onun uğurlu sənətkarlardan olduğunu görürük. Bu il istedadlı aktyorun anadan olmasının 90 illiyidir.

 

Gündüz Abbasov 20 noyabr 1930-cu ildə Bakıda nasir, dramaturq Şəmsəddin Abbasovun ailəsində anadan olub. Ədəbiyyat və incəsənətlə sıx bağlı mühitdə böyüyən Gündüzün gəncliyi teatr, kino aktyorları arasında keçir. Erkən çağlardan təsviri sənətə maraq göstərir. 1952-ci ildə Bakı Rəssamlıq Məktəbini, 1961-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Filologiya fakültəsinin jurnalistika şöbəsini bitirir.

 

Gündüz Abbasov hələ tələbə ikən kinorejissorların diqqətini çəkir. 1942-ci ildə “Sovet pəhləvanı” adlı qısametrajlı bədii filmə çəkilməklə kinoda debüt edir. Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova həsr olunan filmdə baş qəhrəmanın kiçik dostu, balaca çoban rolunu məharətlə yaradır. Onun böyük kinoya gəlişi isə 1958-ci ildə gerçəkləşir. Bakı kinostudiyasında dramaturq İmran Qasımovun ssenarisi əsasında rejissor Əjdər İbrahimovun çəkdiyi “Onun böyük ürəyi” bədii filmində prokuror Rəcəb obrazını yaradır. Kinorejissor Əlisəttar Atakişiyev isə 1959-cu ildə Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağpyesi əsasında çəkdiyi “Bir qalanın sirri” film-nağılında aktyoru baş rola – Elşən roluna çəkir. Tamaşaçıların maraqla qarşıladığı bu filmdə Elşən məkrli Göygöz kosaya qalib gəlir. Sevgilisi Mətanəti düşmənin əlindən xilas edir...

 

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə Gündüz Abbasovla bağlı araşdırmasında yazır ki, istedadlı aktyorKoroğlu” filmində baş rola məsləhət görülür. Sınaq çəkilişləri üçün Moskvaya teleqram vurulur. Həmin vaxtBir qalanın sirrifilminin müəyyən epizodları Moskvada çəkilirdi. Rejissor Ə.Atakişiyev qısqanclıq ucbatından teleqramı Gündüzə vermir. Rejissor H.Seyidzadə teleqramına cavab almadığı üçün aktyor Əfrasiyab Məmmədovu Koroğlu roluna təsdiq edir.

 

Sonrakı illərdə Gündüz Abbasov müxtəlif planlı xarakterik rollara çəkilib. Anarın çəkdiyi “Qəm pəncərəsi” filmi yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin həyat səhifəsini canlandırır. Aktyor qoca Kərbəlayı rolunu oynayır. Rejissor Kərbəlayını kasıb kəndlilərin ümumiləşdirilmiş obrazı kimi təqdim edir. Kinorejissor Ceyhun Mirzəyevin “İşarəni dənizdən gözləyin” tarixi-inqilabi filmində isə aktyor Şair roluna çəkilib. Bu personajın prototipi görkəmli romantik şair Məhəmməd Hadidir. Gündüz Abbasov filmdə çox ustalıqla obraza girirşairi tamaşaçıya sevdirir...

 

Aktyorun taleyinə “Bizim küçə”, “Leyli və Məcnun”, “Telefonçu qız”, “Torpaq, dəniz, od, səma”, “Dədə Qorqud”, “Nizami” və digər filmlər də yazılıb. Çəkildiyi sonuncu film isə “Yuxudur. Sağlığında filmi görə bilməsə də, yaratdığı Hidayət əmi obrazı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Gündüz Abbasov Azərbaycan kinosunda 30-dək, “Mozalansatirik kinoalmanaxında isə 20-dən çox müxtəlif obrazı canlandırıb.

 

Erkən çağlardan ədəbiyyata dərin maraq göstərən Gündüz Abbasov bədii yaradıcılıqla da məşğul olub. Hekayə və tərcümələri dövri mətbuatda dərc edilib. 50-60-cı illərdə “Papasının qızı”, “Canlı körpü” və “Qanadlar” adlı kitabları işıq üzü görüb. O, tərcüməçi kimi də fəaliyyət göstərib, 20-yə yaxın xarici müəllifin əsərini dilimizə çevirib.

 

Azərbaycan Radiosunun Gənclər şöbəsinin müdiri işlədiyi müddətdə 100-dən çox reportaja imza atıb. “Uşaqgəncnəşr” və “Azərnəşr”də fəaliyyət göstərən Gündüz Abbasov çoxsaylı kitabın redaktoru olub, “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri işləyib. “Güllələnmə təxirə salınır” filminin ssenarisini redaktə edib.

 

Tanınmış aktyor ömrünün sonlarına yaxın “Keçmişsiz” adlı roman üzərində işləyib, lakin əsəri bitirməsi üçün ömür vəfa etmir. İstedadlı sənətkar 21 avqust 1995-ci ildə, 65 yaşında Bakıda vəfat edib.

 

Qeyd edək ki, 2011-ci ildə Azərbaycan Dövlət Film Fondunda Gündüz Abbasovun şəxsi arxiv fondu yaradılıb. Fonda 40-a yaxın fotomaterial daxil edilib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 13 noyabr.- S.6.