Şuşa qalasının əksi olan 112 yaşlı açıqca

 

 

Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Şuşa qalasının qərb hissəsini əks etdirən açıqca saxlanılır. 1908-ci ilə aid olan açıqca 1977-ci ildə muzeyə təhvil verilib.

 

Şuşa qalası qədim şəhərin tarixi mərkəzini əhatə edən qala divarlarıdır. Yeni salınmış qala-şəhər onun banisi olan Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılıb. Sonra xalq tərəfindən Qala, Şuşa qalası, daha sonrakı dövrdə isə sadəcə Şuşa adlandırılıb.

 

Şuşa qalasının memarlığında feodal dövrü memarlığının əsas şəhərsalma prinsipləri, həm şəhər yerinin seçilməsi, həm struktur planlaşdırması, həm də qalanın xarici bədii siması baxımından özünü büruzə verir. Qala üç əsas qapıya malik olub: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.

 

Muzeydə qorunan Şuşa qalası açıqcası işğaldan azad edilmiş tarixi şəhərimizin tədqiq və təbliği baxımından böyük əhəmiyyət daşıyır.

 

Mədəniyyət.- 2020.- 13 noyabr.- S.7.