Qarabağımızın incisi

 

 

Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir” – ümummilli lider Heydər Əliyevin bu sözlərlə ifadə etdiyi Qarabağın mirvarisi Şuşa 2020-ci il noyabrın 8-də müzəffər Azərbaycan Ordusu tərəfindən azad edildi.

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu tarixi hadisə münasibətilə “Qarabağı qarış-qarış tanıyaq” layihəsi çərçivəsində Şuşa haqqında videomateriallar hazırlayaraq istifadəçi auditoriyasına təqdim edib.

 

“Qarabağımızın incisi Şuşa” adlı videoçarxda füsunkar Şuşanın tarixi, təbiətinin gözəllikləri, incəsənət nümunələri, mədəni dəyərləri olan xalçaçılıq, atçılıq, ipəkçilik, zərgərlik sənətləri haqqında geniş məlumat verilib.

 

Videoçarxda Şuşanın qədim mədəniyyət abidələri, incəsənət nümayəndələri haqqında fikirlər də yer alıb. Şuşanın Mir Möhsün Nəvvabın, Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Bülbülün, Zülfü Adıgözəlovun, Xan Şuşinskinin, bəstəkarlardan Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behdudovuns. bu kimi nadir istedada malik insanların vətəni olması diqqətə çatdırılıb.

 

Kitabxana əməkdaşları Səməd VurğununŞuşa” şeirinə də videoçarx hazırlayıblar. Videoçarxda şeirin səsləndirilməsi bir zamanlar “Qafqazın konservatoriyası” adını qazanmış Şuşanın görüntüləri ilə müşayiət edilir.

 

Hərbi vətənpərvərlik hisslərini tərənnüm edən videoçarxlar sosial şəbəkə istifadəçiləri, xüsusilə də yeniyetmə və gənclər üçün faydalı olacaq. İstifadəçilər videomateriallara kitabxananın “İnstagram” hesabından baxa bilərlər.

 

 

Mədəniyyət.- 2020.- 13 noyabr.- S.4.