Ziyalı və yaradıcı insanların
Qələbə sevinci, zəfər təəssüratı
Azərbaycanın gücünü
bütün dünya gördü
“Əziz Şuşa, biz qayıtdıq!” – bu sözləri Azərbaycan millətinin böyük oğlu, bütün zamanların böyük Azərbaycan sərkərdəsi, müzəffər öndər İlham Əliyev dedi. Müzəffər öndərimiz Azərbaycanın gücünü, potensialını bütün dünyaya sübut etdi. Bütün dünya bu gün Azərbaycan xalqının həm mədəniyyətini, həm intellektual səviyyəsini, həm döyüş bacarığını, həm onun diplomatik gücünü gördü və bir daha biz öz bildiyimiz adekvat həqiqətimizi dünyaya çatdırdıq.
Bu sözləri Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla deyib.
“Biz Ordumuzla, qalibiyyətli əsgərlərimizlə, şəhidlərimizlə, qazilərimizlə, arxa cəbhədə bir yumruq kimi Azərbaycan adını göylərə qaldıran vətəndaşlarımızla ancaq fəxr edə bilərik. Bu gün qəhər boğazımızdadır, gözümüzdən sevinc yaşları axır. “Əziz Şuşa, biz qayıtdıq!” sözləri əbədi olsun. “Əziz Şuşa, biz səninləyik!” sözləri ömürlük olsun”, - deyə Kamal Abdulla vurğulayıb.
***
Noyabrın 10-u Azərbaycan tarixinə ilk Milli Qələbə Günü kimi əbədi həkk olundu. Bütün xalqımızı bu müqəddəs gün münasibətilə ürəkdən təbrik edirəm!
Bu sözlərin müəllifi, Xalq yazıçısı Afaq Məsud Qələbə sevincini bölüşərək daha sonra deyib: “Gözün aydın olsun, əziz xalqım! – deyirəm. Torpaqlarımız uğrunda canından keçmiş bütün şəhidlərimizə məkanınız cənnət olsun, igidlərim! – deyirəm, – Vətən, xalq heç bir zaman bu şəhidlik zirvəsini unutmayacaq! Bu qələbənin müəllifi – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Var ol, yaşa, Müzəffər Ali Baş Komandan! – deyirəm, – Azərbaycana tarixin ilk milli Qələbəsini yaşadan, xalqa milli oyanış ruhunu bəxş edən, tükənməz səbir və dözümlə addım-addım Qələbəyə aparan yolu məharətlə irəliləyən Böyük Sərkərdə!”.
***
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan Vətən müharibəsi şanlı Qələbə ilə başa çatdı. Qısa zaman çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. 10 noyabr Azərbaycan xalqının tarixində Qələbə Günü kimi qeyd ediləcək.
Bu fikirləri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib.
“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin axşam xalqa müraciətini dinlədikcə istər-istəməz kövrəldim. Bu günləri bizə yaşadan rəşadətli Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandanımıza minnətdarlığımı bildirirəm. Bu Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, nəyə qadir olduğunu bir daha dünyaya bəyan etdi... Bir daha xalqımızı bu möhtəşəm Qələbə münasibətilə təbrik edirəm. İnanıram ki, Ermənistan bu savaşdan öz dərsini aldı. Bu Qələbə onlara əbədi dərs olacaq. Qarabağ Azərbaycanındır və Azərbaycanın olaraq qalacaq. Qarabağ Azərbaycandır!” – deyə o vurğulayıb.
***
Doğma yurdumuza qayıtmaq bizim üçün əvəzsiz bir hədiyyədir. Qarabağın azadlığı uğrunda ümummilli həmrəyliyimiz bizi bu xoşbəxtliyə qovuşdurdu. Bu xoşbəxtlik naminə vətən oğullarımız son nəfəsinədək vuruşdu, Qarabağın keçilməz dağlarında qanları ilə tarix yazdı. Torpaqlarımız doğma Azərbaycanına qovuşdu.
Bu sözləri isə Xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, professor Şəfiqə Məmmədova bildirib.
O deyib: “Mən öz sevinc hisslərimi sözlə ifadə edə bilmirəm. Qarabağ mənim ürəyimdədir. Belə bir tarixi gün yaşadığıma görə çox sevinirəm. Bu torpaq mədəniyyətimizə, ədəbiyyatımıza böyük şəxsiyyətlər bəxş edib. Şuşanı Azərbaycanın konservatoriyası adlandırırdılar. Bu da səbəbsiz deyildi. Qızıl səsli xanəndələrin, söz-sənət sahiblərinin, musiqiçilərin vətəni sayılan Şuşa ruhumuzun daim can atdığı möhtəşəm bir ünvan idi. Şükürlər olsun ki, ən böyük arzumuz gerçək oldu. Bizim üçün Azərbaycanın hər yeri Vətəndir, lakin doğma yurdumuza qayıtmaq bizim üçün əvəzsiz bir hədiyyədir. Bu sevinc hisslərini bizə bəxş etdiyinə görə şanlı Azərbaycan Ordusuna və müzəffər Ali Baş Komandanımıza təşəkkür edirik”.
***
Xalq artisti İlham Namiq Kamal Vətən müharibəsində Qələbənin ona bəxş etdiyi sevinci bu sözlərlə dilə gətirib: “Dünyada torpaq qədər müqəddəs və qiymətli başqa bir nemət yoxdur. Bizi dünyaya gətirən, havası ilə nəfəs aldığımız, suyunu içdiyimiz, nemətləri ilə qidalandığımız ana torpağın qoynunda əbədiyyət yuxusuna gedirik. Ulu babalarımızın da qoynunda uyuduğu bu torpaq hamımızın məskənidir. Heç də təsadüfi deyil ki, qürbətdə vəfat edən kəsin məzarına onun doğulduğu yerdən bir ovuc torpaq gətirib tökürlər. Torpaq ana kimi bizi qoynunda bəsləyir, böyüdüb boya-başa çatdırır, ərsəyə yetirir və dünyadan köçəndə də qucağına alır. Torpağa olan sevgi, onun müqəddəsliyi bəlkə də elə bu hisslərdən qaynaqlanır. Harada olur-olsun, harada yaşayır-yaşasın, insan dünyaya göz açdığı müqəddəs məkanı heç vaxt unutmur. Vəsiyyətində də onun qoynunda dəfn edilməyi tapşırır.
Burada çox böyük bir hikmət var. Azərbaycan əsgəri bu hikməti dərk etdiyinə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silaha sarılıb müqəddəs torpaqlarımızın azadlığı uğrunda haqq savaşına qalxaraq azğın erməni silahlı qüvvələrinə qarşı 44 gün davam edən ölüm-dirim müharibəsi apardı. Bu müharibədə güclü tərəf biz idik və Azərbaycan haqlı olaraq qalib gəldi. Bizi Qarabağa, Qarabağı bizə qovuşduran ləyaqətli əsgər balalarımızın bu əməyi ən yüksək dəyərə, hörmət və ehtirama layiqdir. Bu uğurun memarı, aparıcı qüvvəsi olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, döyüşlərdə sərkərdəlik edən general və zabitlərimizə, birlik və həmrəylik nümunəsi göstərən xalqımıza çox böyük minnətdarlıq duyğusu ilə təşəkkür edirik!”.
***
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi təəssüratını belə ifadə edib: “Etiraf edək ki, son 200 ildən artıq bir dövrdə Azərbaycan xalqı sahib olduğu əraziləri itirə-itirə gedirdi və buna görə hətta bir sıra dairələrdə öz torpaqlarını müdafiə edə bilməyən zəif və gücsüz xalq imici formalaşdırmışdı. Lakin son ay yarımda baş verən hadisələr xalqımızın əsl gücünü, iradəsini və birliyini ortaya qoydu. Müdrik dövlət başçısının rəhbərliyi altında müzəffər ordumuzun çox qısa vaxtda öz gücünü nümayiş etdirərək 30 ilə yaxın erməni qəsbkarlarının tapdağı altında olan tarixi torpaqlarını işğaldan azad etməsi bunun bariz nümunəsidir. Bu, qürur və iftixar hissi doğurur! Məhz bu möhtəşəm Qələbədən sonra xalqımız başını dik tuta bilər. Qarabağ torpaqları uğrunda davam edən 44 günlük müharibə Azərbaycanın hərbi gücünü ona şəkk edənlərə sübut etdi. Azərbaycan əsgəri Vətənə olan çox böyük sevgisi, məhəbbəti ilə və heç nədən qorxmadan ölümün üstünə getmək məharəti ilə əzəli torpaqlarımızı fədakarlıqla azğın düşməndən azad etdi. Müharibə itkisiz olmur. Müqəddəs yolda əbədiyyətə qovuşan şəhidlərimizə Ulu Tanrıdan rəhmət, valideynlərinə, yaxın və doğmalarına səbir diləyirəm. Bizə bu böyük sevinci bəxş edən müzəffər Ali Baş Komandana, əsgərlərimizə, bu yolda əməyi keçən hər kəsin ünvanına hamımızın çoxlu təşəkkür və minnətdarlığı var. Yaşa, var ol, Azərbaycan!”.
***
Qarabağ musiqimizin beşiyi, vətənidir. Bu gün Üzeyir bəyin, Xan Şuşinskinin, Seyidin, Sadıqcanın və görkəmli mədəniyyət xadimlərinin ruhu şaddır. Bu gün mənim ulu babalarımın ruhu şaddır. Vətən nisgili, işğal altında olan torpaqlarımızın ağrısı bitir və biz qalib xalq kimi tarix yazırıq. Şuşanın başı dumanlı dağlarında bu gün Azərbaycan əsgəri keşik çəkir. Qədim Qala divarları bizlərin yolunu gözləyir. Düz 28 il bu xoşbəxt sabahın açılacağını gözlədik. Bu günü bizə Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti və rəşadətli Ordumuz nəsib etdi. Şəhidlərimiz bu möhtəşəm Qələbə tarixini öz qanları ilə yazdılar.
Bu sözləri Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov deyib. O bildirib ki, Azərbaycan cəmiyyəti, Azərbaycan gəncliyi üçün yeni həyat, yeni tarix başlayır: “Qələbə xəbəri bizi qürurlandırdı, başımızı dik tutdu. Yaşasın Ali Baş Komandanımız və Ordumuz! Bir daha Müzəffər Ali Baş Komandana təşəkkürümü bildirirəm! Noyabrın 10-u xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! Qarabağ Azərbaycandır!”.
***
Qüdrətli Azərbaycan öz şərtlərini Ermənistana qeyd-şərtsiz qəbul etdirdi. 44 gün ərzində Azərbaycan Ermənistana öz gücünü göstərdi. Bütün bunların fövqündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin düzgün siyasi strategiyası dayanır. Bu gün ölkəmiz özünün iqtisadi gücü ilə dünyada söz sahibinə çevrilib. Dövlətimizin başçısının dediyi kimi, əgər iqtisadi gücümüz olmasaydı, belə qələbələri əldə edə bilməzdik. Bəli, bu, tarixi gündür. Bu Qələbə Azərbaycan Prezidenti və Azərbaycan Ordusunun qələbəsidir.
Bu sözləri isə Qobustan Dövlət Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib.
“Bu günədək
hamımızın ruhu Qarabağda
dolaşırdı. Bu gündən etibarən
hər birimizin taleyində sanki
yeni səhifə açılır. Bu, haqqın qələbəsidir, Azərbaycan
xalqının qələbəsidir. Yaşasın Azərbaycan!”,
- deyə V.İsayev söyləyib.
Mədəniyyət.- 2020.- 13
noyabr.- S.5.