Azıx mağarasında aparılmış qanunsuz arxeoloji qazıntılara hüquqi qiymət verilməlidir

 

Ermənistan Respublikası təcavüzkar siyasətini davam etdirərək Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qanunsuz arxeoloji qazıntı işləri həyata keçirib. İşğalçı dövlət beynəlxalq hüquqa zidd olaraq, 1992-ci ildən zəbt etdiyi Azərbaycan ərazilərində arxeoloji qazıntı işləri aparıb.

 

Azərbaycanın Xocavənd rayonu ərazisində yerləşən, dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmış Azıx mağara düşərgəsində 2002-ci ildən etibarən xarici ekspertlərin iştirakı ilə aparılan qazıntılar bu qəbildəndir. Qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət nümunələri Ermənistana daşınaraq mənimsənilib.

 

1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”nın 2-ci Protokolunun 9-cu bəndi işğalçı tərəfə “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi, elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan edilməsi, qarşısının alınması kimi öhdəlikləri təsbit edir.

 

Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Ermənistan Respublikası dövlət olaraq vaxtilə işğal etdikləri Azərbaycan ərazilərində maddi mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyət daşıyır.

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən bu məsələ ciddi nəzarətdə saxlanılır və Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatlar mütəmadi olaraq məlumatlandırılacaq. Bu kimi mənimsəmə faktlarının qarşısının alınması üçün zəruri hüquqi prosedurların tətbiqi, həmçinin beynəlxalq təşkilatlar, xüsusilə UNESCO tərəfindən bu faktlara hüquqi qiymət verilməsi üçün müvafiq tədbirlər görüləcək.

 

Mədəniyyət.- 2020.- 13 noyabr.- S.1;4.