Kəlbəcərdəki erməni
barbarlığı dünya mediasında
Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində ermənilərin Kəlbəcəri tərk edərkən törətdikləri vandallıqlar barədə məqalə yerləşdirilib.
Məqalədə diqqətə çatdırılır ki, Azərbaycanın Kəlbəcər rayonu 1994-cü ildə başa çatan müharibə nəticəsində ermənilərin nəzarətinə keçib. Amma bu il sentyabrın sonunda başlayan döyüşlərin gedişində Azərbaycan hərbi uğurlar əldə edib ki, bunun kulminasiyası strateji vacib mövqeyi və Azərbaycan mədəniyyətində həssas yeri olan Şuşa şəhərinin azad edilməsi olub. Bundan sonra Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri savaşın dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, Ermənistanın işğalı altında olan ərazilər Azərbaycana qaytarılacaq.
Məqalədə Kəlbəcər rayonunda işğaldan sonra məskunlaşan ermənilərin bu əraziləri tərk edərkən evləri yandırması, dam örtüyü də daxil olmaqla tikinti materiallarını söküb aparması barədə bəhs edilir. Qeyd olunur ki, Kəlbəcərin Azərbaycanın nəzarətinə qaytarılması ilə öz evlərinə qayıdacaq sakinlər yanmış, xarabalığa çevrilmiş evlərlə qarşılaşacaq. Yazıda, həmçinin Azərbaycana qaytarılmalı olan və vaxtilə minlərlə sakinin yaşadığı Ağdamın da işğal nəticəsində xarabalığa çevrildiyi bildirilir.
Yaponiyanın “msn.com” saytı da Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunu tərk edən ermənilərin buradakı evləri və sosial obyektləri yandırması barədə məqalə yayıb.
Məqalədə bildirilir ki, 27 il əvvəl Kəlbəcəri mühasirəyə alan ermənilər burada yaşayan azərbaycanlılara ərazini tərk etmələri üçün cəmi bir neçə saat vaxt vermişdilər. Lakin buna baxmayaraq, Azərbaycan rəhbərliyi növbəti dəfə humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirərək ermənilərin Kəlbəcərdən çıxması üçün müddətin noyabrın 25-dək uzadılmasına razılıq verib.
Məlumatda ermənilərin tərk etdikləri evləri və sosial obyektləri yandırmasına da geniş yer ayrılıb. Bildirilib ki, bu evlərin əksəriyyəti ötən əsrin 90-cı illərində bu ərazilərdən qovulan azərbaycanlılara məxsus olub. Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş ərazilərdə evlərlə yanaşı, xəstəxanaların, məktəblərin, tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığını bildirdiyi və buna görə Ermənistanın kompensasiya ödəyəcəyini vurğuladığı da diqqətə çatdırılıb.
***
Kəlbəcərdə onlarla ev yanır. Bu sözlər Fransanın “Le Temps” qəzetində dərc olunan məqalədə yer alıb.
Məqalədə Ermənistan hökumətinin vaxtilə şirnikdirici vədlərlə erməniləri Kəlbəcərdə qanunsuz məskunlaşdırmasından söz açılıb. Yazı müəllifinin Kəlbəcərdə məskunlaşmış və hazırda oranı tərk edən ermənilərlə aparılan söhbəti zamanı onlar müxtəlif vədlərlə buraya gətirildiklərini bildiriblər. Marut adlı erməni yaxınlıqda yanmış evi göstərərək, qonşusu Aleksin əvvəllər İtaliyada yaşadığını və erməni hökumətinin köməyi ilə Kəlbəcərə gəlib məskunlaşdığını deyib. Hacik adlı digər erməni isə əvvəllər Avstraliyada yaşadığını etiraf edib.
“Le Temps”ın jurnalisti Kəlbəcərdə vəziyyəti təsvir edərək, ermənilərin hər şeyi söküb apardığını, evləri yandırdığını və ağacları kəsdiyini yazıb.
***
Almaniyanın “deutschlandfunk.de” internet portalında “Ermənilər Azərbaycana təhvil verməzdən əvvəl evlərə od vururlar” adlı məqalə dərc edilib.
Məqalədə Rusiya vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan atəşkəs razılaşmasına görə Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd olunur ki, burada məskunlaşan ermənilər tərk etdikləri evləri azərbaycanlılara qalmaması üçün yandırırlar.
Mədəniyyət.- 2020.- 18
noyabr.- S.1;3.