Mədəni irsimizə qarşı
vandalizmə beynəlxalq hüquqi qiymət
verilməlidir
Xudafərin körpülərinin və
Şuşanın tarixi mərkəzinin
UNESCO siyahısına salınması üçün
işlərə başlanılıb
“Respublikamızdakı mədəni miras mənşəyindən asılı olmayaraq Azərbaycanın mülkiyyətidir və ölkədən çıxarılması qeyri-qanunidir”.
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov bu sözləri noyabrın 16-da Milli Xalça Muzeyində Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.
Ermənilərin işğal etdikləri ərazilərdəki məscidlərdən tövlə kimi istifadə edərək murdarlaması faktlarından bəhs edən Anar Kərimov bildirib ki, bu cür əməllər vandallıqdır. Mənşəyindən asılı olmayaraq, ibadət evlərinə hörmət göstərilməlidir: “Təəssüflər olsun ki, biz ermənilər tərəfindən bunu görmədik. Nəinki məscidlər, hətta alban məbədləri belə baxımsız, dağıdılmış vəziyyətdə idi. Bildiyiniz kimi, Hadrutda belə bir alban məbədi tapılmışdı, o baxımsız və dağıdılmış vəziyyətdə idi. Bu, bir daha göstərir ki, onlar heç bir ümumbəşəri dəyərə hörmət etmirlər, beynəlxalq hüquq normalarına məhəl qoymurlar”.
Vurğulanıb ki, Mədəniyyət Nazirliyinin əməkdaşları hazırda işğaldan azad edilmiş bölgələr üzrə abidələrin vəziyyətini öyrənir: “Bu faktları toplayıb beynəlxalq təşkilatlara göndərəcək və eyni zamanda bu abidələrin bərpa və konservasiya işləri ilə məşğul olacağıq. Bu sahəyə həm yerli, həm də beynəlxalq ekspertləri dəvət etmək istəyirik. Beynəlxalq ekspertlərin dəvət edilməsində məqsəd ondan ibarətdir ki, bütün dünyaya bu vəhşiliklər çatdırılsın”.
Mədəniyyət nazirinin birinci müavini Cəbrayıl rayonu ərazisindəki Xudafərin körpülərinin UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi ilə bağı məsələyə də toxunub: “Bununla əlaqədar olaraq biz artıq nominasiya dosyesinin hazırlanması prosesinə başlamışıq. Əvvəlcə Xudafərin körpüləri UNESCO-nun Dünya irsinin ilkin siyahısına daxil edilməlidir. Bundan sonra Xudafərin körpüləri İran İslam Respublikası ilə sərhəddə yerləşdiyi üçün İran ilə birgə onun Dünya irs siyahısına daxil edilməsinə çalışacağıq”.
Anar Kərimov Şuşa şəhərinin tarixi mərkəzinin UNESCO siyahısına salınması üçün işlərə başlandığını da diqqətə çatdırıb. Qeyd edib ki, 1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşa Tarix-Memarlıq Qoruğu yaradılıb. 2001-ci ildə Azərbaycan tərəfinin təklifi ilə qoruq UNESCO-nun Dünya irsinin ilkin siyahısına daxil edilib. Şuşa şəhəri 28 il işğal altında olduğu üçün bu işi davam etdirmək mümkün deyildi: “Şuşa işğaldan azad edilən kimi dərhal bu istiqamətdə işlərə başlanılıb. Bununla bağlı artıq beynəlxalq və yerli ekspertlərlə əlaqə yaradılıb. Şuşanın tarixi mərkəzinə səfər ediləcək, oradakı mədəniyyət incilərinin monitorinqi aparılacaq və bunun əsasında da namizədlik dosyesi hazırlanaraq UNESCO-ya təqdim ediləcək”.
Azərbaycana məxsus maddi-mənəvi mirasın, tarixi eksponatların ermənilər tərəfindən daşınmasına toxunan Anar Kərimov bunu bədnam qonşularımızın xislətinin göstəricisi kimi qiymətləndirib: “Azərbaycana məxsus mədəni mülkiyyətin qeyri-qanuni olaraq ölkəmizdən çıxarılması beynəlxalq hüquq normalarına zidd, eyni zamanda bəşəri dəyərlərə hörmətsizlikdir. Biz bunu qətiyyətlə pisləyirik. Bununla əlaqədar olaraq beynəlxalq təşkilatlara, o cümlədən UNESCO-ya müraciətlər olunub. Bundan sonra da bu iş davam etdiriləcək. Bu əməllərə beynəlxalq ictimaiyyət tərəfindən hüquqi qiymət verilməlidir. UNESCO-nun 1970-ci il Konvensiyasına görə mədəni mülkiyyətin qeyri-qanuni olaraq ölkədən çıxarılması qadağandır və bu müddəaların icra edilməsi ilə bağlı hökumətlərarası komitə mövcuddur. Ermənilərin bu addımına hüquqi qiymət verilməsi həmin komitədən tələb ediləcək”.
LALƏ
Mədəniyyət.- 2020.- 18
noyabr.- S.3.