Qarabağdakı qanunsuz arxeoloji qazıntılarla bağlı cinayət işi başlanıb

 

 

AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşlarının Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə qanunsuz arxeoloji qazıntıların aparılması, Azərbaycana məxsus maddi və mədəni irs abidələrinin talanması barədə mətbuatda dərc edilmiş müraciətinə Baş Prokurorluq tərəfindən baxılıb.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, artıq işğaldan azad edilmiş ərazilərimizdə vaxtilə ermənilər tərəfindən qanunsuz arxeoloji qazıntıların aparılması, tarixi maddi və mədəni irs abidələrinin talanması və digər epizodlarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmaqla istintaq qrupu yaradılıb.

 

Cinayət işi üzrə müstəntiqlər tərəfindən hadisə yerlərinə baxış da daxil olmaqla zəruri istintaq hərəkətləri keçirilir, habelə digər dövlət qurumları ilə birlikdə dəymiş maddi, o cümlədən mütəxəssislər və ekspertlər cəlb edilməklə tarixiarxeologiya baxımından dəymiş ziyanın müəyyən edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

 

Kütləvi informasiya vasitələrində dərc edilən müraciətdə qeyd edilmiş digər faktlara da diqqət yetirilməklə, cinayət işi üzrə aparılan istintaq zamanı həmin xüsusatların araşdırılması təmin ediləcək.

 

 

Mədəniyyət.- 2020.- 18 noyabr.- S.3.