Türk Mədəniyyəti və İrsi Fondunda
Qazaxıstan nümayəndə heyəti ilə görüş
Noyabrın 14-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Qazaxıstandan gələn politoloq və siyasi şərhçilərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Fondun prezidenti Günay Əfəndiyeva qurumun həyata keçirdiyi layihələrdən söhbət açıb. Bildirib ki, bu il Qazaxıstanla bağlı bir neçə əlamətdar yubiley də Fond tərəfindən qeyd olunur. Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin 80 illiyi münasibətilə “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır. Azərbaycan dilində daha bir nəşr böyük qazax yazıçısı Abay Kunanbayevin 175 illiyinə həsr olunub. Kitabların təqdimatının Qazaxıstanda da keçirilməsi nəzərdə tutulur. Bu il həmçinin İspaniyada türk dünyasının iki böyük şəxsiyyəti – Qazaxıstanın görkəmli şairi Abay Kunanbayev və Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş poçt markaları buraxılıb.
Qarabağ mövzusuna toxunan G.Əfəndiyeva Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunmasını şanlı Qələbə adlandırıb və bu tarixi zəfərin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsinin, Azərbaycan Ordusunun rəşadətinin və Azərbaycan xalqının birliyinin nəticəsi olduğunu bildirib. O, həmçinin erməni işğalına məruz qalmış torpaqlarda dağıdılmış mədəni irsimizin mövcud acınacaqlı vəziyyətindən söz açıb. Bildirib ki, tarixi, dini abidələrin, memarlıq nümunələrinin məhv edilməsi, təhqir olunması yalnız Azərbaycana deyil, bütövlükdə türk dünyasına dəyən maddi və mənəvi zərərdir. Fond tərəfindən bununla bağlı müxtəlif araşdırmalar aparılır, kitablar nəşr edilir. Belə nəşrlərdən biri hüquq elmləri doktoru, professor Namiq Əliyevin rus dilində çap olunmuş “XIX-XX əsrlərdə Cənubi Qafqaz üzrə beynəlxalq müqavilələr və ermənilərin köçürülməsi” kitabıdır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, AMEA Hüquq və İnsan Haqları İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə əməkdaşlığı çərçivəsində “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı layihə də həyata keçirilib. Layihə çərçivəsində Azərbaycan, rus, ingilis və fransız dillərində kitab və kataloq nəşr edilib.
Tədbirdə çıxış edən professor Namiq Əliyev Dağlıq Qarabağda cərəyan etmiş hadisələrə toxunub, müəllifi olduğu nəşr haqqında məlumat verib.
Qazaxıstanda yerləşən Beynəlxalq Türk Akademiyasının nümayəndəsi Füzuli Məcid səfərin məqsədindən söz açıb. Bildirib ki, nümayəndə heyəti Azərbaycanın müxtəlif regionlarında olub, şəhid ailələri ilə görüşüb, çəkilişlər aparıb.
Ea-news.kz xəbər portalının rəhbəri Nurqali Jusipbay, politoloq Asxad Hasanqali səfərlə bağlı fikirlərini bölüşüb, Azərbaycanın haqlı davasının zəfərlə bitməsinə sevindiklərini bildiriblər.
Rejissor Almas Altay Qazaxıstanın tarixi abidələri ilə bağlı apardığı çəkilişlərdən söz açıb. Bildirib ki, bu layihənin davamı olaraq biz Azərbaycanda da tarixi abidələrin çəkilişlərini aparmaq istəyirik.
Sonda qarşılıqlı əməkdaşlıq, həyata keçiriləcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2020.- 18
noyabr.- S.4.