Bakı, Gəncə və Naxçıvan səhnəsindən keçən sənət yolu

 

 

O səhnəyə erkən çıxmışdı. Həm də sevə-sevə. Sənətlə bağlı arzularının üfüqləri çox geniş idi. Həm də anasının sənət yolunu davam etdirməliydi...

 

Bu yazıda tanınmış teatrkino aktrisası, Xalq artisti Zemfira Əliyevanın ömür və sənət yoluna nəzər salacağıq.

 

Zemfira Məmmədəli qızı Əliyeva 25 dekabr 1941-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Valideynləri onun xoşbəxt gələcəyi üçün səy göstərir, təlim-tərbiyəsi ilə ciddi məşğul olurlar. Anası Firuzə Bədirbəyli Gəncə Dövlət Dram Teatrının aktrisası idi. Bu zəngin sənət mühiti onun həyat yolunu seçməsində əhəmiyyət rol oynayacaqdı. O, hələ məktəbli ikən anası ilə tez-tez teatra gedib-gəlir. Bir müddət sonra ona teatr tamaşalarında uşaq rolları tapşırılır. İstedadı, emosional ifadə vasitələri erkən formalaşdığı üçün 17 yaşında ikən ona Cəfər Cabbarlının “Solğun çiçəklər” melodramında Sara rolu həvalə edilir. Gənc aktrisanın debütü gözlənildiyindən də yaxşı alınır.

 

İlk uğurdan sonra teatra işə qəbul olunur. Aktrisa qısa vaxt ərzində göstərilən etimadı doğruldur. Bundan sonra ona bir-birinin ardınca Səməd VurğununVaqif” (Gülnar), Viktor Rozovun “Sabahın xeyir” (Liza), EvripidinMedeya” (Medeya), Əfqan Əsgərovun “Qız atası” (Məryəm) əsərlərinin tamaşalarında daha mürəkkəb rollar tapşırılır.

 

Füsunkar səhnə görkəmi, məlahətli səsi, coşqun sənət ehtirası olan Zemfira Əliyeva 1972-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrına dəvət olunur. Aktrisa burada yaratdığı səhnə obrazlarına da xüsusi emosional təravət, psixoloji dərinlik və fəlsəfi bütövlük verir. Qısa vaxt ərzində Naxçıvan teatrında baş rolların mahir ifaçısı kimi tanınır və kollektivin sevimlisinə çevrilir. O, Naxçıvan səhnəsində Cəfər Cabbarlının “Almaz”, “Solğun çiçəklər”, “Oqtay Eloğlu” və “Yaşar” əsərlərinin tamaşasında Almaz, Sara, Firəngiz, Yaqut, Hüseyn CavidinAna”, “Şeyda”, “Şeyx Sənan” və “Uçurumunda Səlma, Roza, Xumar, Anjel, Mirzə Fətəli Axundzadənin “Hacı Qarasında Sona, Bəxtiyar Vahabzadənin “Yağışdan sonra” əsərinin tamaşasında Reyhan, Şıxəli Qurbanovun “Sənsiz”ində Maral, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”nda Pırpız Sona, Sabit Rəhmanın “Toy” komediyasında Zinyət, Vaqif Səmədoğlunun “Bəxt üzüyü”ndə Söylü, İlyas Əfəndiyevin “Unuda bilmirəm” və “Məhv olmuş gündəliklər”ində Nərmin, Anjel, Süleyman Sani Axundovun “Laçın yuvası” və “Eşqintiqam” əsərlərində Pəricahan və Zöhrə kimi yaddaqalan obrazlar yaradır.

 

Zemfira Əliyeva Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində qazandığı sənətkarlıq nailiyyətlərinə görə 1974-cü ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülür.

 

Aktrisa 1988-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunur. Burada da bir-birindən maraqlı obrazlara səhnə həyatı verir.

 

Zemfira Əliyeva filmlərdə çəkilib. Kinoda debütü 1962-ci ildəBöyük dayaqfilmində (Pərişan) olur. AktrisaGüllələnmə təxirə salınır”, “Qəzəlxan”, “Doğma sahillər”, “Pəncərə s. bədii filmlərdə, habelə  İtkin gəlinteleserialında, televiziya tamaşalarında rol alıb.

 

Xalq artisti Zemfira Əliyeva yaradıcılığının coşqun çağlarında, 16 noyabr 1995-ci ildə, 54 yaşında Bakıda vəfat edib.

 

Savalan FƏRƏCOV

 

 

Mədəniyyət.- 2020.- 18 noyabr.- S.5.