“Tütək səsi”nin mesajı…
Azərbaycan kino salnaməsini zənginləşdirən ekran əsərləri içərisində görkəmli kinorejissor, Xalq artisti Rasim Ocaqovun quruluş verdiyi “Tütək səsi” filmi (1975) məxsusi yer tutur. Azərbaycan xalqının İkinci Dünya müharibəsi dövründə arxa cəbhədəki fədakarlığını əks etdirən film Xalq yazıçısı İsa Hüseynovun “Saz” və “Tütək səsi” əsərləri əsasında lentə alınıb.
Ekranlara çıxmasından 45 il ötməsinə baxmayaraq, məna və məzmun baxımından aktuallığını qoruyub saxlayan film bu gün də geniş tamaşaçı auditoriyası tərəfindən maraqla baxılır. Ümumxalq birliyini əks etdirən hadisələrin fonunda dövrün mühüm problemləri ilə yanaşı, mənəviyyat məsələləri, insanlar arasındakı mürəkkəb münasibətlər və digər məqamlar emosional, poetik üslubda şərh olunur.
Kino karyerasını operator kimi təsdiqləyən Rasim Ocaqov rejissor yaradıcılığında ikinci tammetrajlı filmi olan bu ekran əsərini heç də təsadüfən seçməmişdi. Yeniyetmə dövrü müharibə illərinə təsadüf edən sənətkar arxa cəbhədə olan insanların ağır güzəranını, həyat şəraitini yaddaşına yazdığına, çətin, məşəqqətli günlərin acısını unuda bilmədiyinə görə minlərlə insanın taleyini şikəst edən müharibə mövzusunu vizual ədəbiyyata çevirməyi qarşısına məqsəd qoymuşdu. Psixoloji dram janrında çəkilən film kinematoqrafik üstünlüyünə (texniki və yaradıcı heyətin peşəkarlığına) görə ölkədə və ümumittifaq məkanında maraqla qarşılandı. 300 min rubla başa gələn filmin 3 ay ərzində hazırlıq, 3 ay isə çəkiliş prosesləri aparıldı. Montaj prosesi də daxil olmaqla 10 ay müddətində hazırlanıb təhvil verildi.
***
Filmdə qrim rəssamı kimi çalışmış Əməkdar incəsənət xadimi Elbrus Vahidov ekran əsərini Moskvada Dövlət Kinematoqrafiya Komitəsinə təhvil verərkən Bədii şurada təqdir olunduğunu, birinci kateqoriyada qəbul edildiyini söyləyir. O qeyd edir ki, həmin illərdə ümumittifaq məkanında İkinci Dünya müharibəsi mövzusunda yüksək səviyyəli filmlər çəkilirdi. Bədii şuranın üzvləri “Tütək səsi” filminə baxdıqdan sonra onu müharibə haqqında çəkilən dövrün ən yaxşı ekran əsəri adlandırmışdılar.
Uzun illər öncəki uğurlu və qaynar iş rejimini xəfif təbəssümlə xatırlayan rəssamın yaddaş bələdçiliyi ilə daha bir neçə maraqlı məlumat əldə etdik:
– Bədii kinoda ilk işim olan “Tütək səsi” filmi sənət yolumda xüsusi rol oynadı. Bundan əvvəl bir neçə kiçik həcmli filmdə işləmişdim. Bir gün Rasim Ocaqov dəhlizdən keçəndə otağımın qapısını açıq görüb içəri daxil oldu və anidən “mənimlə yeni çəkəcəyim filmdə işləyərsən” deyə sual verdi. Mən çox düşünmədən, “əlbəttə, işləyərəm” dedim. Çünki Rasim müəllim həmin illərdə həm operator, həm də rejissor kimi artıq yaradıcılığını təsdiqləmişdi. Onunla işləməyi hər kəs özünə fəxr bilirdi. Razılıq verdiyimə görə o, film haqqında məni məlumatlandırmağa başladı. O, danışdıqca mən öz-özümə işin öhdəsindən gələ bilməyəcəyimi düşünüb narahat olmağa başlayırdım. Rasim müəllim otaqdan çıxdıqdan sonra isə iki əlimlə başıma vurub – “mən neylədim, niyə belə bir ağır işi üzərimə götürdüm”, deyə özümü məzəmmət etməyə başladım. Artıq gec idi, qərarımı dəyişə bilməzdim.
Bir neçə gündən sonra həm sınaq çəkilişlərində, həm də çəkiliş meydançasında aktyorlarla işlədim. Rasim müəllim işimdən razı qalırdı. Bəzən iradları da olurdu. Amma haqlı olduğundan iradlarını iş təcrübəm üçün önəmli hesab edirdim. Bir dəfə Cəbrayılı (aktyor Mixail Volontir) qrimləyəndə çənəsinin üst hissəsində çapıq izinin yerini bir qədər kənar yerləşdirmişdim. Ocaqov çox həssas və diqqətcil idi. Kadra baxdıqdan sonra məni məzəmmət edib xırdalığa fikir verməli olduğumu başa saldı və həmin kadrı yenidən çəkdi. Məsləyimin kino sənəti üçün olan dəyərini anladıqca işimə daha məsuliyyətlə yanaşırdım. Çalışırdım ki, səhvim olmasın. Çünki ən kiçik bir uyğunsuzluğa görə həmin kadr yenidən çəkiləcəkdi. Bir məsələni də diqqətinizə çatdırım ki, o zaman filmlər indiki kimi asan başa gəlmirdi. Çəkiliş gedə-gedə ekrana baxa bilmirdik. Adətən çəkilişlər böyük həcmli “Drujba” kameraları ilə aparılırdı. 4-5 kadr çəkildikdən sonra lent aşkarlanmaq üçün Moskvaya – Maksim Qorki adına kinostudiyaya göndərilirdi. Aşkarlandıqdan sonra çəkilmiş lentlərə baxmaq, səhvləri görmək mümkün olurdu. Biz lentlərin aşkarlanmadan gəlməsini gözləyirdik, kadrlara baxırdıq, keyfiyyətinə əmin olduqdan sonra növbəti kadrları çəkirdik.
Elbrus müəllim həmin illəri həyatının ən xoş anları kimi xatırlayır:
– Filmin çox peşəkar yaradıcı heyəti vardı. Onlarla işləmək mənə zövq verirdi. Rasim müəllim özü də qrim zamanı aktyoru necə, hansı görkəmdə görmək istədiyini mənə aydın şəkildə başa salırdı. Buna görə də işimizdə anlaşılmazlıq olmurdu. Onu da qeyd edim ki, Ocaqov bu filmi bitirənə kimi çox gərgin idi. Mən onu həmişə papirosu bir-birinə calayan, fikirli halda görürdüm. Xatirimdədir ki, Cəbrayıl rolu üçün bir neçə aktyoru, o cümlədən Həsən Məmmədovu, Şahmar Ələkbərovu, Hamlet Xanızadəni sınaq çəkilişlərinə dəvət etmişdi, amma nədənsə tərəddüd edirdi, bir qərara gələ bilmirdi. Bir dəfə filmlərdə ikinci rejissor kimi işləyən, kinostudiyada hamıya əlindən gələn köməyi əsirgəməyən Asif Rüstəmovu dəhlizdə görən kimi dedi ki, mən bir neçə aktyoru Cəbrayıl rolu üçün sınaq çəkilişinə dəvət etdim. Onlar peşəkar aktyorlardır, amma hiss edirəm ki, mənə başqa sima lazımdır. Sən Rusiyanın şəhərlərinə çox gedirsən, aktyorlarla əlaqədə olursan, bu rola uyğun aktyor təklif edə bilərsənmi? Akif müəllim də Moldovadan yeni qayıtmışdı. Həmin anda Mixail Volontirin bu rola uyğun gələ biləcəyini dedi və bir neçə dəqiqədən sonra onun şəklini gətirib Rasim müəllimə göstərdi. Rasim müəllim həmin anda qışqırdı ki, aha bax bu mənim axtardığım aktyordur. Vaxt itirmədən “Tütək səsi” filmində ikinci rejissor kimi çalışan Ramiz Əliyevi çağırıb tapşırdı ki, təyyarə ilə Moldovaya get və aktyor Mixail Volontiri tap gətir.
Mixail Volontir sakit təbiətli və təmkinli aktyor idi. Rasim müəllim
onunla çox rahat işləyirdi.
Rolu çox tez qavrayırdı. Çəkiliş zamanı bütün fikri rola cəmlənirdi.
Çox
peşəkar, sənətinə
məsuliyyətlə yanaşırdı.
Qəribə idi ki, xasiyyəti də rola uyğun gəlirdi. Həyatda da çox fikirli, kədərli olurdu. Güldüyünü nadir hallarda görürdük.
Çəkilişlər Qusar rayonunun Xoray kəndində aparılırdı. Olduğumuz məkanın yaxınlığında
çay axırdı.
Mixail Volontir həmişə çəkilişdən sonra
gedib həmin çayın kənarında
əyləşir, dərin
xəyala dalırdı.
Heç
bir kaprizi yox idi. Filmin çəkilişləri
bitəndən sonra “nə vaxt lazım
olsam, çağırsanız
sevə-sevə gələcəm”
dedi və bizdən dost kimi ayrıldı.
Həmsöhbətimiz həmin illərdə ittifaq respublikalarının kinostudiyaları
arasında yaradıcılıq
əlaqələrinin olduğunu
deyir:
– Hərdən eşidirdik ki, başqa kinostudiyalarda çəkilən
aktyorlarla rejissorlar arasında anlaşılmazlıq
olub, çəkilişdən
imtina ediblər. Ancaq biz çəkilişlərdə elə
hallara rast gəlmirdik. Əksinə, əcnəbi aktyor və aktrisalar həmişə Bakıdan
razı gedirdilər.
Rasim müəllim Sayalı rolu üçün də Gürcüstanın
Xalq artisti Liya Eliavanı dəvət etməli oldu. Ona görə yox
ki, aktrisa gözəl və peşəkar idi. Həm də ona görə ki, bu rola
azərbaycanlı aktrisaları
dəvət etsə də, onlar ssenarini oxuduqdan sonra mentalitetimizə xas olmayan bəzi
məqamlara (cəbhədəki
ərinin ölüm xəbərini eşidən
kimi Cəbrayılla ailə qurması, kənd camaatının üzünə ağ
olması və s.) görə roldan imtina edirdilər.
Filmin yaradıcı
və texniki heyətinin güclü potensiala malik olması mükəmməl
kompozisiyanın (bəstəkar,
operator işi və
s.) qurulmasına, dolğun
xarakterlərin yaranmasına,
müharibə həqiqətlərini
obyektiv şəkildə
çatdırmasına səbəb
oldu.
Ağ-qara formatda çəkilən
filmdə müharibə
həqiqətlərinin mahiyyətini
dürüst şərh
edən təsvirlərin
ardıcıllığını, hadisələrə uyğunluğunu
Əməkdar incəsənət
xadimi, görkəmli
operator Teyyub Axundov həssaslıqla lentə alıb. Ssenariyə istinadən
kino anlayışını
fərdi yaradıcılıq
metodunda təsdiqləyən
operator gərgin hadisələrlə
rastlaşan insanların
hiss və həyəcanlarını,
mübahisələrini, vəziyyətə
uyğun davranışlarını,
məqamı gəldikdə
isə ümumxalq birliyini özünəməxsus
çəkiliş (müxtəlif
planlı) üslubunda
göstərməyə nail olub.
Elbrus Vahidov çəkilişlərin
əsasən “Drujba” və “Arifleks” kameraları ilə aparıldığını deyir. “Drujba” kamerası böyük olduğundan Teyyub müəllimin yanında mütləq bir nəfər də (assistent və ya köməkçi) olurmuş:
– O, ağ-qara çəkiliş
növünün ustası
idi. İşinə elə dəqiqliklə
yanaşırdı ki,
ümumi plan və ya portret çəkilişini
əldə etmək üçün ən azı bir saat
vaxt sərf edirdi. Kütləvi çəkilişlərin səhnələrini pərakəndə
yox, cədvəl halında qururdu. Filmin finalında əsgərin gəlişi səhnəsini
xatırlayaq. İnsanların tərəddüd və çaşqınlıqla yola
tərəf axışdığı
səhnənin mükəmməlliyini
Bədii şurada da xüsusi qeyd etmişdilər.
Rasim müəllimin işinə
həddən artıq
ciddi və məsuliyyətlə yanaşmasına
heyrət edirdik.
Qovluqdan ssenarini çıxaranda aktyorun və ya kameranın hərəkətlərinə qədər
ssenaridə tərtib etdiyini görürdük.
Buna görə də onun işi
heç vaxt ləngimir, çəkilişlər
plana uyğun gedir, filmi də
vaxtından əvvəl
təhvil verirdi.
***
Kinematoqrafiyanı vizual məktəb adlandırsaq, “Tütək
səsi” filminə də İkinci Dünya müharibəsi dəhşətlərinə nifrət
yağdıran prinsipial
vizual dərslik deyərik. Hər bir dövrün
hadisələrinə əsl
vətəndaş mövqeyindən
yanaşan, müəllif
münasibəti bildirən
Rasim Ocaqov yaddaşının inikası
olan filmini kino salnaməmizə töhfə etməklə
İkinci Dünya müharibəsinin bəlalarını
psixoloji təhlil vasitəsilə cəmiyyətin
mühakiməsinə buraxdı.
Bəşəri bəlaların
insanların mənəviyyatında
yaşatdığı daxili
sarsıntıları, əzab-əziyyəti
ictimai qınağa çevirdi, qətiyyətlə
də tarixin təhlükəli məqamlarının
təkrarlanmaması üçün
daim ayıq-sayıq, ehtiyatlı olmağa səsləyən mesajını
verdi...
Şəhla
ƏMİRLİ
Kinoşünas
Mədəniyyət.- 2020.- 18
noyabr.- S.7.