“Adı Lalə idi o qızın”

 

 

Özbək şairi Xasiyyət Rüstəmin Qarabağ haqqında kitabının təqdimatı

 

Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, “Zirvə” Tədris Mərkəzinin birgə təşəbbüsü ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş “Adı Lalə idi o qızın” adlı poemasının onlayn təqdimatı keçirilib.

 

AMM-in direktoru Samir Abbasov iştirakçıları salamlayaraq bu günlərdə şanlı Azərbaycan Ordusunun erməni işğalı altındakı torpaqlarımızı azad etdiyini, müharibənin zəfərlə başa çatdığını, bununla yanaşı Ermənistanın işğalçı siyasətinin ifşası və dünyaya çatdırılması istiqamətində işlərin davam etdirildiyini bildirib. O, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistanda aparılan təbliğat işləri, habelə erməni vandalizminin milli mədəniyyətimizə vurduğu ziyan barədə danışıb, ümumilikdə təcavüzkar siyasətin ifşasında mədəniyyətin, ədəbiyyatın üzərinə mühüm vəzifələr düşdüyünü deyib.

 

Diqqətə çatdırıb ki, Xasiyyət Rüstəmin poeması Birinci Qarabağ müharibəsi zamanı öz ata-baba yurdundan didərgin düşən azərbaycanlı uşaq Lalənin acı həyat hekayəsindən bəhs edir, onun ailəsinin yaşadığı ağrı-acıları, məhv olmuş uşaqlıq arzularını əks etdirir.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışında Xasiyyət Rüstəmin dilimizə tərcümə olunan poemasının iki qardaş xalq arasında ədəbiyyat, mədəniyyət sahəsində əməkdaşlığa daha bir töhfə olduğunu vurğulayıb. Millət vəkili ümidvar olduğunu bildirib ki, şair bu poemanın ikinci hissəsini də qələmə alacaq və əsərin qəhrəmanının işğaldan azad olunmuş yurduna qovuşması və ondan sonrakı yaşamını da oxuculara çatdıracaq.

 

Onlayn təqdimatda Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Uluqbek Hamdam, tarixçi-alim Şuxrat Salamov, Mirzə Uluğbəy adına Özbəkistan Milli Universitetinin dosenti Şahlo Hacıyeva, əsərin tərcüməçiləri – şairpublisist Əkbər Qoşalı, Elşən Əzim, kitabın redaktorlarından şair-publisist İntiqam Yaşar, Özbəkistanın Karşı Dövlət Universitetinin dosenti Shohida Karomova və başqaları çıxış edərək, əsərin əhəmiyyəti, bədii məziyyətləri barədə danışıblar.

 

Təqdimat mərasimində tələbələrin poema əsasında hazırladıqları ədəbi kompozisiya təqdim olunub.

 

Sonda çıxış edən Xasiyyət Rüstəm təqdimat iştirakçılarına təşəkkür edib, əsərin Azərbaycan dilində nəşrində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

 

 

Mədəniyyət.- 2020.- 18 noyabr.- S.8.