Rəssam və hərbçi
“Hərbi xidmətdə əsgər
yoldaşlarım məni zarafatla “Mixaylo” deyə çağırırdılar”
Bəzən deyirlər insan peşəni deyil, peşə insanı seçir. Müsahibimiz – Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan giziri Elçin Nəsirov sənət və peşə seçimində yanılmayıb. Rəssam və hərbçi. İki çətin və şərəfli işin öhdəsindən gələn gənc söhbətimizlə də elə sənət və vətənpərvərlik mövzusunda danışdıq.
Onun rəssamlığa gəlişinin
maraqlı tarixçəsi var. Respublika Olimpiya-idman liseyində oxuyub. Liseyi bitirəndən
sonra sənədlərini
Bədən Tərbiyəsi
və İdman Akademiyasına deyil, Ə.Əzimzadə adına Rəssamlıq
Məktəbinə verir.
Deyir ki, Olimpiya çempionumuz
Fərid Mansurov, Rəsul Cunayev, Elnur Məmmədli ilə eyni məktəbdə
təhsil almasına baxmayaraq, sənət idmana qalib gəlib.
Valideynləri də idman sahəsində yetərincə
tanınan adamlardır.
Atası
Elxan Nəsirov futbol üzrə Əməkdar məşqçi,
anası isə idman müəllimi kimi çalışır.
Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanan rəssama əsgər yoldaşları zarafatla “Mixaylo” deyə müraciət edirmişlər. Hərbi xidmət
zamanı da rəssamlığı yetərincə
qiymətləndirilir. Xidməti başa vurduqdan sonra isə mütəmadi olaraq sərgi və tədbirlərin iştirakçısı
olur. 2012-ci ildə Rəssamlar İttifaqına üzv qəbul edilir. Daha sonra bir müddət
sənət aləminə
yaxın olan bir sahə – tədbirlərin təşkili
üzrə menecer kimi fəaliyyət göstərir. Bir gün
isə onun arzusu reallaşır.
Dövlət Sərhəd Xidmətində
xidmət etməyə
başlayır.
Rəssam kimi yaradıcılığını
da davam etdirir. Son zamanlar xüsusilə karikatura janrında işləyir.
Niyəsini özü
izah edir:
– Karikaturaları son günlər
işləməyə başladım.
Daha doğrusu, sentyabrın
27-dən – Vətən torpaqlarını
işğaldan azad etməyə başladığımız
zamandan. Buna qədər çəkməmişdim.
Bəzi tədbirlər
üçün, sərgilər
üçün az sayda işlərim olub. Amma bədnam qonşularımızın
çirkin hərəkətləri
məndə bu karikaturaları yaratmaq həvəsi oyatdı.
Mən ixtisasca rəngkaram. Ən çox işlədiyim mövzular qədim Bakı və Azərbaycanın qədim
məskənləridir. Bəzən bu məskənlərin rəsmlərini əldə
etdiyim fotolara əsasən də çəkirəm. Məsələn, vətənpərvərlik etüdləri
sərgisində Laçın
və Zəngilan etüdlərini köhnə
videokadr və fotolar əsasında ərsəyə gətirmişdim.
İnşallah, artıq vaxtdır,
zaman gəldi, gedib canlı etüdlər edəcəyik.
Həyatın qəribə
qanunları var. Mənim
5 yaşım olanda atam və əmilərim
Birinci Qarabağ savaşında döyüşürdü,
indi oğlumun 5 yaşı var, biz Vətən müharibəsində
qalib ölkənin hərbçiləriyik. 30 ildən sonra biz qalib gəldik. Bu, gələcək nəsillərə qalibiyyət
tariximiz olacaq.
– Hərbçi və rəssam, necə vaxt ayırırsınız?
– İndi də mənim beynim hərbi düşünür. Amma istər
hərbi xidmətdə
olduğum vaxt, istərsə də indi istirahət zamanı mən əsərlər üzərində
çalışıram. Ezamiyyətdə olanda da vaxt tapan kimi
onu rəsmə həsr edirəm. Eskizləri hazırlayıb daha sonra böyük tablolara köçürürəm.
Sənət insanın fantaziyasına,
dünyagörüşünə təsir edir. Onu da qeyd edim
ki, mənim xanımım da ixtisasca rəssamdır və o da eyni
zamanda hərb sahəsində çalışır.
– Ən çox
sevdiyiniz rəng hansıdır?
– Göy və yaşıl. Bəzən deyirlər bu
rənglər uyğun
gəlmir. Amma həm
gözəçarpan, həm
də uğurlu rənglərdir.
– Azərbaycan rəssamlığında
sizə yaxın olan müəlliflər kimlərdir?
– Baxmayaraq ki, mən Əmircanda doğulub boya-başa çatmışam və
məktəbdən bizi
həmişə Səttar
Bəhlulzadənin Ev-Muzeyinə
aparardılar. Əvvəl onun
işlərini görüb
sevmişəm. Daha sonra
ilk müəllimim Əlimirzə
Mirzəyev olub. Amma təcrübə topladığım
və yaxın olub dərs aldığım sənətkarlar
Xalq rəssamları Tahir Salahov və
Sakit Məmmədov oldu.
– Sərgilərdə iştirak
etmisiniz?
– Hələ fərdi sərgim təşkil olunmayıb. Amma beynəlxalq sərgilərdə
rəsmlərim nümayiş
olunub. “Almaniya
rəssamların gözü
ilə” sərgisində,
Fransada Azərbaycan mədəniyyəti günləri
çərçivəsində, Avstriya, Vyana, Macarıstan və digər ölkələrdə
əsərlərim sərgilənib.
Həmçinin Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə keçirilən
“Tullantıdan sənətə”
layihəsinin mükafatçısıyam.
Pandemiyadan sonra rəngkarlıq
və karikaturaların
birgə sərgisini təşkil etmək arzusundayam.
– Bir gənc kimi
həmyaşıdlarınıza nə deyərdiniz?
– Ali Baş Komandan, Prezident İlham Əliyevin vurğuladığı
o dərmir yumruğu bizim gənc nəsil heç zaman unutmasın. Unutmasınlar ki, bədnam qonşumuz 30 il torpağımızı
işğalda saxlayıb.
Bərdəyə, Gəncəyə atılan raketləri, bu gün törədilən
vandallığı unutmasınlar
heç zaman.
Sonda onu da qeyd edək
ki, Elçin Nəsirov həm də rəssamlıqla bağlı bir sıra layihələrin müəllifidir. Müsahibimiz təvazökar olduğundan
bu işlərin heç biri haqqında danışmaq istəmədi. Halbuki layihələrdə,
əlamətdar günlərdə
onun müəllifi olduğu işlərlə
tez-tez qarşılaşırıq.
L.AZƏRİ
Mədəniyyət.- 2020.- 20
noyabr.- S.5.