Qarabağ savaşı qaliblərinin tərənnümü
Azərbaycan təsviri sənəti qədim tarixə və zəngin bədii ənənələrə malik olsa da, onun tarixə qovuşmuş səhifələrində milli dərdlərimizə, tuş gəldiyimiz problemlərə zamanında “bədii güzgü” tutan sənət əsərləri az olmuşdur.
Rəssamlığın bütün növ və janrlarının geniş təşəkkül tapdığı XX əsrdə yalnız Bəhruz Kəngərli yaradıcılara yönəli dilə gətirilmiş məşhur “Hər bir sənətkar öz dövrünün aynası olmalıdır!” deyiminin daşıdığı mənəvi-yaradıcı yükü dərindən duyaraq 1918-ci ilin hadisələrini – soydaşlarımızın Qərbi Azərbaycandakı dədə-baba torpaqlarından qovulmasını “Qaçqınlar” adlı qrafik silsilədə əbədiləşdirmişdir. 1988-ci ildə başlanan Qarabağ problemi, eləcə də onun sonradan davamlı savaşa çevrilməsinin bədii görkəm alması, B.Kəngərlinin “Qaçqınlar”ı qədər möhtəşəm olmasa da, müstəqillik illərində yaradılan müxtəlif sənət nümunələrini bu yöndə atılan müsbət addım kimi dəyərləndirmək mümkündür. Mədəniyyət Nazirliyinin Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə keçirdiyi sərgilərin və təşkil etdiyi müsabiqələrin bu mövzunun respublika sənətkarlarının yaradıcılığında yer almasına güclü təsiri olmuşdur, desək, həqiqəti söyləmiş olarıq.
Xalq rəssamları Xanlar Əhmədov, Ağəli İbrahimov, Natiq Əliyev, görkəmli animasiya rəssamı Nazim Məmmədov, tanınmış rəngkar Vaqif Ucatay və Əbülfəz Fərəcoğlu, Əməkdar rəssamlar Fərman Qulamov, Həsənağa Məmmədov və Asif Azərellinin ərsəyə gətirdikləri rəngkarlıq, heykəltəraşlıq və qrafika nümunələri ötən əsrdə yaradılmasına başlanılmış bədii “Qarabağnamə”yə yaddaqalan töhfədir. Problemin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının işığında Xalq rəssamı Arif Hüseynovun bir il əvvəl ərsəyə gətirdiyi “Qarabağnamə – tarixin səhifələri” silsiləsinin də duyulası rolu olmuşdur.
Birinci Qarabağ müharibəsində Vətən torpağı uğrunda canlarından keçən oğullarımızın xatirəsini əbədiləşdirən sənət nümunələri də yaranmışdır. Bakıda cəsur tankçı, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova abidənin (müəllifləri Rahib Qarayev və Zamiq Rzayev) ucaldılması belə nümunələrdəndir. Z.Rzayev, həmçinin A.Aqarunovun portretini də işləyərək yəhudi əsilli döyüşçünün Azərbaycan sevgisini layiqincə dəyərləndirməyin yaddaqalan görüntüsünü yaratmışdır.
1994-cü ildə müharibədə uzunmüddətli atəşkəs elan olunsa da, erməni tərəfi təxribatları davam etdirmiş və əməllər cavabsız qalmamışdır. Bu mənada Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun (2010-cu ilin iyunu) və general-mayor Polad Həşimovun (2020-ci ilin iyulu) nümayiş etdirdiyi şücaət rəssam və heykəltəraşlarımızı ilhamlandırmış və onların obrazlarını əks etdirən yaddaqalan sənət əsərləri yaradılmışdır. Əlisəfa Əsgərovun M.İbrahimovun oxuduğu məktəbin qarşısında (Biləsuvar) ucaldılan qranit heykəli, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi Vüqar İmamquliyevin ona həsr etdiyi diplom işi, eləcə də gənc rəssam və heykəltəraşların (Turqay Babayev, Rəşad Əhmədov, Elnur Seyidov və b.) əsərləri heyrətamiz igidliyi ilə hər birimizə başucalığı gətirən Vətən oğlunun qəhrəmanlığının yaddaqalan tərənnümü baxımından çox dəyərlidir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlının general Polad Həşimovun şəhid olmasından bir gün sonra yaratdığı portret isə həm gənc yaradıcının vətənpərvərlik duyğularının ifadəsi, həm də dəyərli sənət əsərinin ərsəyə gətirilməsi baxımından diqqətəlayiqdir. Düşmənin “Tovuz təxribatı”na verilən layiqli cavabdan sonra el məhəbbəti qazanmış generalın gənc tişə ustası Elxan Zeynalov tərəfindən hazırlanan büstündə də onun mübariz ruhunun ifadəsi hiss olunur.
Hüseyn Mirtəqəvinin ksiloqrafiya texnikasında yaratdığı qrafik obrazda da P.Həşimovun mətinliyi qabarıq duyulmaqdadır. İgid soydaşımızın işıqlı obrazı bu gün də yaradıcılarımızı (Mirəhməd Seyidov, Sunay Nadirov, Əzizə Hacıyeva, Səbuhi Məmmədov) ilhamlandırmaqda, yeni sənət nümunələrinin yaranmasına təkan verməkdədir.
Sənətsevərlərə ictimailəşdirdiyi “Qarabağ”, “Milli Qəhrəmanlar”, “Xocalı faciəsi” və “20 Yanvar” əsərləri ilə yaxşı tanış olan Ülkər Əbülfətin əl işi – yapışqanla zərin qarışığı ilə yaratdığı sənət nümunəsində də igid generalın obrazı yaddaqalan tutumu ilə əksini tapıb.
Bu günlər İkinci Qarabağ savaşının tarixi zəfərlə nəticələnməsinə güclü təsir göstərmiş 2016-cı ilin Aprel döyüşləri də yaradıcılarımızın diqqətindədir. Həmin döyüşlərdə şəhid olmuş gənc heykəltəraş Samir Kaçayevin obrazı çox qısa müddət ərzində müxtəlif janrlı sənət əsərlərində əbədiləşdirilmişdir. Bu mənada onun sənət dostları Rahib Qarayev və Zamiq Rzayevin işlərini (portret, xatirə lövhəsi və məzarüstü abidə) xüsusi qeyd etmək istərdik.
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Sənətşünaslığın təbliği” İctimai Birliyinin 2020-ci ildə keçirdiyi “Aprel döyüşləri və şəhid-heykəltəraş Samir Kaçayev” sərgi-müsabiqəsi də bu yöndə yaddaqalan olmuşdur. Respublikanın ali təhsil ocaqları tələbələri arasında keçirilən sənət yarışmasında gənc yaradıcılar vaxtsız dünyasını dəyişmiş həmyaşıdlarının xatirəsinə layiqli töhfə verməyə nail olublar. Bu mənada Mirvari Ələsgərovanın (Gəncə), Təbriz Soltanlının (Bakı), Aysel Fətullazadənin (Lənkəran), Türkan Əsədova, Elnur Seyidov və Sunay Nadirovun (hamısı Naxçıvan) adlarını çəkmək istərdik.
Düşmənin bu ilin 27 sentyabr təxribatına Azərbaycan Ordusunun verdiyi layiqli cavab da yaradıcılarımızın müxtəlif nəsil nümayəndələrinin böyük ruh yüksəkliyinə səbəb olmuş, Vətən müharibəsi qəhrəmanlarına və şəhidlərə həsr olunmuş maraqlı əsərlər yaradılmışdır. Onların arasında ruhumuzun vətəni sayılan Şuşaya həsr olunmuş əsərlərin çoxluğu diqqəti cəlb edir.
İstedadlı fırça ustası Vüqar Əlinin ərsəyə gətirdiyi “Zəfər” (rəngkarlıq) və “Şuşa, sən azadsan!” (plakat) əsərlərində müəllifin döyüş meydanında baş verənlərdən qürur hissi keçirdiyi hiss olunmaqdadır. Gənc rəssam Aysel Əliyevanın işlədiyi yığcam tutumlu-dərin məzmunlu “Şuşa”, “Azad Qarabağ”, “Erməni məkri” və “Stepan get, Xan kəndinə gəlir!” plakatlarının bədii tutumunda da müəllifin qələbə sevincinə bələndiyi qabarıq duyulmaqdadır. Müəllifin forma-biçim və rəng təzadları ilə əldə etdiyi məna-məzmun yükü kifayət qədər cəlbedici və təsirlidir. Heykəltəraş R.Qarayevin yaratdığı tunc barelyefdə Şuşanın timsalında işğaldan azad olunmuş Qarabağın yaddaqalan obrazı yaradılmışdır.
Şəhidlərin yaşadıqları binaların qarşısına vurulacaq lövhələrin yaradılmasını da onların xatirələrinə ehtiramın göstəricisi saymaq olar. Bu mənada gənc heykəltəraş Təbriz Soltanlının iyul döyüşlərində şəhid olmuş polkovnik İlqar Mirzəyevə həsr olunmuş xatirə lövhəsində qəhrəmanın yaddaqalan obrazının ifadə olunduğunu söyləyə bilərik. Şəhid Əkbər Hüseynovun xatirə lövhəsində (müəllifi Rahib Qarayev) də igid döyüşçünün mübarizliyi cəlbedici tutumda ifadə olumuşdur.
İkinci Qarabağ savaşının hər birimizə qürurvericilik bəxş edən mənəvi yükünün bu günlər sənət nümunələrində əks olunması təqdir olunandır. Bu tarixi Qələbənin ölçüyəgəlməzliyini özündə hifz edəcək möhtəşəm əsərlərin yaradılması isə hələ qabaqdadır...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor
Mədəniyyət.- 2020.- 20
noyabr.- S.7.