İtmiş not dəftəri...
Son günlər sənətin bütün növlərində vətənpərvərlik ladına daha çox köklənmişik. Vətən, əsgər, savaş, Qələbə notları qulaqlarımızı cingildədir, ruhumuzu riqqətə gətirir. Artıq hamının nazəndə yarı da, pünhandakı eşqi də, xəyallardakı şirin vüsalı da odur – Vətən.
Daha çox radio dalğalarında səsləndirilən cəng ruhlu bir mahnının sözləri qulağımda ilişib, bu mövzuya ayaq verdi: “Vətən olmaz bu torpaqdan, bu daşdan, Qoynunda uyuyan canlar olmazsa”... Sadə, səmimi bir gerçəkliyin ifadəsi olan bu misralar Vətənə sevgimizi də izhar edir...
Dinlə!...
Televiziya kanalları, radio dalğalarının bu lada kökləndiyi, efir vaxtını əsas etibarilə vətənpərvərlik mövzularına verdiyi məqamda yenidən döyüş, mübarizə, qələbə ruhlu mahnı və marşlar, digər janrlı musiqi əsərləri gündəmə gəldi. Düzdür, bir çoxumuzu dinləyici kimi qane etməyən məqamlar var və indilik onları bir kənara qoyaq.
Qayıdaq vətənpərvərlik
mövzusundakı ən populyar musiqi janrına – marş və
mahnılara. Bax, burada,
məşhur deyimdəki kimi, Kərəmi
bərk ağlamaq tutur.
Mahnılar məsələsində müasir bəstəkarların bir az danışmağa sözü olsa da, marşlarda o musiqilərin əsas qəhrəmanı – bu gün Vətən
müharibəsində zəfər çalmış igid əsgər qarşısında o qədər də alnıaçıq deyilik. Razılaşmayanlar “Google”da son 30 ildə yazılan marşlarla bağlı axtarış
versin. Mən də xeyli axtardım, üzdə olanları, dinləyicisinə
çatanları araşdırdım.
Əlimə keçən
də elə hamımızın az qala əzbər
bildikləri oldu. İndi hansısa bəstəkarımız deyə
bilər ki, bu mövzuda nə qədər marş yazıb aidiyyəti qurumlara, Bəstəkarlar İttifaqına
vermişəm ki...
Dahiyanə
Bu mövzunu yüngülcə
araşdırarkən də
dadımıza böyük
Üzeyir bəyin irsi yetdi. Bildiyiniz kimi,
professional musiqimizin banisinin
yaradıcılığında mahnı janrı da xüsusi yer tuturdu. Vətənpərvərlik mövzusundakı musiqi nümunələri bu mənada bəstəkarın Vətən
eşqinin melodik izharı sayılmalıdır.
Bu mahnılarda tərənnüm
olunan sevgi, millət təəssübü,
dost ilə düşmən
arasındakı fərqin
musiqili izharı hər zaman seçilirdi. Bu gün müstəqil dövlətimizin
himni olaraq səslənən “Azərbaycan
marşı”, “Milli marş”, “Çırpınırdın,
Qara dəniz”, “Əsgər marşı”,
“Vətən ordusu”, “Səni gözləyir”, “Çağırış”, “Döyüşçülər
marşı”, “Yaxşı
yol” kimi mahnılar hər dəfə səsləndikcə
insan duyğularının
ən dərin qatlarındakı bir cəngavər ruhu oyanıb bütün bədəni təlatümə
gətirir.
Düzdür, onların bir neçəsi geniş dinləyici auditoriyasına
o qədər də tanış deyil. Bunun əsas səbəbi
isə onların yeni ifalarda, həm də peşəkar səviyyədə
lentə alınmamasıdır.
Hər halda sadalananlar arasındakı
hər kəsə tanış bir-iki nümunə belə böyük bəstəkarın bu istiqamətə nə qədər önəm verdiyini göstərir.
Digər
tərəfdən, Üzeyir
bəy heç bir göstəriş, təlimat gözləmədən
digər bəstəkarları
da bu janrda
əsərlər yazmağa
həvəsləndirib, hətta
qonorar məsələlərini
də bəzən öz imkanları hesabına həll edib...
Sonrakı bəstəkar nəslinin də yaradıcılığında
mövzu ilə bağlı maraqlı, qulağayatımlı və
əsas ideyanın melodik təsviri olan nümunələr görürük.
Kütləvilikdən danışırıqsa...
Son 30 ildə bu mövzuda yaranan mahnılara gəlincə,
istər-istəməz düşünməli
olursan. Düzdür, müvafiq nazirlik
və yaradıcı ittifaq zaman-zaman bu mövzuda müsabiqə və silsilə konsertlər təşkil edir. Amma söhbət belə əsərlərin
xalq kütlələri
arasında geniş yayılmasından gedirsə,
bir az
duruxmalı olursan. Bunu deməklə bəstəkarlarımızın
haqqına qətiyyən
girmirik. Əksinə, dünyadan köçənləri
minnətdarlıqla anır,
yaşayıb-yaradanlara da
cansağlığı arzulayırıq.
Bir sıra bəstəkarlarımız hərbi-vətənpərvərlik mövzusunda müxtəlif janrda, diqqətçəkən, dolğun əsərlər yaradıblar. Bu mənada Vasif Adıgözəlov, Tofiq Bakıxanov, Ramiz Mustafayev, Firəngiz Əlizadə, Aqşin Əlizadə, Eldar Mansurov, Mobil Babayev, Tahir Əkbər, Oqtay Kazımi, Oqtay Rəcəbov, Azər Rzayev, İsmayıl Hacıyev, Rəşid Şəfəq, Sərdar Fərəcov, Cavanşir Quliyev və adlarını qeyd etmədiyim daha neçə-neçə bəstəkarımızın əsərləri var. Amma narahatlıq və sual doğuran başqa məqamdır: niyə geniş auditoriya bu musiqi nümunələri ilə yaxından tanış deyil? Musiqişünas, ifaçı, tənqidçi və bəstəkar rəylərinə əsasən deməliyəm ki, bu məsələdə təbliğatın zəifliyi əsas səbəblərdəndir. Əslində, bu məqam da təzadlı və mübahisəlidir. Onu da etiraf edək ki, bu işdə bizim – kütləvi informasiya vasitələrinin də məsuliyyəti var. Amma indilik bu da söhbətimizin əsas mövzusu olmadığına görə keçək mütəxəssislərin arqumentlərinə.
Qulağımıza çatan nidalar
Musiqişünas, Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova deyir ki, bu mövzu daim gündəmdə saxlanılmalı və maarifləndirmə işi aktiv aparılmalıdır: “Əslində, Azərbaycan bəstəkarları daim bu mövzuya aid çoxlu əsərlər yazıblar. Üzeyir bəydən bu yana xeyli sayda irihəcmli əsərlər də yazılıb. “Koroğlu” operası bu mənada şedevrdir. Amma təəssüf ki, televiziya kanallarımız Vətən müharibəsinin getdiyi bu 44 gündə onu göstərmədi. Eləcə də digər irihəcmli musiqi əsərləri də ifa olunmadı. Qarabağ mövzusunda da maraqlı əsərlər var və yenə də çoxu ekran-efirlərdə, demək olar ki, səsləndirilmədi. Bu mövzuda kantatalar, oratoriyalar da yazılıb. Amma geniş tamaşaçı auditoriyasına təqdim olunmur. Düzdür, indi efirlərdə çoxsaylı mahnı və marşlar səslənir. Amma onların böyük əksəriyyəti son zamanlar ərsəyə gəlib, əksəriyyətini də həvəskar müəlliflər yazıb. Bəziləri kifayət qədər maraqlı və qulağayatımlı olsalar da, qeyri-peşəkarlar da yox deyil. Əksər imzaları heç tanımırıq da. Bununla bağlı müvafiq ittifaq var və yaxşı olar ki, əsərlərini ora təqdim eləsinlər. Ümid edirəm ki, təkcə yeni əsərlər və populyar mahnılar yox, irihəcmli musiqi əsərləri də nümayiş olunacaq. İstər peşəkar, istərsə də həvəskar, fərqi yoxdur, əsas vətənpərvərlik ruhu yüksək və səmimi olsun. Düşünürəm ki, bu günlər yaşadığımız Qələbə ab-havası elə bizim ruhumuza da xitab edir”.
Z.Qafarova zaman-zaman Bəstəkarlar İttifaqı tərəfindən bu mövzuda müsabiqələr keçirildiyini, bəstəkarlara mahnı və marşlarla bağlı sifarişlər verildiyini və bu işin davam edəcəyini də qeyd etdi.
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru, Xalq artisti, bəstəkar Sərdar Fərəcov da əsasən kütləvilik məqamına toxundu və bu mənada bəzən qeyri-peşəkar işlərin daha çox təbliğ olunmasından narahatlığını bildirdi: “Sənətkarlar, xüsusən bəstəkarlar Vətən sevgi və həyəcanını coşqu ilə yaşadıq. Hamımız sevincli və qürurluyuq. Bunun fonunda xalq olaraq diqqətimizi efir-ekrana köklədik. Onlar da Qələbəmizi musiqi ilə, bayram ovqatı, qalib ruhu ilə kökləməyə çalışırlar. Bu mənada melodiyalar da müxtəlifdir. Peşəkarlar daha azdır və bu, təəssüf yaradır. Düzdür, hamı qəlbindən keçənləri izhar edir, necə deyərlər, varın verən utanmaz. Amma başqa bir tərəfdən, onların səviyyəsi bütün əhvalı pozur. Bir çox mahnılardakı intonasiyalar yaddır, köhnədir. Şərq ritmlərində, ümumən başı-ayağı olmayan musiqilər də az deyildi. Nə etmək olar, əgər bədii şura səviyyəsində nəzarət yoxdursa, tamaşaçı təqdim olunan nümunəyə baxacaq. Bu günlərdə klassiklərimizi də eşitmək istərdik. Demirəm ki, hər gün, heç olmasa arabir Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun, C.Hacıyevin və başqalarının vətənpərvərlik musiqilərinə də yer vermək lazımdır. Axı onlar illərin sınağından keçib, xalqın ruhunu oxşaya biliblər.
Bu günlərdə hərbi-vətənpərvərlik janrına cəhd, tələsik, tələbat xatirinə ərsəyə gələn ifalar da gördük. Anlayıram və hisslərinə hörmət edirəm. Amma, lütfən, müqəddəs və saf hisslərin ifadəsi olan nümunələrə həvəskar, toyxana ruhunu gətirməsinlər. Baxın, təkcə Cavanşir Quliyevin “Əsgər marşı” bu mövzuda son illər yazılan ən yaxşı nümunədir. İllər keçir və ona olan dinləyici marağı durmadan artır. Çünki daxilində böyük ruh və peşəkarlıq var. Mahnı və marşların sözləri də diqqətdə saxlanılmalıdır. Söz yığınından Vətənə sevgi şərqiləri düzəltmək olmaz”.
Bəstəkar, Əməkdar artist Vüqar Camalzadə isə son günlər daha çox vətənpərvərlik mövzusunda mahnı sifarişi aldığını dedi: “Bundan əvvəl 30-a yaxın vətənpərvərlik mövzusunda mahnı yazmışam və müxtəlif ifaçıların repertuarında yer alıb. Bildiyiniz kimi, “Vətən” adlı qrupumuz da var idi və əsas etibarilə bu mövzuda mahnılar oxunurdu. Sonrakı fəaliyyətimdə də bu mövzu aktual oldu. Ələlxüsus da bu ərəfədə üç marş və bir mahnı ərsəyə gəldi. Bərdə və Gəncə hadisələri ilə bağlı da bir mahnı yazmışam. Mən də digər həmkarlarım kimi son vaxtlar daha çox bu mövzuda sifarişlər alıram. Amma bu işlər sifariş yox, ürək yanğısı, vətən sevgisi ilə yaranır və tam təmənnasız hazırlanır. Əsas odur ki, Ordumuz, əsgərimiz bizləri qalibiyyətlə sevindirdi”.
Zəfər sədalı nəğmələr
Gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında önəmli rol oynayan çağdaş bəstəkarlarımız arasında Əməkdar incəsənət xadimi, “Əsgər marşı”mızla müjdələnən qələbəmizin sənət carçısı Cavanşir Quliyevin də xüsusi yeri var. Populyar mahnı və marşlardan danışarkən Şahin Musaoğlunun mahnıları və onların yüksək səviyyədə ifaçısı Şəmistan Əlizamanlını da unutmaq olmaz. “Cənab leytenant”, “Qalx, Azərbaycan!”, “İgid əsgər, möhkəm dayan!”, “Vətən əmanəti”, “Öncə Vətəndir!”, “Can Azərbaycan!”, “Birinci batalyon”, “Dağlar”, “Azərbaycan-Türkiyə”, “Ana yurdum”, “Heyran türkün bayrağına”, “Qafqaz dağı, yol ver bizə” və s. mahnılar həmişə populyardır.
Xalq artistləri Mübariz Tağıyevin, Elxan Əhədzadənin, Zümrüd Məmmədovanın geniş repertuarı xüsusən 90-cı illər nəslinə yaxşı tanışdır. Məhz onların ifaları gənclərin vətənpərvərlik tərbiyəsinə müsbət təsir edirdi. Mübariz Tağıyevin yurd sevdalı avazı illərlə bizləri döyüşə və qələbəyə səsləyib. Elə son günlər bizləri ekrana yönəldən səslərdən biri də onun bənzərsiz avazı idi. Sənətkar deyir: “Bu savaşda biz müğənnilər də boş dayanmamalıydıq. Əsas işimiz hərbi-vətənpərvərlik ruhunda yazılan mahnıları şövqlə ifa edib igidlərimizi ruhlandırmaq olmalıdır. Biz də bu cəbhədə durmadan döyüşməli, səsimizlə ən kəskin silaha çevrilməliyik. Baxın, xalqımız çoxdandır arzusunda olduğu zəfərə yetişdi. Deməli, bundan sonra daha gözəl, daha yüksək ovqatlı əsərlər yaranmalı və təqdim olunmalıdır. Son günlər gənclərimizin döyüş ruhunu, vətənpərvərlik mövzusunda mahnılara marağını görəndə çox sevindim. Bu savaş başlayandan hərbi-vətənpərvərlik ruhunda yazılan mahnılar kifayət qədər səsləndirildi. Gənc nəslin nümayəndələri də həmin mahnıları böyük sevgi ilə dinlədilər. Gərək hərbi-vətənpərvərlik ruhunda yazılan mahnılar tamaşaçıya, cəmiyyətə çatsın, ürəklərə yol tapsın”.
Düşünürəm ki, itmiş, daha doğrusu, itdiyini zənn etdiyimiz o not dəftəri tapılıb. 44 gündə bütün dünyaya cəngavərlik, ər-ərənlik nümunəsi olan oğullarımızın vəsfinə heyran yeni nəğmələr yazılır. Qoy, bütün şərqilərin əsas fonu sənin Vətən torpağındakı inamlı addım səsin olsun, ƏSGƏR!
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2020.- 20
noyabr.- S.5.