“Qarabağ Azərbaycandır!”
Azad edilmiş ərazilərin
iqtisadi-investisiya potensialı beynəlxalq
sərgidə nümayiş olunur
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi və investisiya potensialı “Qarabağ Azərbaycandır!” (“Karabakh is Azerbaijan”) stendində noyabrın 18-də Türkiyənin İstanbul şəhərində işə başlamış “MUSİAD Expo 2020” beynəlxalq sərgisində nümayiş olunur. Azərbaycan ilk dəfə qələbə şüarı ilə beynəlxalq sərgidə iştirak edir.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə qurulmuş “Qarabağ Azərbaycandır!” stendi Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidinin formasında dizayn edilib.
Stenddə işğaldan azad edilmiş rayonların mədəni irsini, iqtisadi və investisiya imkanlarını əks etdirən foto və videomateriallar sərgilənir, eləcə də ölkəmizin sənaye potensialına və rəqabətqabiliyyətli məhsullarına dair məlumatlar verilir. Ümumilikdə Azərbaycanın stendində, əsasən sənaye sahəsi olmaqla, 20-yə yaxın şirkətin məhsulları barədə məlumat verilir, Qarabağın mədəni irsini və sənətkarlıq nümunələrini əks etdirən xalçalar, kəlağayılar və s. nümayiş olunur.
Stendin ziyarətçiləri, iş adamları, investorlar işğaldan azad edilmiş ərazilərimizin zəngin təbii sərvətləri, turizm potensialı və mədəni irsi barədə məlumatlandırılır, Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək geniş quruculuq və bərpa işlərində, biznesin qurulmasında Türkiyə və digər ölkələrdən olan investorların da iştirak edə biləcəyi diqqətə çatdırılır.
“Qarabağ Azərbaycandır!” stendi sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanır. Stendi Türkiyənin dövlət rəsmiləri də ziyarət ediblər.
Türkiyənin Müstəqil Sənayeçi
və İş Adamları Birliyinin (MÜSİAD) təşkilatçılığı
ilə keçirilən beynəlxalq sərgidə 80-dən çox ölkədən olan
şirkətlərin məhsulları nümayiş
olunur. “MUSİAD Expo
2020” noyabrın 21-dək davam edəcək.
Mədəniyyət.- 2020.- 20
noyabr.- S.8.