Yazıçı ömrünün
son payızı
“Şöhrət” ordenli yazıçı-publisist, Əməkdar jurnalist Əli İldırımoğlu 93 yaşında əbədiyyətə qovuşub.
Müxbirlik fəaliyyətinə gənc yaşlarından başlayan Əli İldırımoğlu böyük həyat yolu keçib, Azərbaycan jurnalistikasında və ədəbiyyatında iz qoyub. Qubadlı rayonunun Əliquluuşağı kəndində dünyaya göz açan Əli İldırımoğlu (Məmişov) yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət “Yazım-yazmayım”, “Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər” kitablarının, “Həmin adam”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, “Zorən jurnalist”, habelə “Aqibət”, “Qarlı gecələr”, “Daş yağan gün” romanlarının müəllifidir.
Qırx il mətbuatda çalışdıqdan sonra 80-ci illərdən etibarən bədii əsərlər yazmağa başlayan Əli İldırımoğlunun hər cür pafosdan uzaq, sadə dili ilə seçilən əsərləri zəngin həyat təcrübəsinin, çoxillik jurnalist müşahidələrinin məhsuludur. “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) çalışdığı illərdə gördüyü, şahidi olduğu hadisələri sonradan bədii əsərlərə çevirib. Həmin hekayə və romanların əsas qəhrəmanları Qarabağın və doğulduğu yurdun adamlarıdır.
Təəssüf ki, çox sevdiyi və bədii əsərlərində böyük məhəbbətlə vəsf etdiyi Qubadlı torpağına qovuşmaq, illərdən bəri həsrətini çəkdiyi doğma ocağın havasını udmaq ona nəsib olmadı. Amma bu dünyadan nisgilli getmədi. Bu gün onun ruhu həm də ona görə şaddır ki, uzun illərdən sonra doğma Qubadlının işğaldan azad edilməsi xəbərini eşitdi.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2020.- 20
noyabr.- S.6.