Ruhun şaddır, dahi Bülbül
Şuşamızda qələbə bayrağı ucalır
Mən dahi Bülbül haqqında əvvəl də yazmışdım. O vaxt yazmışdım ki, onda gözəl Qarabağ - dahi sənətkarın doğma yurdu gözəl Şuşa məkrli düşmən tərəfindən yenicə işğal olunmuşdu. Bu işğal faciəsindən göylər tutulmuşdu, günəş qaralmışdı, təbiət qara geyinmişdi.
Güllələnmiş yaralı heykəllər bizə dərd olmuşdu. Yer-yurd matəmə bürünmüşdü. Azərbaycanımızın mədəniyyət beşiyi Şuşamız yağı əlinə düşmüşdü. Doğma yurdları əldən getmiş Bülbülün və onun kimi neçə böyük şəxsiyyətlərin ruhları yasa batmışdı. Qələm-kağız qan ağlayırdı. Yazımın sətirlərindən qəm, qüssə, kədər yağırdı. İşğal olunmuş digər torpaqlarımız kimi Şuşamızın da itkisi hamımızı göynədirdi, yandırıb-yaxırdı. Axı, Qarabağ Azərbaycanın, Şuşa isə Qarabağın canıdır.
Ətraflı
O qanlı-qadalı vaxtlarda şairə Nazimə Odlarqızı yazırdı:
"Yaralı heykəllər" Vətənə döndü,
Üşütdü, titrətdi bu xəbər məni.
Heykəllər qarşımda gülləyə döndü,
Sancılıb köksümə hey əyər məni...
Bu kədərli misraları yazan şairə Şuşanı dardan qurtara bilən igid, qeyrətli ərənlər sorağındaydı:
Şuşam! Xəyanətə qurban gedənim!
Qeyrəti çatacaq bir ərən gərək.
Gözümü yollara şəhid edənim,
Özünü-özünə qaytaran gərək!
O vaxt Şuşası getmiş Bülbülün dərdinə, kədərinə şərik olmaq, onun qəmli ruhunu ovundurmaq üçün yazmışdım o yazını. İndi isə bu yazını dahi sənətkarın sevincinə, fərəhinə şərik olmaq, onun ruhunu şadlandırmaq üçün yazıram. Ona xoş müjdə verib, demək istəyirəm ki, sənin işğal altında qalan yurdun igid ərənlərin hünəri ilə azad edilib. Respublikamızın Prezidenti, Ali Baş Komandanımızın və onun rəhbərlik etdiyi şanlı ordumuzun, igid əsgərlərimizin misilsiz hünəri və qəhrəmanlığı sayəsində indi Şuşada möhtəşəm Qələbə bayrağımz dalğalanır. Ucalan o bayraqların hər biri kişilik və qeyrət rəmzidir. Şuşaya yeni həyat, yeni nəfəs gəlir. Artıq güllələnmiş o heykəllərin yarası sağalır. Düşmən caynağından azad edilmiş digər şəhər və rayonlarımız kimi Şuşanın da işğal tarixinin üstündən qara xətt çəkildi.
Bəli, mən bu gün tamam başqa bir ovqatdayam. Ali Baş Komandanımızın Şuşanın işğaldan azad olunduğu barədə xalqa verdiyi şad müjdənin hələ də davam edən hədsiz sevincinin xoş təsiri altındayam. Adları Azərbaycanın qələbə tarixinə qızıl hərflərlə düşən Prezident İlham Əliyevin, yenilməz ordumuzun xalqımıza bəxş etdikləri Şuşa sevinci ilə dahi nəğməkar - böyük Bülbül haqqında yenidən yazıram.
Özünün dediyinə görə, Bülbül aydınlıq bir gecədə dünyaya gəlmişdi. Buna görə adını "Aydınlıq" qoymaq istəyiblər. Amma nədənsə fikirlərini dəyişib "Murtuza" qoyublar. Elə ki, balaca Murtuzanın istedadı üzə çıxdı, elə ki, səsini eşitdilər, elə o vaxtdan da səsinə, oxumalarına valeh oldular. Dedilər, bu, bülbül kimi cəh-cəh vurur. Səsinin gözəlliyinə tam bələd olandan sonra gördülər ki, o yan-bu yanı yoxdu, bu, elə bülbüldü ki, bülbüldü... Murtuza adı elə kağızda qaldı. O vaxtdan adına Bülbül dedilər. O, xalqın ona verdiyi bu gözəl adla yaşayıb-yaratdı, şöhrətləndi, sənətin zirvəsinə yüksəldi və nəhayətdə tarixə döndü və əbədiyyətə qovuşdu.
Bəzən deyirlər, filan mahnı filan müğənninin "vizit kartıdır". Bülbül isə əvvəldən-axıra, ömrü boyu nə oxuyubsa, hamısı və hər biri möhtəşəm əsərdir. Bülbülün səsi... Bu səs yağ-bal idi, bulaq suyu kimi saf, təmiz idi. Bu səs layla çalırdı, qəlb oxşayıb, könül sevindirirdi. Bu səs ağladırdı, güldürürdü, düşündürürdü, sevib-sevilməyə, qurub-yaratmağa, mübarizəyə, intiqama çağırırdı. Bu səs mərhəmətə, həyatsevərliyə çağırırdı... Bəli, bu səsin hüsnü başqa idi. Bu dediklərim gəlişigözəl sözlər kimi başa düşülməsin. Bülbülün səsi doğrudan da, dahiyanə bir səs idi. Təkcə səs deyildi, onun səsi işlətmək bacarığı, səsə xüsusi məlahət vermək məharəti tamam başqa bir aləm idi. Ürəyim o qədər doludur ki, Bülbül səsinin gözəlliyini, əzəmətini, şirinliyini daha dərindən çatdırmaq üçün əlavə söz tapa bilmirəm. Bir onu bilirəm ki, dünyaya gözə açıb, ağlım kəsəndən ən çox sevdiyim səs Bülbülün səsi olub. O səs Allah vergisi idi, o səs qüdrətdən yaranmışdı.
...Gözəl Qarabağda keçən cavanlığını yada salıb "Xatirat" dəftərini vərəqləyən Bülbül necə gözəl, necə təsirli oxuyurdu:
Xatirat dəftərim durur qarşımda,
Dolanır dəli bir sevda başımda.
Gözəl Qarabağda cavan yaşımda
Bir gözəl seçdiyim yadıma düşdü.
...O vaxtlar doğulub-böyüdüyüm Kürdəmirin Muradxanlı kəndindən Bakıya ən çox gedib-gələn rəhmətlik Mirzəmməd kişi olardı. Hər dəfə də təzə bir xəbərlə qayıdardı: yəni Bakıda getdiyi konsertlərdən, teatrlardan, baxdığı yeni tamaşalardan, xüsusilə də "Vaqif"dən, "Koroğlu"dan, Bülbülün Qıratın belində Koroğlu kimi nərə çəkməsindən, Məcnunun Leylinin məzarı üstünə gəlib oxuyarkən tamaşaçıların ağlamasından həyəcanla danışardı və adətən axşam çağlarında qoyun-quzu qabağına çıxan, mal-qaranın örüşdən qayıtmasını gözləyən adamlar Mirzəmməd kişinin başına yığışıb, onun söhbətlərinə həvəslə qulaq asar, maraqdan yaranan bir istəklə onu sorğu-suala tutardılar.
O vaxtlar biz də bir neçə uşaq böyüklərin toplaşdığı həmin yerə gələr və bir tərəfdə dayanıb onların söhbətlərinə diqqət kəsilərdik. Mən "Koroğlu" və "Bülbül" sözlərini həmin söhbətlərdən eşitmişdim. Çünki o vaxtlar kəndimizdə tək-tük adamın radiosu var idi. Sonralar kəndimizə radio çəkildi. Bundan sonra mən adını yaşlı adamlardan eşitdiyim Bülbülün bənzərsiz səsini də eşitməyə, Bülbülün iştirak etdiyi "Koroğlu" operasından parçaları radio dalğalarından dinləməyə başladım. Elə o vaxtlardan Bülbülün gözəl, məlahətli səsi, xüsusi bir avazla oxuduğu mahnılar canıma-qanıma, duyğularıma hopdu. Mən sözün əsl mənasında o gözəl səsin, bir-birindən gözəl mahnıların sədaları altında böyüyüb yaşa doldum. Odur ki, sənətdən söz düşəndə Bülbülün adını həmişə eyni hiss, eyni istək və məhəbbətlə çəkirəm.
...Evimizdə patefon vardı. Yadımdadı, patefonda oxutmaq üçün atam ilk dəfə Bülbülün vallarını almışdı. Yəni evimizdə gördüyüm ilk val Bülbülün valı olub. "Çoban Qara", "Neftçi Qurban", "Ölkəm", "Sürəyya", "Olmazsa olmaz", "Gülərəm gülsən", "Sənsiz", "Sevgili canan" mahnılarını, romanslarını patefonda dönə-dönə oxudardıq.
Zaman keçdi. Bülbülün sənətini daha dərindən duymağa başladım. İnsanın varlığına, qəlbinə hakim kəsilən, ən incə, ən zərif duyğuları dilə gətirən o mahnıları indi də kövrələ-kövrələ dinləyirəm. Bülbülün böyüklüyünü, Bülbül sənətinin əzəmətini, onun qəlbimə, varlığıma necə hakim kəsildiyini ifadə etmək mənim üçün çətindir, çox çətin!
O vaxtkı ağlıma və düşüncələrimə görə, 1961-ci ildən yadımda iki hadisə qalıb. Şübhəsiz ki, həmin ildə çox əhvalatlar olub. Mən isə, dediyim kimi, mənim üçün daha maraqlı olan iki əsas hadisəni xatırlayıram: Qaqarinin "göyə uçmasını" və çox sevdiyim, musiqi aləmində ideal saydığım, sənətkar kimi hamıdan uca tutduğum Bülbülün vəfat etməsini...
...Yeddinci sinifdə oxuyurdum. Zəng vuruldu. Birinci dərsimiz cəbr idi. Rza müəllim sinfə daxil oldu. O, bu gün başqa cür görünürdü. Ötəri salam verib əlindəki sinif jurnalını stolun üstünə qoydu. Əvvəlki günlərdən fərqli olaraq hazır-qayıb aparmadı. Dərsi kimin bilib-bilmədiyini də soruşmadı. İlk sözü bu oldu: "Bilmirəm, eşitmisiniz, ya yox, Bülbül rəhmətə gedib..."
Səsi titrəyirdi. Az qalırdı ağlasın.
Dərs dediyi cəbr kitabı kimi sərt olan Rza müəllimdən indiyədək dərsdən, deyərdim ki, danlaqdan savayı heç nə eşitməmişdik. Odur ki, ürəyinin bu qədər yumşalmasına da təəccüb edirdik. Yerişindən, duruşundan, üz-gözündən zəhm yağan, həmişə zəng vurulan kimi sinifdə müntəzir olan, hər dəqiqənin qədrini bilən, sinfə ayaq qoyar-qoymaz, elə qapının ağzındaca dərsi soruşmağa başlayan Rza müəllim həmin gün əməlli-başlı kövrəlmişdi, tanınmaz olmuşdu. İlk dəfə idi ki, dərs vaxtı kənar mövzudan danışırdı.
Otaqda var-gəl edə-edə o, bu kədərli xəbəri bir də təkrar elədi və sözünə bir anlıq ara verib: Gözəl oxuyurdu, - deyib, dərindən köks ötürdü, - çox gözəl səsi vardı. Doğrudan da, əsl bülbül idi, - dedi.
Həmin gün yas içərisində keçən cəbr dərsi Bülbüllə başlayıb, Bülbüllə də qurtardı. Biz Bülbül haqqında Rza müəllimdən çox şey öyrəndik.
Tale elə gətirdi ki, Bakıya gəldim, universitetin jurnalistika fakültəsinə daxil oldum. Bülbül həyatda yox idi. Amma tələbəlik illərimdə, ondan sonrakı vaxtlarda ürəyimdən gələn bir istəyin təsiri ilə Bülbülün iri xatirə lövhəsi vurulmuş evinin yanından tez-tez keçirdim. Hər dəfə də ayaq saxlayıb barelyefinə dönə-dönə baxırdım. Təkcə bu xatirə lövhəsi yox, bütövlükdə Bülbülün yaşamış olduğu bu bina, bu məhəllə, Bülbülün vaxtilə yeriyib gəzdiyi bu küçə mənə çox doğma və əziz görünürdü.
Sonralar dahi Bülbülün ev muzeyinin açılması isə onun sənətini sevən milyonlardan biri kimi məni də hədsiz sevindirdi. Bülbül haqqında xatirə kitabının nəşrə hazırlanması mənə də Bülbül sənəti, Bülbül şəxsiyyəti ilə daha yaxından tanış olmaq imkanı verdi.
Bülbülün ev muzeyinə getdim. Dahi sənətkarın ömür-gün yoldaşı Adilə xanımla görüşdüm. Bülbül haqqında gözəl xatirələri məhz Adilə xanımın dilindən eşitmək mənim üçün son dərəcə maraqlı idi. Ev muzeyinə ilk qədəm qoyduğum anların sevinci, marağı və həyəcanı isə tamam başqa idi.
Budur, asta addımlarla binanın ikinci mərtəbəsinə qalxıram. Bu həzin, kövrək məqamlarda sanki mənim üçün əlçatmaz olan sehrli bir aləmə düşmüşəm. Düşünürəm: bir vaxtlar Bülbül də bax, beləcə, bu pillələrlə qalxıb-enib, qonum-qonşularla salamlaşıb, həmin bu qapını açıb evinə daxil olub. Bu evə, bu sənət ocağına Bülbülün nə qədər qonağı gəlib-gedib, nə qədər tələbəsi gəlib-gedib. Bu evdə Bülbül neçə-neçə sənət dostları ilə deyib-gülüb, duz-çörək kəsib. Ən başlıcası isə Bülbülün dünyanı heyrətə gətirən ölməz sənət əsərləri bu evdən pərvazlanıb, qol-qanad açıb...
Muzeydəki eksponatların hər biri əsl sənət tarixidir. Bülbülün sənət dünyasından, sənət uğurlarından bəhs edən çoxsaylı yazılar, foto-şəkillər təltiflər, mükafatlar, təşəkkürnamələr, eləcə də Bülbülün bir vaxtlar çay içdiyi armudu stəkandan tutmuş müxtəlif əşyalar... Bütün bunları seyr etdikcə, olub-keçənləri yada saldıqca dərin bir kədərlə köks ötürməkdən, bu fani dünyanın vəfasızlığına təəssüflə baş bulamaqdan savayı, əlindən heç nə gəlmir...
Bəli, Bülbül sənəti, Bülbül şəxsiyyəti ilə bağlı hər bir şey var bu muzeydə. Amma təkcə Bülbülün içərisindən qopub gələn o canlı səsini, o canlı nəfəsini eşidə bilmirsən. Bütün bunlar barədə düşünərkən xəyalən yenidən kəndimizə - Bülbülün adını ilk dəfə eşitdiyim, gözəl, təkrarolunmaz səsindən zövq aldığım o uşaqlıq və ilk gənclik çağlarıma qayıdıram. O çağlara ki, dahi Bülbülün yalnız səsini eşidirdim. Bu gün isə bir vaxtlar heç ağlıma belə gətirə bilməyəcəyim "əfsanəvi" bir məkana düşmüşəm - sevimli Bülbülün doğma evinə, ocağına gəlmişəm.
Şükürlər olsun ki, bu gün Şuşa azaddır. Bu azadlığın sevincini dahi nəğməkarın ölməz ruhu ilə birlikdə yaşayırıq.
Tofiq Abdullayev
525-ci qəzet.-2020.- 19 noyabr.- S.7.