Özbəkistan saytları Qarabağda
dağıdılan abidələr haqqında
Özbəkistanın “fikr.uz” portalında Azərbaycanın bu günlərdə işğaldan azad edilmiş ərazilərində ermənilər tərəfindən tarix və mədəniyyət abidələrinin dağıdılması barədə məqalə dərc olunub.
Məqalədə işğal dövründə dağıdılmış 700-dən çox tarix və mədəniyyət abidəsinin 11-nin dünya əhəmiyyətli abidələr sırasında olduğu qeyd edilir. Bu barədə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtəgin Salamzadənin fikirləri də diqqətə çatdırılır. O bildirib ki, işğaldan azad edilmiş ərazilərdəki tarix və mədəniyyət abidələrinin dağılma səviyyəsi memarlar və sənətşünaslar tərəfindən öyrənildikdən sonra hesabat hazırlanmalı və buna uyğun olaraq bərpa işləri həyata keçirilməlidir.
Özbəkistanın “islamonline.uz”, “qalampir.uz” və “darakchi.uz” portalları da 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş ərazilərdə Azərbaycanın tarixi-mədəni irsinin talan edilməsi ilə bağlı yazılar dərc edib. Yazılarda qeyd edilir ki, işğal illərində Qarabağda olan 67 məsciddən 63-ü dağıdılıb, qalan bir neçə ibadət evində isə ermənilər heyvan saxlayıblar.
“islamonline.uz” portalında bildirilir ki, Şuşada 215, Ağdamda 140, Cəbrayıl və Xocavənddə 93, Kəlbəcərdə 91, Laçında 74, Zəngilanda 56, Xocalıda 28 tarix və mədəniyyət abidəsi olub.
“qalampir.uz” portalında Ağdamın noyabrın 20-də işğaldan azad edildiyi qeyd edilərək vurğulanır ki, şəhər yerlə yeksan edilib, bir dənə də olsun bina, ev qalmayıb, infrastruktur məhv olub.
“darakchi.uz” portalı yazır ki, işğaldan azad edilən Zəngilan rayonundakı ermənilər tərəfindən yarımdağıdılmış məscid də tövləyə çevrilib. İşğalçılar bununla da təkcə Azərbaycan xalqının deyil, bütün müsəlman dünyasını təhqir ediblər.
Mədəniyyət.- 2020.- 25
noyabr.- S.8.