“Şəhidlər ölməz, Vətən
bölünməz!”
Noyabrın 20-də Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı layihənin media nümayəndələri üçün təqdimatı keçirildi.
Layihənin rəhbərləri – Azərbaycan Rəssamlar İttifaqının (ARİ) üzvləri, rəssam və sərginin kuratorları Elnurə və Aygün İsgəndərovalar təqdimatda çıxış etdilər. Bildirdilər ki, layihə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə ərsəyə gəlib. Layihədə rəssam, ARİ-nın üzvü, Qarabağ veteranı Şəmsəddin Böyükdüzlünün əl işləri – şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş 40 portret təqdim olunur.
Tədbirdə çıxış edən YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov layihənin 20 noyabr tarixində – Ağdam rayonunun işğaldan azad olunması günündə təqdim olunmasını təqdirəlayiq hadisə kimi dəyərləndirdi.
O, şəhidlərimizin xatirəsinə həsr olunmuş layihələrin gənclərimizin Azərbaycançılıq ideologiyasında, vətənpərvərlik ruhunda yetişməsində mühüm rolu olduğunu vurğuladı və təşkilatçılara uğurlar arzuladı. Şəhidlərin ailə üzvləri xalqımızın tarixi zəfərini yaşadığımız bu günlərdə şəhidlərimizin belə layihə ilə anılmasını, portretlərinin onlara hədiyyə olunmasını nəcib təşəbbüs olduğunu bildirdilər.
LALƏ
Mədəniyyət.- 2020.- 25
noyabr.- S.5.