Ulu Bozkırın mirası”

 

Nazarbayevə həsr olunmuş kitabın təqdimatı keçirilib

 

Noyabrın 20-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Elbası Nursultan Nazarbayev Kitabxanası və Qazaxıstan Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “N.A.Nazarbayev. Ulu Bozkırın mirası” (Böyük Çölün mirası) kitabının təqdimatına həsr olunmuş onlayn beynəlxalq konfrans keçirilib.

 

Türk dilində nəşr olunan əsər Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin ölkəsinin milli-mənəvi, tarixi və mədəni dəyərlərinin inkişafı zəminindəki tarixi xidmətlərindən bəhs edir.

 

Əvvəlcə Elbası Nursultan Nazarbayev Kitabxanasının müdiri Amerhan Rahimianov təqdim olunan kitab barədə geniş məlumat verib.

 

Vebinarda TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türkiyə Prezidentinin müşaviri Yalçın Topçu, Azərbaycan Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibinin müavini Sultan Rayev və başqaları çıxış ediblər.

 

Çıxışlarda diqqətə çatdırılıb ki, türk dünyasının ağsaqqalı Elbası Nursultan Nazarbayevin şəxsiyyətinin, siyasi xadim və dövlət rəhbəri kimi zəngin təcrübəsinin öyrənilməsi çox vacibdir. Bu mənada təqdim olunan əsərin bütün türk dünyası tərəfindən maraqla qarşılanacağına əminlik ifadə olunub.

 

Mehparə SULTANOVA

Ankara

 

Mədəniyyət.- 2020.- 25 noyabr.- S.8.