Tanınmış diktor Sabir Ələsgərov vəfat edib

 

 

Xalq artisti, tanınmış diktor Sabir Ələsgərov noyabrın 20-də, 83 yaşında vəfat edib.

 

Sabir  Mәmmәd oğlu Ələsgərov 27 oktyabr 1936-cı ildə Tbilisidə anadan olub. 1961-ci ildə Azәrbaycan Pedaqoji Rus Dili vә Ədәbiyyatı İnstitutunu  bitirib. Azәrbaycan Dövlәt Teleradio Verilişlәri Komitәsindә (indiki Azәrbaycan TeleviziyaRadio Verilişlәri QSC) fәaliyyәtә başlayan S.Ələsgərov 1966–72-ci illәrdә radionun, 1972–90-cı illәrdә  televiziyanın baş diktoru, 1990–2006-cı illәrdә televiziyanın diktorlar şöbәsinin müdiri olub. “Xәbәrlәr” informasiya proqramının, “Sәadәt”, “Günün nәbzi”, “Sәfa” vә s. verilişlәrin aparıcısı olub. Dövlət tәdbirlәri vә bayram şәnliklәrindәn reportajların efirә verilmәsindә yaxından iştirak edib.

 

Azərbaycan Televiziyası və Radiosunda milli diktor məktəbinin parlaq nümayəndələrindən olan Sabir Ələsgərov bu sənətdə özünəməxsus dəst-xətti ilə tanınırdı. O, həmçinin gənc diktorların yetişməsində öz  təcrübəsini əsirgəməyib.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2020.- 25 noyabr.- S.5.