İCESCO ekspertlərini azad edilmiş ərazilərə göndərməyə hazırdır

 

 

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru  Salim bin Məhəmməd Əl-Malik arasında onlayn görüş keçirilib. Görüş zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Anar Kərimov 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlarımızın, o cümlədən Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşa şəhərinin müzəffər Ordumuz tərəfindən azad edilməsi və bunun dünya və islam mədəniyyəti üçün əhəmiyyəti barədə söz açıb. Qeyd edib ki, işğal nəticəsində  şəhər və kəndlərimiz dağıdılıb, bütün mədəni mülkiyyət talan olunub, tarixi abidələr və mədəniyyət müəssisələri vəhşicəsinə dağıdılıb, xüsusilə islam irsinə aid olan abidələr və məscidlər təhqir edilib. Nazir müavini azad edilmiş ərazilərdə mədəni mühiti canlandırmaq, abidələri, muzeyləri və müxtəlif mədəniyyət müəssisələrini bərpa etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən xüsusi fəaliyyət planının hazırlandığını bildirib.

 

Salim bin Məhəmməd Əl-Malik Azərbaycan xalqını bu tarixi qələbə münasibətilə təbrik edərək İCESCO-nun bu məsələ ilə bağlı ilk günlərdə bəyanat verərək Azərbaycana tam dəstəyini ifadə etdiyini bildiribeyni zamanda bu sahədə əməkdaşlığa dair birgə İş Planının hazırlanmasının tərəfdarı olduğunu deyib. Baş direktor İCESCO ekspertlərinin sözügedən ərazilərə araşdırma səfərinin təşkilinə də hazır olduğunu ifadə edib.

 

A.Kərimov Azərbaycan və İCESCO arasında uzun illərdir davam edən əməkdaşlığın önəmindən bəhs edibbu birliyinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, hazırda bəzi media orqanları və təşkilatlar tərəfindən Azərbaycana qarşı qərəzli və qarayaxma kampaniyası aparılır və buna qarşılıq olaraq İCESCO kimi beynəlxalq təşkilatın Azərbaycanın haqlı mövqeyinə daha fəal dəstək verməsi arzu olunandır. Vurğulanıb ki, Azərbaycan tərəfi, ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq, İCESCO-nun bu günə qədər həyata keçirdiyi bütün layihələrə dəstək veribbundan sonra da bu dəstəyi əsirgəməyəcək.

 

Görüşdə mədəni irsin qorunması, yaradıcı sənayelərin inkişafı, “Bakı Prosesi” təşəbbüsünün daha da inkişaf etdirilməsi, İCESCO Baş direktorunun Azərbaycana səfəri və digər məsələlər ətrafında  müzakirələr aparılıb.

 

Mədəniyyət.- 2020.- 25 noyabr.- S.3.