Azərbaycan-Türkiyə mədəni əməkdaşlığı daha da genişlənəcək

 

Mədəniyyət mərkəzlərinin fəaliyyətində Yunus Əmrə İnstitutunun təcrübəsindən istifadə ediləcək

 

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç ilə görüşüb.

 

Anar Kərimov Səlçuk Karakılıçı səmimi salamlayıb, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən tarixi Qələbədə qardaş Türkiyənin və  türk xalqının dəstəyinə görə dərin minnətdarlığını ifadə edib.

 

Görüşdə Azərbaycanla Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə töhfə olaraq respublikamızın şəhər və rayonlarında, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət mərkəzlərinin fəaliyyətinin genişləndirilməsində Yunus Əmrə İnstitutunun təcrübəsindən istifadə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin növbəti ildə qarşılıqlı mədəniyyət günlərinin təşkili, Azərbaycanın film sənayesinin daha da canlandırılması və inkişaf etdirilməsi, zəngin mədəni irsi ilə tanınan Qarabağa həsr olunan filmlərin çəkilməsi və digər layihələrin icrası ilə bağlı birgə fəaliyyət planının hazırlanması məsələləri müzakirə edilib.

 

Səlçuk Karakılıç qəbula görə Anar Kərimova təşəkkür edib, iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da daim ön planda olduğunubundan sonra da əməkdaşlığa töhfə verə biləcək layihələrin icrası ilə əlaqədar Yunus Əmrə İnstitutu tərəfindən dəstək göstəriləcəyini bildirib.

 

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Mədəniyyət.- 2020.- 25 noyabr.- S.3.