Qarabağda mədəni irsə yeni həyat verməliyik

 

 

Anar Kərimov: “Ermənistan dağıtdığı bütün tarixi abidələrə və mədəniyyət müəssisələrinə görə məsuliyyət daşımalı və təzminat ödəməlidir”

 

Azərbaycan xalqını Qələbə münasibətilə təbrik edirəm. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz uzun illərdən bəri düşmən tapdağı altında olan Azərbaycan torpağı Qarabağı işğaldan azad etdi. Bu, bizim üçün tarixi bir qələbədir. İndi xalqımız çox böyük qürur hissi keçirir. Bu prosesdə Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirdi. Çox sevindirici haldır ki, tarixi bir məqamda Azərbaycan bir yumruq olaraq birləşərək düşməni torpaqlarımızdan qovdu. İndi biz Qarabağımızı canlandırıb ona yeni həyat verməliyik.

 

Bu sözləri AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

 

Anar Kərimov qeyd edib ki, Azərbaycan Prezidentinin 30 oktyabrda imzaladığı fərmana əsasən azad olunmuş torpaqlarda xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və onların nəzdində müvafiq dövlət orqanlarının nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılıb. Mədəniyyət Nazirliyibu qərargahlarda təmsil olunur: “Bu, bir daha Prezidentimizin mədəniyyət sahəsinə böyük önəm verdiyini göstərir. Mədəniyyət Nazirliyi olaraq ön cəbhədə fəaliyyət göstərməyimizdən fərəh hissi keçiririk, bu məsələyə müqəddəs bir missiya kimi baxırıq. Bildirmək istərdim ki, beş rayon üzrə fəaliyyət göstərən komendaturalarda Mədəniyyət Nazirliyinin hər rayon üzrə təhkim olunan nümayəndələri var. Nümayəndələr artıq öz işlərinə başlayıb. Onların missiyası azad olunmuş torpaqlarda mədəniyyət müəssisələrinin, tarixi abidələrin vəziyyətinin öyrənilməsi və mühafizəsinin təmin edilməsindən ibarətdir. Aparılmış monitorinqlərin ilkin nəticələrinə əsasən bu rayonlarda 151 mədəniyyət müəssisəsi, o cümlədən 72 kitabxana, 62 mədəniyyət eviklub, 8 muzey, 9 uşaq musiqi məktəbinin olduğu dəqiqləşdirilib. Ürəkağrısı ilə deməliyəm ki, sözügedən müəssisələrin hamısı dağıdılmış vəziyyətdədir. Monitorinqlər zamanı 67 tarixi abidə aşkar edilib ki, onlarda 34-ü işğalçılar tərəfindən tamamilə dağıdılıb. Həmin abidələr arasında ölkə əhəmiyyətli abidələr də var. Bunlardan Xudafərin körpüləri, Xocavənd rayonunda olan Qırmızı Alban məbədi, Hadrutda yerləşən digər Alban məbədi, Zəngilandakı Qız qalası və Məmmədbəyli kəndində olan Səkkizguşəli türbə, Füzulinin Qarğabazar kəndindəki Karvansaray, bir sıra rayonlarımızda olan XVIII əsrə aid olan məscidlərimiz. Sadaladığım bu abidələr ya dağıdılmış və ya ev heyvanları üçün tövlələrə çevrilmişdir. Bu nəinki beynəlxalq hüquqa, həm də insani dəyərlərə, İslama zidd bir fəaliyyətdir. Biz bunların hamısını kəskin şəkildə qınayırıq. Bu vəhşiliklər UNESCO-nun 1954-cü və 1970-ci illərdə qəbul etdiyi konvensiyalara ziddir”.

 

Mədəniyyət nazirinin birinci müavini vurğulayıb ki, erməni vandalları bu ərazilərdə azərbaycanlıların minillik yaşamasına dəlalət edən izlərin silinməsi ilə məşğul olublar. “Buna mədəni terror və təmizləmə siyasəti adı vermək lazımdır. Çünki 30 il bundan qabaq ermənilər birinci etnik təmizləmə aparıb sonra isə mədəni təmizləmə ilə prosesi bitirməyə çalışıblar. Burada məqsəd, əlbəttə ki, azərbaycanlılara məxsus hər şeyin həmin ərazilərdən tamamilə silinməsi idi. Sözügedən ərazilərdə ermənilərin mənimsəmə, özününküləşdirmə, tarixi faktların saxtalaşdırılması izləri də aşkar olunub. Bu daha çox Alban məbədlərinə aid olan bir fəaliyyətdir. Dağlıq Qarabağda, Qafqaz Albaniyasına aid olan Azərbaycanın mirası sayılan çoxsaylı məbədlərimiz, kilsələrimiz ermənilər tərəfindən özününküləşdirilib. Onlar bunu həmin ərazilərə olan iddialarını gücləndirməkdən ötrü edirdilər. Təbii ki, bu belə davam edə bilməzdi. Biz beynəlxalq ekspertləri dəvət edəcəyik və saxtalaşdırılmış tarixi abidələrdə olan faktları qeydiyyatdan keçirəcəyik. Aşkar olunmuş bu cinayətləri də tərəfimizdən bütün dünyaya bəyan edəcəyik”, – deyə Anar Kərimov vurğulayıb.

 

O bildirib ki, bu vandalizm faktları aşkarlandığı andan başlayaraq, yəni müharibə gedən zamandan həm peyk, həm də mediada dərc olunmuş şəkillər vasitəsilə ermənilərin vandalizmi barədə beynəlxalq təşkilatlara, xüsusilə UNESCO-ya mütəmadi məlumatlar verilib: “İndi biz daha da gərgin şəraitdə işləyərək dediyim bu cinayət faktlarını aidiyyəti beynəlxalq qurumlara çatdırırıq. Artıq apardığımız ilkin monitorinqlərin nəticələrini UNESCO, İCESCO və BMT-nin Sivilizasiyalararası Alyansına təqdim etmişik. Eyni zamanda, sosial profillərimiz vasitəsilə də fəal olmağa çalışırıq. Sosial şəbəkələrdə müxtəlif kampaniyalara başlamışıq. Qarabağın mədəniyyətimizin beşiyi olması haqqında məlumatların insanlar arasında yayılması, onların bu haqda məlumatlılıq səviyyəsinin artırılması barədə addımlar atmışıq. Çoxlu sayda videoçarxlar hazırlanıb. Bu yaxınlarda “Xristian irsimizi tanıyaq” adlı sosial kampaniyaya start vermişik. Bu kampaniya ölkəmizdə əsrlər boyu qorunan qədim xristian abidələrinin cəmiyyətimiz tərəfindən tanıdılması məqsədi daşıyır. Eyni zamanda cəmiyyətə də bir mesaj verilir ki, Azərbaycan xristian irsinə sahib çıxır, onu qoruyur və bərpa edir. Bu, belə də davam edəcək, Qarabağda da eyni siyasəti aparacağıq. Çünki beynəlxalq mətbuatda ermənilər tərəfindən bir qarayaxma kampaniyası başlanıb. Təəssüflər olsun ki, bir sıra təşkilatlar bu kampaniyanın tərkib hissəsinə çevriliblər. Onlar iddia edirlər ki, Azərbaycan Qarabağda olan xristian abidələrini dağıdacaq, mədəni terror törədəcək. Ancaq biz bildiririk ki, bu tamamilə yalandır, əsassız iddialardır. Biz mənşəyindən asılı olmayaraq bütün abidələrimizi, o cümlədən islamxristian abidələrimizi qoruyub bərpa edəcəyimiz barədə bəyanatlar vermişik. Çünki biz islamxristian abidələri arasında fərq qoymadan bunu mədəni irsimiz hesab edirik. Bu, bizim əcdadlarımızdan qalan mirasdır və biz onları qorumalıyıq”.

 

Anar Kərimov diqqətə çatdırıb ki, ilk növbədə mədəni irsimizə dəymiş ziyanın beynəlxalq təşkilatlar və ekspertlərin köməyi ilə düzgün qiymətləndirilməsi üçün addımlar atılacaq: “Bu, eyni zamanda, beynəlxalq auditoriyaya çıxışımıza səbəb olacaq. Buna görə də azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaqbunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq. Təbii ki, Ermənistan bununla bağlı məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir. Onu da qeyd edim ki, məbləğ böyük olacaq, çünki abidələrin qiyməti yoxdur, onlar adi infrastruktur sayılmır. Ona görə də abidələrin qiymətləndirilməsi heçasan olmayacaq, müəyyən meyarlar var ki, onların üzərində olacaq”.

 

Mədəniyyət nazirinin birinci müavini Şuşa şəhərinin Azərbaycanın tarixi mədəniyyət mərkəzi kimi dirçəldilməsi istiqamətində böyük işlər görüləcəyini deyib: “Xalqımız Şuşaya uzun illər həsrətlə baxıb. Noyabrın 8-də Azərbaycan Ordusunun canı və qanı bahasına Şuşanı azad etməsi cəmiyyətimizdə böyük coşqu yaratdı. Biz Şuşaya öz ruhunu qaytarmalıyıq. Çünki Şuşa muğamın beşiyidir. Şuşa, eyni zamanda xalçaçılıq məkanıdır, Şuşa bizim qədim çövkən milli oyunudur, Şuşa bizim dahi şəxsiyyətlərimizin göz açdığı məkandır. Məhz buna görə Şuşa bizim üçün böyük bir məna kəsb edir. Təbii ki, biz oranı yenidən quracağıq”.

 

Anar Kərimov qeyd edib ki, Şuşa işğaldan azad olan kimi Mədəniyyət Nazirliyi bu şəhərin UNESCO-nun Dünya irs siyahısına daxil olunması ilə bağlı niyyətini bildirib: “Hesab edirik ki, Şuşa buna layiqdirbütün meyarlara cavab verir. Artıq ilkin mərhələni keçmişik, 2001-ci ildə Şuşa Dünya irsinin ilkin siyahısına daxil edilmişdi. Təbii ki, bu proses asan deyil. Buna baxmayaraq, biz əzmkarıq və bunu edəcəyimizə inanırıq. Şuşa, eyni zamanda ulu öndər Heydər Əliyevin bizə qoyduğu əmanətdir. Ulu öndərin təşəbbüsü ilə 1977-ci ildə Şuşa tarix-memarlıq qoruğu elan edilmişdi. Bu əmanəti biz qorumalı və gələcək nəsillərə ötürməliyik. Orada çoxlu dağıdılmış abidələrimiz var. Bildiyiniz kimi, Molla Pənah Vaqifin məqbərəsi dağıdılıb. O həmin məqbərədir ki, ulu öndərimiz 1982-ci ildə onun açılışında iştirak etmişdi. Həmçinin Xurşudbanu Natəvanın evi dağıdılıb, Bülbülün ev-muzeyi bərbad vəziyyətə salınıb. İndi bizim missiyamız bütün bu abidələri bərpa etməkdir”.

 

 

Mədəniyyət.- 2020.- 25 noyabr.- S.4.