Qarabağ – mədəniyyətimizin beşiyi

 

Layihənin növbəti təqdimatı Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinə həsr edilib

 

Noyabrın 23-ü dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, müsəlman Şərqində ilk operanın müəllifi, görkəmli musiqişünas-alim, publisist, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin anım günü idi.

 

Azərbaycan və dünya mədəniyyəti xəzinəsinə parlaq incilər bəxş edən, musiqinin müxtəlif janrlarında ölməz əsərlər yaradan, Azərbaycanın Dövlət himninin möhtəşəm melodiyasını yazan, opera sənətimizin zirvəsi sayılan “Koroğlunun uvertürası ilə vətənpərvərlik duyğularımızı coşduran böyük sənətkarın ruhu şaddır. Çünki Üzeyir bəyin doğma şəhəri, boya-başa çatdığı musiqi beşiyi, millətimizin qürur rəmzi, Qarabağımızın baş tacı olan Şuşa noyabrın 8-də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Xalqımızın 28 illik Şuşa həsrətinə son qoyulub.

 

Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Qarabağ – mədəniyyətimizin beşiyi” layihəsinin növbəti təqdimatı Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinə həsr edilib.

 

1959-cu ildə Şuşa şəhərində Üzeyir Hacıbəylinin uşaqlıq illərini keçirdiyi evdə onun ev-muzeyi yaradılmışdı. Respublika Mədəniyyət Nazirliyi, Elmlər Akademiyası Azərbaycan Tarixi Muzeyinin dəstəyi ilə fəaliyyətə başlayan muzeyin ekspozisiyasında bəstəkarın ilk yaradıcılıq illərinə aid əşyalar, not əlyazmaları, digər eksponatlar, həyat və yaradıcılığını əks etdirən fotoşəkillər nümayiş etdirilirdi. 1975-ci ildə dahi bəstəkarın Bakı şəhərində ev-muzeyi açılandan sonra da Şuşadakı muzey Üzeyir irsini yaşadan mədəniyyət ocağı kimi fəaliyyətini davam etdirib.

 

Bəstəkarın anadan olmasının ildönümləri, yubileyləri muzeydə mütəmadi olaraq dövlət səviyyəsində qeyd olunub. 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi UNESCO tərəfindən geniş qeyd olunarkən müxtəlif ölkələrdən gəlmiş qonaqlar dahi bəstəkarın Şuşadakı ev-muzeyini ziyarət etmiş, orada böyük yubiley tədbirləri keçirilmişdi.

 

1992-ci ilin mayında Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra muzey fəaliyyətini dayandırdı. İşğal öncəsi muzeyin eksponatlarının – bəstəkara məxsus əşyaların düşmən əlinə keçməsinə yol verilmədi. Bu eksponatlar hazırda Ü.Hacıbəylinin Bakıdakı ev-muzeyində saxlanılır.

 

Şuşadan gətirilmiş eksponatlar arasında Üzeyir bəyin şəxsi əşyaları, uşaqlıq papağı, kostyumu, eynəyi, paltosu, Qori Seminariyasında ifa etdiyi skripka, yazı ləvazimatı, mürəkkəbqabı, qələmdan, şəxsi albomu, şəkilləri, anası Şirinbəyim xanımın gəlinlik paltarı, bəstəkara həsr olunmuş və muzeyə yadigar verilmiş kitablar var. Muzeyin həyətindəki Üzeyir bəyin çox sevdiyi armud ağacının dibindən götürülmüş bir ovuc Şuşa torpağı da onların arasındadır.

 

Üzeyir bəyin xatirəsini yaşadan bu  eksponatların dahi bəstəkarın doğma şəhərinə, doğma evinə qayıdacağı, Şuşadakı ev-muzeyinin bərpa olunaraq fəaliyyətə başlayacağı günə isə az qalıb.

 

Mədəniyyət.- 2020.- 25 noyabr.- S.5.