Qarabağın zəfər səhnəsi
Ordumuzun Qarabağ zəfəri, qəhrəman əsgərlərimizin dünya hərb tarixində iz qoyacaq şücaəti uzun illər yaddaşlarda yaşayacaq, ədəbi əsərlərə, filmlərə, səhnə sənəti nümunələrinə mövzu olacaq. Bu gün ölkədə fəaliyyət göstərən teatrların yaradıcılıq planları ilə bağlı apardığımız sorğuda da bu nüanslar ön planda oldu.
Hazırda əsaslı təmir-bərpa işləri aparılan Akademik Opera və Balet Teatrında bu mövzuda fərqli opera, balet nümunələri hazırlanacaq. Teatrdan onu da bildirdilər ki, döyüşlərin getdiyi günlərdə teatrın ayrı-ayrı solistləri ön cəbhədə, əsgərlərin yanında olub. Xalq artisti Samir Cəfərovun Şuşada, Bülbülün Ev-Muzeyi qarşısında ifası teatr solistlərinin uzun illər ürəklərində yaratdıqları arzunun ifadəsidir.
Repertuarında Qarabağ mövzusunda iki
tamaşası (“Qarabağnamə” və “Xəcalət”) olan Akademik Milli
Dram Teatrında Vətən müharibəsində
zəfərlə bağlı yeni səhnə
əsərləri hazırlanacaq. Teatrın mətbuat katibi Cavid Zeynallı
yüksək bədii keyfiyyətli əsərlər üzərində
müzakirələrin aparıldığını bildirdi: “Akademik teatrın
səhnəsində, yaradıcılıq tələblərinə
cavab verən material
olmalıdır. Zamanı gələndə detallar
açıqlanacaq. Ümumən savaş
günlərində də məhdud imkanlar
daxilində ön və arxa
cəbhədən bəhs edən videomateriallar
hazırlanıb. Həmin videomateriallarda repertuarımızda
olan Qarabağ mövzulu tamaşalardan parçalar da yer alıb”.
Azərbaycan Dövlət Akademik
Musiqili Teatrı müharibə dövründə
üzərinə düşən
sənət missiyasını
yerinə yetirməyə
çalışıb, “Əsgərə
məktub” layihəsi, “Orduya yardım” kampaniyaları həyata keçirilib.
Karantin qaydaları
ilə əlaqədar
olaraq hələ ki, onlayn qaydada
fəaliyyətlərini davam
etdirən yaradıcı
heyət maraqlı aksiyalarını davam etdirir. Teatrın quruluşçu
baletmeysteri, Əməkdar
artist Emin Əliyevin iştirakı ilə “Qalib əsgər” balet kompozisiyası, gənc solist Hidayət Əliyevin ifasında “Baharlı yurdum” (söz: N.Xəzri, mus: M.Maqomayev) əsəri və eləcə də gənc aktyor Rahib Məmmədzadənin “Azərbaycan” (söz: N.M.Səfərli,
mus. və aranjiman: T.Məmmədli) adlı klipi sosial şəbəkələrdə
maraqla qarşılanıb.
Teatr təmsilçiləri
“Sarı gəlin” mövzusunda
klip də çəkib və nümunə yaxın günlərdə geniş
auditoriyaya təqdim ediləcək. Müharibə
və şəhidlər
mövzusunda bir əsər də teatrın səhnəsində
tamaşaçı ilə
görüşəcək. Hələlik adı açıqlanmayan əsəri rejissor Samir Qulamov tamaşaya
qoyacaq.
Repertuarında müharibə, Qarabağ mövzularını daim gündəmdə saxlayan Dövlət Gənc Tamaşaçılar Teatrında
da yeni yaradıcılıq
axtarışları aparılır. Teatrının
mətbuat katibi Pərvin Nurəliyeva bildirdi ki, Qarabağ
xalqımız üçün,
sənət üçün
əbədi və aktuallığını itirməyən
mövzudur: “Teatrımızın
repertuarında yer alan “Ünvansız qatar”, “Şəhərin qış gecələri”,
“Mənim ağ göyərçinim”, “Arzu
və Murad”, “Yarımçıq qalmış”
bu mövzularda səhnə əsərləridir.
Sentyabr ayında müharibə başlayanda və Ordumuz qələbələr
qazananda bu əsərlərin iştirakçıları
artıq qələbəyə
həsr olunmuş tamaşanın qurulması
arzularını dilə
gətirdilər. Şükürlər olsun ki, bu
tarixi gün yetişdi və biz qələbə çaldıq,
Qarabağı azad etdik. Teatrın rəhbərliyi artıq
bu tarixi qələbə haqda əsərin yazılması
üçün qələm
adamları ilə söhbətlər aparır”.
Vətən müharibəsinə həsr
olunmuş yeni səhnə əsərlərinin
yaradılması Yuğ
Dövlət Teatrının
da gələcək yaradıcılıq planlarına
daxildir. Bu barədə məlumat verən teatrın ədəbi dram
hissə müdiri Elçin Cəfərov bildirdi ki, 44 günlük savaşda qəhrəman əsgərlərimizin
göstərdikləri igidliklər
ölməz əsərlərə
mövzu ola
bilər: “Bu baxımdan
inanırıq ki, yaxın zamanlarda Azərbaycan tarixinin ən şanlı səhifələrini təşkil
edən Qarabağ savaşı haqqında hələ çox uğurlu sənət əsərləri yaradılacaq”.
Hazırda teatrının nəzdində
yaradılan mərkəzdə
fransız yazarı
Jan Pol Sartrın “Dəfn edilməmiş ölülər” əsərinin
motivləri əsasında
“Son xətt” adlı tamaşa hazırlanır. Məhdud aktyor
heyətli tamaşaya Əməkdar incəsənət
xadimi Mehriban Ələkbərzadə quruluş
verir. Müharibənin dəhşətlərindən bəhs edən əsər bu gün olduqca aktual səslənir.
Dövlət Pantomima Teatrının
da bu istiqamətdə
planları var. Teatrın
direktoru, Əməkdar
artist Elman Rəfiyev Vətən
müharibəsi və
möhtəşəm zəfərimizin
pantomima səhnəsində
öz əksini tapacağını deyir. Teatrın əməkdaşları vətənpərvərlik
mövzulu şeirlər,
poemalardan parçalar,
həmçinin “Əsgərə
məktub” layihəsində
qısametrajlı həvəskar
filmlər hazırlayıb
sosial şəbəkələrdə
yayımlayırlar.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da vətənpərvərlik ruhlu repertuar siyasətini daha mütəşəkkil davam etdirəcək. Teatrlın quruluşçu rejissoru Anar Məmmədov azyaşlılara bu duyğuların çox həssaslıqla, həm də anlayacaqları dildə çatdırılmasının vacib olduğunu bildirdi.
Teatrın nəzdindəki sağlamlıq imkanları məhdud həvəskarlardan ibarət “Oyun” teatrı da müharibə mövzusuna müraciət edib. Bədii rəhbər Səidə Haqverdiyeva müharibənin qadın üzü barədə “Köhnə çamadanlar” adlı dramatik nümunə hazırladıqlarını deyir. Film-tamaşa estetikasındakı nümunə 6 qadının müharibə yaşantılarını ön plana çıxaracaq. Hazırda ilkin məşqləri bitmək üzrə olan tamaşa lentə alınaraq televiziya kanalları və sosial mediada nümayiş olunacaq.
Bakı Uşaq və Gənclər Teatrı Qarabağ zəfəri şərəfinə “Bir kərə yüksələn bayraq”, “Mən Azərbaycana xidmət edirəm” və “Millət şərqisi” videoçarxlarını hazırlayıb. Xurşudbanu Natəvana həsr olunmuş “Əziz Şuşa” və məktəblilərin vətənpərvərlik ruhunun yüksəldilməsinə həsr olunmuş “Sən də general ola bilərsən” videoçarxları üzərində də iş gedir. Eyni zamanda həm ön, həm də arxa cəbhədə insanların yumor hissinə hesablanmış, şərti adı “Təbəssümün 44 anı” olan tamaşa hazırlanacaq.
Cari repertuarında Qarabağ mövzusunda əsərlərə daim yer verən Sumqayıt Dövlət Dram Teatrında hazırda Hafiz İmamnəzərlinin “İnsanlıq dini” adlı birpərdəli pyes üzərində iş aparılır. Eyni zamanda iki mövzu üzrə dramaturqlara müraciət edilib.
Sorğu zamanı diqqətçəkən və elə teatrları narahat edən əsas məqam isə mövzunun səhnədə yüksək bədii həllinə imkan yaradan dramaturji materiallarla bağlı idi. Düşünürəm ki, bu xüsusda rejissorlarla dramaturqların birgə işi vacibdir. 44 günün zəfər yolu ən qısa zamanda səhnədən də keçməlidir...
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2020.- 27
noyabr.- S.1;3.