İncəsənət məktəbinin onlayn elmi-ifaçılıq konfransı

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbi Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun (1922-1984) anadan olmasının 98-ci ildönümünə həsr edilmiş V elmi-ifaçılıq konfransı keçirib.

 

Konfransdan öncə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub.

 

Ənənəvi konfrans COVİD-19 pandemiyası ilə əlaqədar bu dəfə “Zoom” proqramı vasitəsilə virtual şəkildə təşkil olunub.

 

Konfransı açan məktəbin direktoru, professor, Əməkdar müəllim Adilə Yusifova iştirakçıları böyük bəstəkarın anadan olmasının 98-ci ildönümübu günlərdə Vətən müharibəsində qazandığımız Qələbə münasibətilə təbrik edib.

 

Sonra o, paytaxtın uşaq musiqi və incəsənət məktəblərinin təmsil olunduğu konfransın mahiyyəti barədə danışıb, məktəbdə yaradılmış F.Əmirov mini-muzeyi, sərgilənən eksponatlar barədə məlumat verib.

 

Konfransda məktəbin müəllimləri, həmçinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Alla Bayramova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Nəsirova məruzəçi qismində iştirak ediblər.

 

Konfransa  F.Əmirovun “Azərbaycan elləri”  mahnısının sədaları altında yekun vurulub.

 

Mədəniyyət.- 2020.- 27 noyabr.- S.4.