Laçın çağların
qayıdır, Vətən...
27-11-2020 439
Laçın, səni kim yıxdı?
Pis gözüynən kim baxdı?
Kimlər sənə od vurdu?
Tamaşana kim çıxdı?
Bu bayatını bir neçə il öncə Laçın rayonunun işğalı ilə bağlı keçirilən anım tədbirlərinin birində Səlbi adlı bir nurani dağlar gözəli, hələ də yanağında o yerlərin laləsinin allığını saxlamış nənə demiş, hönkür-hönkür ağlamışdı. O gündən sonra bir də elə anım tədbirlərinə, ildönümü, işğal təqvimi yadasalma mərasimlərinə getmədim. İstəmədim içindən yıxılan, əzilən, balacalaşan adamların üz-gözündəki ifadəni görüm, o ağrıda özümdən küsüm.
Bu günlərdə Ali Baş Komandanın xalqa müjdəsi – Laçının da azadlığa qovuşacağı ilə bağlı tarixi çıxışından sonra yadıma yenidən Səlbi nənə düşdü. Ani olaraq öz-özümə “İlahi, kaş Səlbi nənə indi sağ olsun, bu günü görsün, gözü gülsün, baxışları yenə uzağa – Laçına dikilsin. Amma bu dəfə daha xoşbəxt və əmin” dedim...
Qəhrəman, dağ vüqarlı oğul və qızların oylağı, daim düşmənə sinə yanğısı, göz dağı idi laçın yuvası Laçın. Ona görə də elə ən çox o elləri dağıdıb, o yurd-yuvaları talayıb mənfur düşmən. Kəndləri, qəsəbələri, məscidləri, körpüləri, bir sözlə, xalqın qədim zamanlardan dəyərli bilib qoruduğu hər nəsnəni silib-süpürüb, paxırlanmış ürəklərinə su kimi səpiblər. Dönməyəcəyimiz, gəlib haqq-hesab çəkməyəcəyimizin arxayınlığında talayıblar laçınlar oylağını.
Amma artıq zaman yetişib və biz yenidən ora – sıldırım qayaların arxasındakı yurd-yuvamıza qayıdırıq. Yenidən ənginliklərdə qanad çırpan qartalları izləmək, dağ şəlalələrində çağlamaq üçün...
Dağlar arxasında
Azərbaycanın cənub-qərbində Kiçik Qafqaz dağ silsiləsində yerləşən, şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı ilə əhatələnən, qərbdən isə Ermənistanla həmsərhəd olan Laçın rayonu 18 may 1992-ci ildə işğala məruz qalmışdı.
Bu qədim yurd yerimiz tarixi-mədəni irsi ilə də seçilirdi. Rayon ərazisində qədim memarlıq abidələri – alban məbədi (V əsr), türbələr (XIV, XIX əsrlər), qala (XVII əsr), məscid (1718-ci il), saray (1716-cı il), körpü (XVIII əsr) və daha neçə-neçə irs nümunəmiz var idi. Laçın ərazisində ümumilikdə 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidəsi, onlarla kurqan, qala tipli arxeoloji abidə, daşdan at, qoç fiqurları mövcud olub. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. 28 ildən çox sürən işğal zamanı rayon ərazisindəki əksər tarixi-mədəni və dini abidələr dağıdılıb.
Ağoğlan məbədi
V-VI əsrlərə aid alban monastırı olan “Ağoğlan” məbədi Ağoğlan çayının sahilində yerləşirdi. Əvvəllər qəsr olub, lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastır formasına salınıb. Köhnə divarlar üzərində yeniləri tikilsə də, abidə ilk bünövrəsini olduğu kimi saxlayıb və alban dövrü memarlığının möhtəşəm nümunələrindən birinə çevrilib.
Əvvəllər məbədin qəsr kimi tanınması rəvayətlərdə də öz əksini tapıb. Belə rəvayət edilir ki, qədim zamanlarda bu ərazidən keçən gənc bir səyyah buranın gözəl təbiətinə heyran olub və bu məkanda qəsr tikdirmək qərarına gəlib. Ətrafında yerli əhali arasında tikinti işini bacaran könüllülərdən dəstə toplayıb işə başlayıb. Xalqın sevgisini və rəğbətini qazanan gənc, çox yaraşıqlı olduğundan yerli əhali onu “Ağoğlan” adlandırıbmış.
Qəsr vaxtilə “Qaranquş
qəsri” adı ilə də bilinirmiş.
Bununla bağlı
da rəvayət var. Günlərin birində günorta
yeməyi vaxtı bir qaranquş aşpazın başına
fırlanıb, onun camaata yemək verməsinə mane olmağa
çalışırmış. Ətrafdakı insanlar quşun
bu hərəkətinə
maraqla tamaşa edir, lakin heç
nə anlamırmışlar.
Anidən qaranquş özünü
qaynar qazanın içinə atıb öldürür. Bundan qəzəblənən
aşpaz yeməyi kənara boşaldarkən
qazanda ilan ölüsü olduğunu
görür. Camaat isə
heyrətdən donub qalır.
Qəsrin sahibi xilaskar quşun ölüsünü
təntənə ilə
tikilinin yanında basdırır, qəsri də onun şərəfinə
“Qaranquş qəsri” adlandırır. Lakin zaman ötdükcə
qəsrin bu adı unudulur və məbədə çevriləndən sonra
isə xalq arasında onu tikdirənin şərəfinə
“Ağoğlan” kimi tanınır.
Məbəd kifayət qədər böyük ölçülərə
malikdir. Plan baxımından
üç nefli olan düzbucaqlı bazilikadan ibarətdir.
İbadət zalının bütün
nefləri silindrik formalı tağlarla örtülüb. Bazilika möhkəm
yerli daş olan bazaltdan inşa edilib. “Ağoğlan” məbədinin
daxili divarları yonulmuş iri, qara daşlarla üzlənib. Vaxtilə divarlarda
tematik çoxrəngli
rəsmlər çəkilmişdi.
Onların çox hissəsi
zamanla silinsə də, şimal divarında qismən freska rəsmli fraqmentlər qalmışdı.
1992-ci ildə ermənilər ərazini işğal etdikdən sonra “Ağoğlan” məbədini
özününküləşdirmək məqsədilə təmir
etmək adı altında abidənin divarları üzərində
bir neçə daş yazıları, həmçinin xeyli sayda alban dövrünə
aid ornament və rəmzləri
tamamilə silib, formalarını dəyişdirib,
məbədin guya xristianlığın qriqoryan
məzhəbinə məxsusluğunu
göstərən yazı
lövhələrini müxtəlif
yerlərə bərkidiblər.
Kompleksin
ümumi giriş qapısının önündə
İrəvandan gətirilmiş
xaç daşlar da basdırıblar.
2007-ci ildə Ermənistan
hökumətinin tapşırığı
ilə erməni yepiskopları abidəyə
qriqoryan kilsəsi statusu verməklə işğal olunmuş ərazilərdə Azərbaycan
mədəniyyətinə və
tarixinə qarşı
soyqırımı siyasəti
yürütdüklərini bir daha əyani
şəkildə göstərdilər. İşğaldan sonra ermənilər bu məbədin adını da dəyişdirərək “Cicernavank”
qoymuşdular.
Cicimli türbələri
Laçın rayonunun Cicimli kəndi yaxınlığında
geniş məzarlıq
içərisində iki
türbə yanaşı
ucalırdı. Onlardan tarixən qədim
olan Məlik Əjdər türbəsinin
içərisi dairəvi,
bayır tərəfdən
isə səkkizbucaqlı
formada idi.
Türbənin düzbucaqlı aşırımı
olan giriş qapısı korpusun şimal üzündə yerləşirdi. Qapı gözünün üstü
sivri tağ forması verilmiş bütöv bir arxitrav daş ilə örtülmüşdü.
Onun haşiyəsi içərisində daşdan
yonulmuş atlı
fiqurun izləri müşahidə olunurdu.
Abidənin bir sıra detalları Qubadlının
Dəmirçilər kəndindəki
türbələrdə işlədilmiş
detallarla eynidir. Üstündə inşaat kitabəsi
və naxışlı
səthlər yoxdur.
Araşdırıcılar Cicimli türbəsinin
XII-XIII əsrlərdə tikildiyini
ehtimal edirlər.
Bu abidənin XIII əsrin sonlarında – Elxanilər çağında
inşa edildiyi daha inandırıcı görünür.
El arasında “Kar
günbəz” adlanan ikinci Cicimli türbəsi isə içəridən xaçvarı,
bayır tərəfdən
isə kvadratşəkilli
idi ki, bu
abidənin də XVII əsrdə inşa edildiyi ehtimal olunurdu. Onu da qeyd edək ki, hər
iki abidə erməni işğalı
zamanı dağıntılara
məruz qalıb.
Həmzə Soltan sarayı
Rayonun Hüsülü
kəndində yerləşən
sarayın 1761-ci ildə
tikildiyi ehtimal edilir. Sarayın ümumi mənzərəsindən
aydın olur ki, qəsrin hündür qülləsi
olub. Qəsrin cənub tərəfinin
küncündə giriş
qapısı var idi. İkimərtəbəli saray geniş
və böyük zala, xeyli sayda
yardımçı otaqlara
və divanxanaya malik idi. Tikilinin qapı və pəncərələri incə
işləmələrlə qoz ağacından hazırlanmış, binanın
tikintisində Şərq
memarlıq ənənələrindən
geniş istifadə edilmişdi. Ehtimala görə,
burada sultanlıq
1700-cü ildə yaranıb
və Zəngəzur vilayətinin böyük bir hissəsini idarə edib. Saray binası yerli daşlardan və gəc-əhəng qatışığından
inşa edilib.
İşğalçılar Həmzə Soltan sarayını da təmir edərək hotel
kimi istifadə edirmişlər.
Tarix-Diyarşünaslıq Muzeyi
Laçın Tarix-Diyarşünaslıq Muzeyi 1974-ci ildən 1992-ci
ilin may ayına qədər fəaliyyət
göstərib. Yüksək
bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan muzeylərdən
biri idi.
Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış plastik sənət nümunələri, süjetli oymalar, at və qoç heykəlləri və bir çox məişət əşyaları açıq havada nümayiş etdirilirdi. 1983-cü ildən 1992-ci ilə qədər muzeydə geniş şəkildə ekspozisiyalar təşkil olunurdu. Əsas fondunda 5 mindən artıq eksponat toplanmışdı. Yardımçı fondla birlikdə muzeydə ümumilikdə 10 minə yaxın əşya olub. 1989-cu ildə Laçın Tarix-Diyarşünaslıq Muzeyi Ümumittifaq muzeylərə baxış müsabiqəsində qalib seçilmişdi. 1992-ci ilin may ayında Laçın rayonu işğal olunarkən muzeyin eksponatlarını çıxarmaq mümkün olmayıb, düşmən tərəfindən yerlə yeksan edilib.
Sarı Aşığın xatirə muzeyi
1988-ci ildə Laçın rayonunun Güləbird kəndində XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi istifadəyə verilmişdi. Xatirə muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanmış və qarşısında abidəsi ucaldılmışdı. Erməni hərbi qüvvələri tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində bu muzey də 200-ə yaxın eksponatı ilə talan olunub.
Hazırladı: Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2020.- 27
noyabr.- S.4.